Şagirdlərin geyimi bir-birindən seçilməməli, diqqətləri yalnız təhsilə yönəlməlidir 

12 Oktyabr, 2026 - 15:45
Şagirdlərin geyimi bir-birindən seçilməməli, diqqətləri yalnız təhsilə yönəlməlidir 

“Məktəblərdə vahid geyim formasının tətbiqi sosial bərabərliyin təmin olunmasına, şagirdlər arasında fərqlərin azalmasına və diqqətin təhsilə yönəldilməsinə xidmət edir”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Gəncə Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Nurlana Həmzəyeva bildirib. O, dini və milli-mənəvi dəyərlərin qorunmasının, eləcə də təhsil mühitində bərabərliyin vacibliyini vurğulayıb:

“Dünyəvilik Azərbaycanın tarixi nailiyyəti, dövlətçilik ənənəsi və milli sərvətidir. Azərbaycan müsəlman Şərqində və türk dünyasında dünyəvi dövlətçilik ənənəsini formalaşdıran ilk ölkə kimi tarixə düşüb. Bunu 1918-ci ildə qadınlara seçki hüququ verməklə də bir daha təsdiqləyib. Xalqımız həmişə milli-mənəvi dəyərlərə böyük ehtiramla yanaşıb. Dövlət bayrağımızdakı yaşıl rəng də xalqımızın İslam sivilizasiyası ilə birbaşa tarixi-mədəni bağlılığının rəmzidir.Bu gün ölkəmizdə kilsələr və məbədlər qorunur. Bütün tolerantlıq və multikultural dəyərlərimiz mühafizə olunur”.

Nurlana Həmzəyeva  Azərbaycanın orta ümumtəhsil müəssisələrində müəlim və şagirdlər üçün geyim tələblərinə vahid yanaşmanın tətbiqini birmənalı şəkildə dəstəklədiyini deyir:

“Şagirdlərin geyimi bir-birindən seçilməməli, diqqətləri yalnız təhsilə yönəlməlidir.Dini dəyərlərdən siyasi məqsədlər üçün  istifadə və uşaqları da  buna alət etmək olmaz”.