Şerlok Holms, Dostoyevski, yoxsa Cəlil Məmmədquluzadə? – Məktəblilər nə oxuyurlar?
Bəzən bir kitab səni tanımadığın dünyalara aparır, bəzən bir obrazın yaşadıqları düşüncəndə yeni suallar yaradır.
Kitabxanalar bütün bu dünyaların qapısını açan, səssizliyi, marağı və kəşf etmək hissini bir araya gətirən məkanlardır. Kitabxana uşaqların öz maraqlarını kəşf etdiyi, sevdikləri qəhrəmanlarla tanış olduğu, bəzən də səs-küylü məktəb günündən uzaqlaşıb kitabların arasında öz aləmləri ilə baş-başa qala bildiyi xüsusi bir məkandır.
Bu dəfə yolumuzu 1 nömrəli tam orta məktəbin kitabxanasından saldıq. İçəri daxil olduqda ilk diqqətimizi çəkən müxtəlif janrlarda və dillərdə nəşr olunan kitabların rəflərdə səliqə ilə düzülməsi oldu. Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri ilə yanaşı, rus və dünya ədəbiyyatından nümunələr də burada öz yerini alıb. Bir rəfdə uşaqların sevimli nağılları, digərində macəra və fantastik əsərlər, başqa birində isə klassik ədəbiyyat nümunələri sıralanıb. Kitabların arasında dolaşdıqca hər yaş qrupundan olan şagirdin öz marağına uyğun bir əsər tapa biləcəyini görmək mümkündür.
Bu məkanın özünəməxsus bir ab-havası var. Burada kitab seçən, vərəqləri maraqla çevirən, oxuduğu əsər haqqında düşünən şagirdlərə rast gəlmək mümkündür. Kimisi macəra dolu hekayələrin, kimisi fantastik dünyanın, kimisi isə klassik ədəbiyyatın axtarışındadır. Əslində, kitabxananı maraqlı edən də məhz budur: hər kəsin öz dünyasına uyğun bir kitab tapa bilməsi.
Kitabxananın bugünkü mühiti və fəaliyyəti isə illərdir burada çalışan kitabxana müdiri Zemfira Hüseynovanın zəhmətinin nəticəsidir. O, şagirdlərin mütaliəyə marağının artırılması, onların yaş və maraq dairələrinə uyğun kitablarla təmin olunması istiqamətində davamlı iş apardıqlarını deyir. Kitabxananın daimi oxucularının olduğunu vurğulayan Z.Hüseynova uşaqların kitab seçimində yaş xüsusiyyətlərinin və şəxsi maraqlarının mühüm rol oynadığını bildirdi:
“Kitabxanamızın daimi oxucuları çoxdur. Uşaqlar daha çox hekayə və fantastik əsərlərə daha çox meyillidirlər. Kiçikyaşlı oxucularımız isə daha çox şəkilli kitablara maraq göstərirlər. Ən çox maraq göstərdikləri kitablar arasında Bəhram Bağırzadənin “Şuşa” kitabını misal göstərə bilərik. Hətta uşaqlarımız bu kitab barədə təqdimat da hazırlamışdılar. Son dövrdə uşaqlarımızın işğaldan azad edilmiş şəhərlərimizə dair kitablara da marağı artıb. Onlar həmin şəhərlər haqqında oxumağı, öyrənməyi sevirlər”.
Kitabxananın rəfləri arasında gəzdikcə şagirdlər üçün yaradılan mütaliə imkanın nə qədər geniş olduğunu görürük. Burada dərsliklə yanaşı, adları məktəb proqramına daxil edilən müəlliflərin əsərlərinin də yer alması şagirdlərin seçim imkanlarını artırır.
Müşahidələrimizdən görürük ki, kiçikyaşlılar şəkilli kitablara və nağıllara daha çox maraq göstərdiyi halda, yuxarı siniflərin şagirdləri mürəkkəb süjetli əsərlər, detektiv romanlar və dünya klassiklərinin əsərlərini axtarırlar.
Kitabxana müdiri Zemfira Hüseynova deyir ki, uşaqlar Şerlok Holmsun kitablarını oxumağı daha çox sevirlər:
“Çingiz Abdullayevin kitabları da yuxarı sinif şagirdlərimiz arasında sevilənlər arasındadır. Həmçinin Maqsud və Rüstəm İbrahimbəyovların kitablarını maraqla oxuyurlar. Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinə çox maraq göstərirlər. Həmin yazıçıların əsərləri tədris planında da olduğu üçün şagirdlərin marağı daha çox olur. Orta siniflər isə Zahid Xəlilin “Şəkərabad” və digər əsərlərinə maraq göstərirlər. Xarici ədəbiyyatdan isə əsasən Mark Tvenin, Jül Vernin, Çingiz Aytmatovun əsərlərini maraqla oxuyurlar.
Əsərin həcminə və janrına görə uşaqlara verilmə müddəti də dəyişir. Məsələn, əsər hekayədirsə, 20 gün müddətinə verilir. Roman olduqda isə geri qaytarılma üçün bir ay vaxt veririk”.
Kitabxanada diqqətimizi çəkən məqamlardan biri də şagirdlərin kitab seçimini asanlaşdıran “Açıq rəf” layihəsi oldu. Bu təşəbbüs uşaqlara əvvəlcədən müəyyən edilmiş siyahı üzrə kitab axtarmaq əvəzinə, qarşılarına çıxan nəşrlərlə tanış olmaq və maraqlarına uyğun seçim etmək imkanı yaradır. Bəzən bir kitabın üz qabığı, bəzən adı, bəzən də ilk səhifələrindəki maraqlı bir cümlə uşağın diqqətini çəkir. Beləliklə, kitab seçimi də mütaliənin özünə çevrilir.
Kitabxananın digər maraqlı guşəsi isə “Uzunömürlü kitablar” adlanır. Burada 50, 60, hətta 90 yaşı olan nəşrlər qorunub saxlanılır. Zaman keçsə də, səhifələri vərəqlənməkdən köhnəlsə də, bu kitablar öz maraqlarını itirməyib. Üstəlik, onların bir hissəsi valideynlər tərəfindən kitabxanaya bağışlanıb. Belə kitablar bir növ nəsillər arasında mütaliə körpüsü yaradır: illər əvvəl valideynlərin oxuduğu nəşrlər bu gün onların övladlarının da diqqətini çəkir.
Z.Hüseynova kitabxanada fəal oxucuların olmasına baxmayaraq, əvvəlki illərlə müqayisədə mütaliəyə marağın azaldığını da müşahidə etdiklərini gizlətmədi. Onun fikrincə, uşaqlarda kitab oxumaq vərdişinin formalaşması üçün yalnız kitabxananın mövcudluğu kifayət deyil. Bu istiqamətdə məktəbin, müəllimlərin və valideynlərin birgə səyi vacibdir:
“Bunu artırmaq da bizdən asılıdır. Biz maraqlı tədbirlər keçirərək onlarda mütaliəyə marağı artırmalıyıq. Valideynlərimiz bizə bu işdə kömək edirlər. Məktəbimizdəki tədbirlərlə yanaşı, mütəmadi olaraq yazıçıların ev muzeylərinə də səfərlər edirik”.
Kitabxanada söhbət etdiyimiz şagirdlər isə mütaliənin onlar üçün sadəcə məktəb tapşırığı olmadığını göstərdilər. Hər birinin sevdiyi janr, müəllif və obraz fərqli olsa da, onları birləşdirən ortaq cəhət kitabların yaratdığı maraqdır. Məktəbin gənc oxucularından biri, 4-cü sinif şagirdi Mehdi Həsənzadə ay ərzində bir neçə kitab oxuduğunu bildirdi:
“Buraya gəlib bizə maraqlı olan kitabları götürüb oxuya bilirik. Ən son oxuduğum kitab səbirli olmağı öyrənməklə bağlı idi. Mən bu kitabı oxuduqdan sonra daha səbirli olmağı, doğru zamanı gözləməyi öyrəndim. Düşünürəm ki, kitab oxumaq bizə çox şey öyrədir”.
Digər 4-cü sinif şagirdi Hilal Zülfəliyev də məktəbin fəal oxucularındandır. Onun kitab seçimində macəra və maraqlı hadisələr xüsusi yer tutur. Hilalın sevimli əsərləri arasında dünya ədəbiyyatının tanınmış nümunələrindən olan “Üç muşketyor” da var. O, kitabda baş verən hadisələrin və qəhrəmanların yaşadığı macəraların diqqətini çəkdiyini söylədi:
“Oxuduğum kitablar daha çox maraqlı hekayələrlə bağlı olur. Ən sevdiyim kitablar arasında “Üç muşketyor” da var. Kitabda dost olan üç muşketyorun və onlara qoşulan bir oğlanın başından keçən macəralardan bəhs edilir. Onların birlikdə yaşadıqları hadisələri oxumaq mənə çox maraqlı gəlir”.
Kiçikyaşlı
oxucuların marağı nağıl və macəra kitabları ilə məhdudlaşmır. Bəzi şagirdlər artıq dünya ədəbiyyatının klassik nümunələrinə də müraciət edirlər. 8A sinif şagirdi Nərgiz Arazlı məktəb kitabxanasının daimi qonaqlarından olduğunu və daha çox tanınmış yazıçıların əsərlərini oxumağı sevdiyini bildirdi:
“Ən son Fyodor Dostoyevskinin “Cinayət və cəza” əsərini oxumuşam. Həmçinin Viktor Hüqo və Jül Vernin əsərləri də maraqlandıqlarım arasındadır. Bu müəlliflərin kitablarını oxumağı sevirəm. Çünki onların əsərlərində fərqli hadisələr və maraqlı obrazlarla qarşılaşırıq”.
4-cü sinif şagirdi İnci Verdiyevanın sevimli obrazı isə nağıl dünyasının tanınmış qəhrəmanlarından Rapunzeldir. Bununla belə, onun marağı yalnız nağıllarla bitmir. İnci Azərbaycan tarixi və mədəniyyəti haqqında məlumat verən kitablara da xüsusi diqqət göstərir. O, müəlliminin tapşırığı ilə sevdiyi nağıl obrazı haqqında təqdimat hazırladığını, son vaxtlar isə Şuşa haqqında oxuduğu kitabın diqqətini çəkdiyini dedi:
“Ən sevdiyim nağıl Rapunzeldir. Bu mövzu ilə bağlı müəllimimizin tapşırığı ilə təqdimat da hazırlamışdıq. Amma yerli ədəbiyyata da marağım böyükdür. Son günlərdə oxuduğum “Şuşa” kitabı isə mənə daha maraqlı gəldi. Kitabda Şuşanın xalçalarından, mətbəxindən və tarixindən danışılırdı. Bu kitabı oxuyanda şəhərimiz haqqında yeni məlumatlar öyrəndim”.
8A sinif şagirdi Dəniz Verdiyeva isə dünya klassiklərinə, xüsusilə detektiv, triller janrında yazılmış əsərlərə maraq göstərir. Onun sözlərinə görə, bu tip kitabları oxuyarkən hadisələrin sonunun necə olacağını düşünmək və süjetin gedişini izləmək xüsusi maraq yaradır:
“Detektiv və triller janrında əsərlər daha çox diqqətimi çəkir. Bu səbəbdən Fyodor Dostoyevskinin “Cinayət və cəza” əsərini xüsusilə qeyd edə bilərəm. Belə kitabları oxuyanda hadisələrin necə inkişaf edəcəyini və sonda nələrin baş verəcəyini bilmək istəyirəm. Bu da oxumağa marağımı daha da artırır”.
Kitabxanadan ayrılarkən bir daha aydın olur ki, bu məkanın əhəmiyyəti yalnız rəflərdəki kitabların sayı və ya oxucuların statistikası ilə ölçülmür. Burada hər bir şagird özünə uyğun bir dünya tapır. Biri səbirli olmağı öyrənir, digəri dostluq və cəsarət haqqında oxuyur, başqa biri tarixi keçmişimizlə tanış olur, bir başqası isə klassik əsərlərin mürəkkəb qəhrəmanları ilə düşüncələrə dalır.
Bəlkə də məktəb kitabxanasının ən böyük dəyəri elə bundadır: uşaqlara yalnız oxumağı deyil, öz maraqlarını tanımağı, düşünməyi və dünyaya fərqli pəncərələrdən baxmağı öyrədir. Kitabların arasında keçirilən hər saat isə onların yaddaşında məktəb illərinin ən xoş anlarından biri kimi qala bilər.




