Sehrli xalçada səyahət: Dinləyib-anlama bacarığının inkişafı – Müəllimin pedaqoji gündəliyindən
Əminəm ki, uşaq olarkən hər birimiz bir anlıq gözlərimizi yumub adi otağı sehrli bir aləmə çevirmişik. Xəyalımızın sərhədsiz işıqları ilə ulduzların arasından sızaraq, sehrli xalçalara minib nağılların gizli qapılarını açmışıq. Obrazların yerində olmaq, onların davranışını dəyişmək və ya təkrarlamaq istəmişik. Bəzən bir nağılın səsi, bəzən bir obrazın davranışı bizi olduğumuz yerdən uzaqlara aparır, başqa aləmlərə qonaq edirdi. Biz böyüsək də, uşaq təxəyyülündə o xalça kimi bizi daşıdığı aləmlər heç vaxt unudulmur.
Dinlədiyimiz nağıllarla səyahət etdiyimiz o aləmlər bizə bir həqiqəti göstərdi: dinləmək, sadəcə eşitmək deyil, hiss etməkdir.
Erkən yaşlardan başlayaraq uşaqlarda dinləyib-anlama bacarığının formalaşdırılması onların nitqinin inkişaf etməsində, təxəyyülünün, təsəvvür dünyasının genişlənməsində, mətn qavrayışının formalaşmasında böyük rol oynayır. Bu faktı əsas götürərək, şagirdlərdə bu bacarığı formalaşdırmaq məqsədi ilə fəaliyyətə rəng qatmaq, onların əylənərək öyrənməsini təmin etmək üçün biz də tez-tez “Sehrli xalça”mızla nağıllar aləminə səyahət edirik. Bu vərdiş bizdə artıq bir ənənəyə çevrilib.
Uşaqlar xalçanın üzərində toplaşdıqdan sonra sehrli səfərə başlayırıq. Əvvəlcə onlara xalçanın gizli sirri haqqında məlumat verirəm. “Bu xalça yalnız diqqətlə dinləyənləri nağıllar aləminə aparır”. Bu cümlə şagirdlərin marağını daha da artırır və dərs boyu diqqət mərkəzinin qorunmasına kömək edir. Nağıl obrazların dili ilə, pauzalarla səsləndirirəm. Bu isə şagirdlərdə həmin səhnələri təsəvvürdə canlandırmağa imkan yaradır. Oxu zamanı müəyyən məqamlarda qısa dayanmalar edərək, onlara düşündürücü suallar ünvanlayıram. Mətn bitdikdən sonra da suallar davam edir. Şagirdlərə ardıcıllıq, səbəb-nəticə və obrazların davranışları ilə bağlı suallar ünvanlayıram. Xüsusən də danışmağa çətinlik çəkən şagirdlərin xalça üzərində daha sərbəst cavab verdiyini müşahidə etmişəm.
Fəaliyyətin son mərhələsində isə yaradıcı refleksiya təşkil edirik. Hər bir şagirddən nağılın ən sevdiyi hissəsini təsvir etməsi, növbəti “xalça səyahətində” hara getmək istədiyini deməsi, nağılın hansı hissəsini dəyişmək istədiklərini və səbəbini izah etmələrini istəyirəm. Bu həm uşaq təxəyyülünü gücləndirir, həm də dinlənilən mətnin uşağın daxili dünyası ilə birləşməsinə şərait yaradır. Bəzən də kiçik qutuya nağılla bağlı bir neçə simvolik əşya qoyuram. Hər şagird seçdiyi əşyanın nağıldan hansı məqamı xatırlatdığını ifadə edir. “Mən qəhrəmanın yerinə olsaydım...” cümləsi ilə qurulan refleksiya isə şagirdlərdə empatiya, daxili nitq və səbəb-nəticə əlaqələrini möhkəmləndirir.
Beləliklə, dinləyib-anlama dərslərində bu səyahətin təşkil edilməsi şagirdlərdə həm dinləmə, həm hissetmə, həm də düşünmə ilə bir körpü qurur. Dinləmə bacarığı təkcə məlumatı deyil, düşüncə və duyğunu da formalaşdırır.

Azayeva Vahidə
137 N-li məktəb/ ibtidai sinif müəllimi
Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.




