“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2026–2027-ci tədris ilində də “Sağlam məktəbli” layihəsi çərçivəsində məktəblilərin sağlam qidalanma və qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi tədbirlərini davam etdirir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, layihə çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 311 nömrəli tam orta məktəbdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusunda maarifləndirici görüş keçirilib. 100-dən çox şagirdin iştirak etdiyi görüşdə meyvələrin böyümə və inkişafdakı rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, mövsümə uyğun seçilməsi və təhlükəsiz istehlakı barədə məlumat verilib.
Şagirdlərin sualları cavablandırılıb, onlara maarifləndirici bukletlər paylanılıb.
Layihənin məqsədi şagirdlərdə erkən yaşlardan sağlam qidalanma vərdişləri formalaşdırmaq və qida təhlükəsizliyi ilə bağlı məlumatlılığı artırmaqdır.




