Son 6 ildə NDU-nun tələbə sayı 2 dəfəyə yaxın artıb
"Son illərdə universitetə tələbə qəbulu və ümumi tələbə kontingenti əhəmiyyətli dərəcədə artıb. 2020-ci ildə təxminən 6 min olan tələbə sayı 2026-cı ildə 11 min 338 nəfərə çatıb".
“Azərbaycan müəllimi" xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bu gün işə başlayan “Karyera sərgisi”nin açılışında deyib.
O bildirib ki, bu artım əsasən əmək bazarının tələblərinə uyğun yeni ixtisasların açılması və mövcud ixtisasların optimallaşdırılması hesabına əldə olunub:
"Son 5 il ərzində universitetdə 27 yeni ixtisas açılıb. Bu ixtisaslar informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, proseslərin avtomatlaşdırılması, psixologiya, tibb və digər müasir istiqamətləri əhatə edir".
Rektor əlavə edib ki, 600–700 bal intervalında qəbul olunan tələbələrin sayı da əhəmiyyətli dərəcədə artıb:
"2020-ci ildə bu göstərici 12 nəfər olduğu halda, son illərdə 152 nəfərə yüksəlib.
Hazırda universitetdə 10 ixtisas üzrə tədris ingilis dilində aparılır. Bu ixtisaslara iqtisadiyyat, beynəlxalq münasibətlər, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, turizm və tibb sahələri daxildir.
Eyni zamanda universitetdə 2 ikili diplom proqramı həyata keçirilir və yaxın dövrdə bu proqramların sayının artırılması planlaşdırılır".
Rektor vurğulayıb ki, aparılan islahatlar Naxçıvan Dövlət Universitetinin əmək bazarına uyğun kadr hazırlığını gücləndirib və ali təhsil müəssisəsinin cəlbediciliyini artırıb.




