Mina qoydular, silahı söküb yığdılar, yaralıları təhlükəli zonadan çıxardılar - REPORTAJ 

23 Fevral, 2026 - 16:11
Mina qoydular, silahı söküb yığdılar, yaralıları təhlükəli zonadan çıxardılar

Burada hər kəsin öz işi var. Kimi nişan alıb hazır dayanıb, kimisi silahları döyüşə hazırlıq vəziyyətinə gətirməklə məşğuldur. Minaları quraşdıran kim, yaralıları döyüş meydanından çıxarmağa çalışan kim, yaralıya ilk tibbi yardım göstərən, sarğı qoyan kim... Sinif sinif deyil, sanki “döyüş” meydanıdır. Hər biri 62 yaşlı müəllim-komandir, polkovnik-leytenant Azər Bağırlının  verdiyi tapşırıqların öhdəsindən gəlməyə çalışır. Bakıdakı 158 nömrəli tam orta məktəbin X sinif şagirdləri Çağırışaqədərki hazırlıq dərsindədirlər.

Çağırışaqədərki hazırlıq dərsinin “çağrılmamış qonaqları”
  
Əslində, cədvələ uyğun olaraq X sinif şagirdlərinin dərsi olsa da, VIII, IX, XI siniflərdən də şagirdlər var. Azər müəllim deyir ki, onların hər dərsi belədir. Məktəbin şagirdləri hər fürsətdə onun dərsində iştirak etməkdən zövq alırlar. Bu dərsdə də XI sinifdən Aysu Amini, IX sinif şagirdləri Hüseyn Məmmədzadə və Cavid Atayi iştirak edirlər.

Azər müəllimin fikrincə, dərsləri ona görə sevilir ki, dərsdən çox təlimə bənzəyir: “Tibbi hazırlıq keçirik. Proqramımızda yaralıya ilk tibbi yardım göstərilməsi, zəhərli zonadan təxliyə kimi mövzular salınıb. Bu mövzuları keçəndə əsgərdən nə tələb edilirsə, şagirdlərimizlə eyni tələbləri yerinə yetirməyə çalışırıq. Əleyhqazlarını taxırlar, xərəklərini götürüb əsgər yoldaşlarını təhlükəli zonadan, döyüş meydanından necə çıxaracaqlarını göstərirlər”.

36 ilin müəllimi

Azər Bağırlı 36 ildir müəllimdir. Fəaliyyətinin nəticəsidir ki, məktəbin adı düz 27 ildir hərbi oyunlar, yarışlar, müsabiqələrdə qaliblər sırasında çəkilir.
Azər müəllim özü də Bakı məktəblisi olub. Yasamal rayonundakı 13 nömrəli tam orta məktəbdən məzun olandan sonra Azərbaycan Pedaqoji İnstitutunda oxuyub. “Gənclərin Çağırışaqədərki hazırlığı və fiziki tərbiyə” ixtisası üzrə 1989-cu ildə institutu bitirəndən sonra təyinat alıb və o vaxtdan 158 nömrəli tam orta məktəbin müəllimidir.

26 saat dərs yükünün öhdəsindən gəlməklə kifayətlənmir, şagirdlərinin hərbi sahəyə marağını inkişaf etdirmək üçün əlavə oyunlar, yarışlar keçirir, dərsdən əlavə saatlarda da onların suallarını cavablandırmağa çalışır.

Şagirdləri arasında idmanın da təbliğatçısıdır. Özü də idmaçıdır, cüdo üzrə IV dan qarakəmər ustasıdır. Sambo üzrə dünya çempionları yetişdirib. Əməkdar məşqçidir, “bədən tərbiyəsi və idman işçisi”, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi”dir.
Azər Bağırlı, sadəcə şagirdləri arasında yox, elə cəmiyyətdə də idmanın, sağlam həyat tərzinin təbliğatı ilə məşğuldur. Onun məqalələri, sağlamlıq, təhsil, idman sahələrində düşüncələri ölkə mətbuatında mütəmadi çap olunub. Bu dəfə isə onun dərsi “Azərbaycan müəllimi”nin mövzusudur. 

Qarabağ müharibəsi veteranı

Ehtiyatda olan zabit kimi 1993-1994-cü illərdə  Qarabağ müharibəsinin iştirakçısı olub. Yasamal taborunun komandiri olan Mirələkbər İbrahimovla I Qarabağ müharibəsində çiyin-çiyinə döyüşüblər: “Müharibəyə Yasamaldan 3 hərbi müəllim cəlb edilmişdik. Şəhid Mirələkbər İbrahimov 153, mən isə 158 nömrəli tam orta məktəblərdə hərbi rəhbər idik, o qəhrəmancasına şəhid olaraq məktəbə qayıda bilmədi, Şəhidlər xiyabanında dəfn olunub”.

“Axırıncı döyüşümüz Füzulinin Şükürbəyli kəndi uğrunda olub”, - deyən Azər müəllim II Qarabağ müharibəsində də iştirak etmək istəyib: “Ancaq yaşlıları axıra saxladılar, dedilər sizə ehtiyac yoxdur”.

Vətənpərvərlər yetişdirən müəllim

Azər müəllim vətənə döyüşçülər hazırlayıb: “30 il ərzində hazırladığım şagirdlər arasında qəhrəmanlıq göstərərək adını hərb tarixinə yazdıranlar var. Keçmiş şagirdlərimdən 28 nəfəri şəhid olub, eləsi var itkin düşüb. İki Milli Qəhrəman yetişdirmişəm”.
Vətənpərvər nəslin yetişdirilməsi prosesinə indi qəhrəman yetirmələrini də cəlb edir: “II Qarabağ müharibəsində qəhrəmanlıq göstərib medalla geri qayıdanlarla görüşlər keçirir, şagirdlərimizə onları nümunə göstəririk”.

Azər müəllimin yetirmələri arasında həyatını hərb sənəti ilə bağlayanlar da çoxdur: “Mübariz İbrahimov keçmiş şagirdimin əsgəri olub”.


İşlədiyi müddətdə müəllimlər də yetişdirib. 10-dan çox şagirdi onun yolunu davam etdirib, hazırda Çağırışaqədərki hazırlıq müəllimi kimi fəaliyyət göstərirlər.

Bəs indiki şagirdləri? 

Azər Bağırlı onlarla da qürur duyur: ““Şahin” hərbi-idman oyunlarında məktəbimizi təmsil edən komandanın kapitanı Ağa Məmmədov silahı ən tez söküb yığan şagirdimdir. Ağanın atası da şagirdim olub, indi polkovnik-leytenantdır. Ümumiyyətlə, avtomatın sökülüb-yığılmasında ölkə üzrə ən yaxşı nəticəni yetirmələrim göstərib”.


Şagird Ağa Məmmədov VIII sinifdən Azər müəllimin dərslərində iştirak edir: “Atam hərbçidir. Hərbçi olsam, snayperçi olmaq istəyərəm.  Tarixi sevirəm, III ixtisas qrupuna hazırlaşıram. Gələcəkdə Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasında, yaxud Polis Akademiyasında oxumaq istəyirəm”.


Fərəc Abbasov da X sinif şagirdidir: “Avtomatımız, piyada əleyhinə, tank əleyhinə minalarımız, tapançalarımız, əl qumbaralarımız var. Dərsimiz çox maraqlı keçir. Silah söküb yığır, atış edirik. Azər müəllim çox yaxşı dərs başa salır. Onun dərsində həm yaxşı öyrənirəm, həm də öyrəndiklərimi tətbiq edirəm. Hərbi hazırlıq dərsimizdən, sözün əsl mənasında, zövq alırıq”. Müəllimi də Fərəcin fəaliyyətindən zövq alır: “Onu özünə köməkçi təyin etmişəm”.

Şagirdlər hərbi hazırlıq dərsini çox sevirlər


XI sinif şagirdi Aysu Amini deyir ki, ona tibbi yardım dərsləri daha maraqlıdır. “Silahları da öyrənirəm.”.
X sinif şagirdi Rafael Qardaşov  Azərbaycan silahlarını sadalayır: “Yalquzaq”, “İstiqlal”, “Mübariz”, “İnam”, “Zəfər”, “Həzi”...


Fərhad Davudzadə də hərbi hazırlıq dərsini çox sevir: “Mənim də snayper silahlarına böyük marağım var. Snayperçi dəqiq olmalı, hədəfi dəqiq seçməlidir. Mən də dəqiqəm, riyaziyyatı sevirəm. Amma gələcəkdə həkim olmaq istəyirəm”.

Çağırışaqədərki hazırlıq dərsində düzgün yıxılmağı öyrənirlər    

Azər müəllim dərsinə həm də bir idmançı nəzəri ilə baxır. Hər şeyə hazırlıqlı olmağı öyrədir: “Elə hadisələr baş verir ki, təhlükədən yayınmaq olmur. Məsələn, yıxılmaqdan qaçmaq mümkün deyil, ona görə də onlara düzgün yıxılmağı öyrədirəm. Hər adamın ayağı sürüşə bilər, düzgün yıxılsalar, heç nə olmaz. Yıxılarkən əlləri yanlarda tam açmalı, çənə sinəyə sıxılmalıdır. Şagirdlərimə hər zaman idmanla məşğul olmağı da tövsiyə edirəm. Sağlamlıq üçün vacib şərtlərdən biri də budur. Elə yıxılanda da idmançılar xəsarətsiz ötüşə bilir. Onlarda onurğa sütunu gizləndiyindən yıxılanda onurğanın sınma halı azalır”.


Azər Bağırlı bunu öz təcrübəsində də yaşayıb: “Şagirdlərimə də danışmışam. Mən institutda oxuyanda 16-cı mərtəbədən 8-ci mərtəbəyə yıxılmışam. Bizi Rusiyanın Saransk şəhərinə göndərmişdilər. Taxıl kombinatının tikintisinə cəlb edilən tələbələrdən biri də mən idim. Onda hələ 23 yaşım vardı. Amma idmançı olduğumdan düzgün yıxılmağı bilirdim. İnsan özünü itirməsə, həyəcanlanmasa, vəziyyəti idarə edə bilər”. 

Şagirdləri üçün o, terror aktının qarşısını alan müəllimdir 

Şagirdlərini sadəcə yıxılmağa yox, hər vəziyyətə hazırlayır. Hesab edir ki, kütləvi qırğın silahlarının istifadəsi zamanı nə etməli olduqlarını, terror baş verərsə, necə davranacaqlarını bilməlidirlər: “1987-ci ildə metroda terror aktının qarşısını almışam. Uşaq corablarının içərisində metroda patlayıcını qoyub qaçmaq istəyən terrorçunu müəyyən edib “Ulduz” stansiyasında o vaxtkı milisə təhvil verdim. Hadisəni şagirdlərimə olduğu kimi danışır, terrorçunu necə müəyyən etdiyimi, necə zərərsizləşdirdiyimi danışıram”. 

Dərsdə qiymətləndirmə 

Nəhayət, sıra gəldi qiymətləndirməyə. Bu dərsin “5” alanları kimlərdir? Azər müəllim dərsdə tələbkar, qiymətləndirmədə “xəsis” müəllimdir: “Dərsə Dövlət Himni ilə başlayırıq, hər birimiz oxuyuruq. Himni bilməyənə qiymət yoxdur. Hər şagirdin dəftəri mütləq olmalıdır, yoxdursa, ümumiyyətlə, qiymət yazmıram. Dəftər şagirdin dərsdən xəbəri olduğunu göstərən faktordur”.

Daha yaxşı qiymət üçün isə dərsdə xeyli çalışmaq lazımdır: “Qiymətlərim real qiymətlərdir. Heç kəsə güzəşt etmirəm. Öz qızım şagirdim olub, ona birinci yarımildə “2” yazmışdım. Bəzi uşaqlar tələbkar müəllimləri sevməsələr də, sonradan onlar da anlayırlar ki, bu, onların xeyrinədir”.

 Məhz müəlliminin tələbkarlığı sayəsində Aysu Amini “3” qiymətindən “5” qiymətinə gəlib çıxıb. Budəfəki sarğısı da “5”-ə layiqdir: “Çalışır ki, hərbi sirlərə yiyələnsin”.



Azər müəllimdən daimi “5”i Fərəc alır. Bu dərsdə də qiymətləndirməsi yüksək oldu: “Fərəc məndən “5” alan şagirddir. 
Ən yaxşı qiymətləndirmə isə şagirdlərinin 27 ildir rayon və ölkə səviyyəsində keçirilən yarışlarda qazandıqları uğurlardır: ““Şahin” idman oyunları 1995-ci ildən bərpa olunub. 1996-cı ildən  məktəb bu oyunlara qoşulur və 1997-ci ildə ilk üçlükdə yer alıb. O vaxtdan bəri hər zaman bu yarışlarda fərqlənmişik”.


Ən maraqlı dərs

Azər Bağırlının maraqlı keçən dərsi başa çatır. Uşaqlar sinifdən heç ayrılmaq istəmirlər. Çünki Azər müəllim şagirdlərinin diqqətini çəkməyi, dərsinə maraq yaratmağı yaxşı bacarır: “İstəyirəm ki, şagirdlərimiz vətənpərvər böyüsünlər, hərbi cəhətdən hazırlıqlı olsunlar. Aşağı siniflərdən öyrənməyə başlasınlar”.

Foto: Kənan QAFAROV

Mina qoydular, silahı söküb yığdılar, yaralıları təhlükəli zonadan çıxardılar
Mina qoydular, silahı söküb yığdılar, yaralıları təhlükəli zonadan çıxardılar