Şagirdlər arasında mikroorqanizmlərə həsr olunmuş əl işləri müsabiqəsi keçirilir
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutu məktəblilər arasında “Mikroorqanizmlər uşaqların gözü ilə” mövzusunda IV respublika müsabiqəsini elan edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə ümumi təhsil müəssisələrinin V–XI sinif şagirdləri arasında keçirilir. Müsabiqədə iştirak etmək üçün şagirdlər mikroorqanizmlərin (bakteriyaların, göbələklərin və s.) vizual təsvirini, onların faydalı və zərərli xüsusiyyətlərini, təbiətdəki rolunu və digər xüsusiyyətlərini əks etdirən əl işlərini (rəsm, tikiş, maket, ağac üzərində oyma, model və s.) təqdim edə bilərlər.
Əl işləri əyani və ya onlayn formada (skan edilməsi mümkün olan işlər) qəbul edilir. İşlər bu ünvana göndərilməli və ya təqdim olunmalıdır: AZ1004, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 115. Onlayn müraciətlər isə azmbi@mail.ru elektron poçt ünvanına göndərilməlidir.
Müsabiqəyə təqdim olunan əl işləri dekabrın 1-dək qəbul edilir.
Təqdim olunan əl işləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər diplom və pul mükafatı ilə təltif olunacaq, bütün iştirakçılara isə sertifikat təqdim ediləcək.
Müsabiqənin yekun tədbirinin keçiriləcəyi tarix və vaxt barədə iştirakçılara əvvəlcədən məlumat veriləcək. Yekun tədbir Molekulyar Biologiya İnstitutunun əsas binasında (AZ1073, Bakı şəhəri, İzzət Nəbiyev küçəsi, 11; Tel. (012) 538-11-64; E-mail: imbb@science.az) keçiriləcək.




