Sülh hər birimizin daxilindədir

23 Sentyabr, 2026 - 10:14
Sülh hər birimizin daxilindədir

Sülh hər birimizin daxilindədir.

Bəzən sülh dedikdə ağlımıza müharibələrin bitməsi, dövlətlərarası danışıqların aparılması və ya rəsmi müqavilələrin bağlanması gəlir. Sanki sülh bizdən çox uzaqda, əlimizin çatmadığı böyük qərarların verildiyi məkanlarda qurulur. 

Və bu yazını bitirərkən gəldiyim ən mühüm nəticə odur ki, sülhü yalnız dünyada, cəmiyyətdə və ya ətrafda axtarmaq kifayət deyil. Sülh ilk növbədə hər birimizin daxilində başlamalıdır. 

1. Bərabərlik hamı eynidir demək deyil

İlk baxışda sadə görünən bu anlayış əslində özündə dərin bir məna ehtiva edir. 
Bərabərlik hər kəsin eyni olması demək deyil, əksinə, fərqliliklərimizin mövcudluğunu qəbul edərək, bu fərqliliklərin heç kəsin hüquqlarına maneəyə çevrilməməsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi hamının qanun və məhkəmə qarşısında bərabər olduğunu təsbit edir və hüquq və azadlıqların müxtəlif əsaslara görə məhdudlaşdırılmasını qadağan edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda isə bu prinsip uşaqlar üçün daha konkret ifadə olunur: bütün uşaqlar bərabər hüquqlara malikdirlər və onların sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən,dilindən, təhsilindən, dinindən və digər hallardan asılı olaraq ayrı-seçkiliyə məruzqalmasına yol verilmir. 

Bunlar sadəcə riayət etməli olduğumuz hüquqi normalar deyil, hər birimiz üçün gündəlik yaşamımızda özümüzə yönəltdiyimiz suallardır.

Biz fərqli olan insanın həyatını öz həyatımız qədər dəyərli görə bilirikmi?
Biz fərqli olan insanları olduğu kimi qəbul edə bilirikmi?
Biz fərqli olan insanların fikirlərinə hörmət edib, onlar tərəfdən məsələlərə baxa bilirikmi?

Bunlar özümüzə verə biləcəyimiz sualların sadəcə kiçik bir nümunəsidir. Bu tip bəlkə də yüzlərlə özümüzə sual verib, bəzən də cavab verməkdə bizi düşündürən suallarla da qarşılaşa bilərik. 

Çünki ayrı-seçkilik çox zaman qanunlardan əvvəl düşüncədə başlayır. Bir baxışda, bir hərəkətdə, bir zarafatda, bir etiketdə, bir “onsuz da onlar belədir” cümləsində.

Sülh isə bəlkə də həmin cümləni deməmək qərarı ilə başlayır.

2. Dediyimiz sözlərin də bir nəticəsi var

Danışarkən istifadə etdiyimiz sözləri görmürük, onlara toxuna bilmirik, əlimizdə tutmuruq. Amma bu bir gerçəkdir ki, bəzi sözlər insanın ləyaqətinə, təhlükəsizlik hissinə və cəmiyyətə aidlik duyğusuna zərər verə bilər.

Avropa Şurasının yanaşmasında nifrət nitqi zorakılığı, nifrəti və ya ayrı-seçkiliyi təşviqedən, yayan və ya əsaslandıran, yaxud müəyyən xüsusiyyətlərinə görə insanı vəya qrupu alçaldan ifadələri əhatə edən geniş anlayış kimi təqdim olunur. Avropa Şurası eyni zamanda nifrət nitqinə qarşı mübarizənin ifadə azadlığı perspektivindən aparılmasının vacibliyini vurğulayır. 

Bu məqam mənim üçün xüsusilə maraqlı və vacib idi. Belə bir nəticəyə gəldim ki, ifadə azadlığı və nifrət nitqi bir-birinin əksi kimi təqdim edilməməlidir.

Hər birimizin öz fikrimizi bildirmək hüququmuz var. Hətta bizi narahat edən, razılaşmadığımız və ya sərt tənqid edən fikirlərin də ifadə olunması demokratik cəmiyyətin bir hissəsidir. Azərbaycan Konstitusiyasının 47-ci maddəsi fikir və söz azadlığını tanıyır, eyni zamanda irqi, milli, dini və sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol vermir.

İfadə azadlığı hüququndan istifadə edərək, insanlara qarşı nifrət, ayrı-seçkiliyi təşviqedən fikirləri söyləmək nifrət nitqi və ya təhqiredici nitq hesab olunur. 

Ona görə burada diqqət yetirməli olduğumuz nüans “nə demək hüququm var?” sualından daha artığıdır. 

Dediyim söz qarşımdakı insanın insan olaraq dəyərlərinə necə təsir edir?

Bu sualı vermək və onun cavablarını düşünmək isə bizi yenidən sülhə gətirir. 
Çünki sülh yalnız susmaq deyil. Sülh bir-birimizi insan olaraq görərək danışmaqdır.

3. Bir otaqda hamının olması hələ inklüzivlik deyil

İnklüzivlik haqqında danışarkən ilk ağla gələn hərkəsi bir mühitdə birləşdirməkdir. 
Amma bu anlayışın mənim üçün daha dərin bir mənası formalaşdı: inklüzivlik sadəcə bir insanın içəri daxil olmasına icazə vermək deyil, onun orada bərabər şəkildə iştirak edə bilməsini təmin etməkdir.

İnklüzivliyi təmin etmək “səni qəbul edirik” deməkdən daha böyük məsələdir. “Sənin burada tam iştirak edə bilməyin üçün nəyi dəyişməliyik?” sualını verməkdir.

Bu məsələ uşaqlar üçün xüsusilə əhəmiyyətlidir.
Çünki uşaqlıqda yaranan “mən buraya aid deyiləm” hissi gələcəkdə insanın özünə, başqalarına və cəmiyyətə münasibətinə uzun müddət təsir edə bilər. Özünü olduğu yerə aid hiss etməyən və hər daim özünü valideynlərinə, müəllimlərinə, sinif yoldaşlarına qəbul etdirməyə çalışan bir uşaq, gələcəkdə özü kimi deyil, başqalarının onu görmək istədiyi şəkildə formalaşmış olacaq. 
Konformizm fərdin öz şəxsi fikir, düşüncə və davranışlarını müəyyən mənada kənara qoyaraq, mənsub olduğu qrupun və ya cəmiyyətin qəbul etdiyi norma və davranışlara uyğunlaşmasıdır. 

Əslində, bir çoxumuz bu terminlə əvvəllər qarşılaşmasaq da, onun gündəlik həyatımızdakı nümunələri ilə kifayət qədər tez-tez rastlaşırıq. Məsələn, qırmızı işıq yandığı halda böyük bir qrup insanın yolu keçdiyini gördükdə, bəzən heç bir xüsusi qərar vermədən həmin insanların ardınca biz də yolu keçirik. Bir neçə saniyə sonra isə özümüzə “Mən niyə bunu etdim?” sualını verə bilərik. Bu, fərdin ətrafındakı insanların davranışlarından təsirlənərək öz müstəqil qərarvermə mexanizmini həmin anlıq arxa plana keçirməsinin sadə nümunələrindən biridir.

Bu baxımdan, konformizm bizə yalnız fərdi davranışlarımız haqqında deyil, eyni zamanda cəmiyyət olaraq bir-birimizə münasibətimiz barədə də düşünmək imkanı verir. İnsanların müəyyən sosial normalara uyğunlaşması təbii olsa da, fərqliliklərin qəbul edilmədiyi, insanların öz düşüncə və davranışlarını ifadə etməkdən çəkindiyi mühit fərdin özünəməxsusluğunu məhdudlaşdıra bilər.

Düşünürəm ki, daha sağlam və inklüziv cəmiyyət üçün hər bir insanın fərqliliyini qəbul etmək, fərqli düşüncə və seçimlərə hörmətlə yanaşmaq və ayrı-seçkiliyə yol verməmək vacibdir. İnsan yalnız olduğu kimi qəbul edildiyi və özünü ifadə etmək üçün təhlükəsiz mühitə sahib olduğu zaman başqalarının gözləntilərinə uyğunlaşmaq məcburiyyətində qalmadan, öz düşüncəsi, dəyərləri və şəxsiyyəti ilə davrana bilər.

Ayrı-seçkilik insanın və ya müəyyən sosial qrupun digər şəxslərlə müqayisədə hüquq və azadlıqlardan, imkanlardan və ya xidmətlərdən bərabər şəkildə istifadə etməsinə mane olan, yaxud onları əlverişsiz vəziyyətə salan fərqli rəftar formasıdır. Ayrı-seçkilik yalnız açıq və məqsədli şəkildə həyata keçirilən davranışlarla məhdudlaşmır; zahirən neytral görünən qaydalar və təcrübələr də müəyyən qruplar üçün mənfi nəticələr doğura bilər. Bu baxımdan ayrı-seçkiliyin müxtəlif formalarının fərqləndirilməsi hüquqların effektiv müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Ayrı-seçkiliyin 4 forması ilə tanış oldum: birbaşa ayrı-seçkilik, dolayı ayrı-seçkilik, çoxsaylı ayrı-seçkilik və kəsişən ayrı-seçkilik. 

Birbaşa ayrı-seçkilik şəxsin müəyyən qorunan əlamətinə görə başqa şəxslə müqayisədə daha əlverişsiz rəftara məruz qalmasıdır. Burada fərqli rəftar birbaşa şəkildə şəxsin cinsi, irqi, etnik mənsubiyyəti, əlilliyi, yaşı, dini və ya digər xüsusiyyəti ilə əlaqələndirilir. Məsələn, eyni vəzifəyə müraciət edən iki namizədin peşəkar göstəriciləri və digər meyarları eyni olduğu halda, işə götürənin qadın namizədi yalnız qadın olduğu üçün işə qəbul etməməsi birbaşa ayrı-seçkiliyə nümunədir. Eyni qaydada, əlilliyi olan şəxsin yalnız əlilliyi səbəbilə xidmətə çıxışının məhdudlaşdırılması da birbaşa ayrı-seçkilik kimi qiymətləndirilə bilər.

Dolayı ayrı-seçkilik ilk baxışdan hamıya eyni qaydada tətbiq olunan neytral norma, meyar və ya praktikanın müəyyən sosial qrupa mənsub şəxsləri digərləri ilə müqayisədə faktiki olaraq daha əlverişsiz vəziyyətə salmasıdır. Bu halda ayrı-seçkilik açıq formada ifadə olunmur və qaydanın mətnindən dərhal görünməyə bilər. Məsələn, işə qəbul zamanı bütün namizədlər üçün eyni fiziki testin tətbiq edilməsi zahirən neytral tələbdir. Lakin həmin test vəzifənin mahiyyəti ilə əsaslandırılmırsa və müəyyən fiziki məhdudiyyətləri olan şəxsləri qeyri-mütənasib şəkildə əlverişsiz vəziyyətə salırsa, dolayı ayrı-seçkilik məsələsi yarana bilər. Digər nümunə kimi, ictimai xidmətlərə yalnız pilləkənlərlə daxil olma imkanının yaradılmasını göstərmək olar. Qayda formal olaraq hamıya eyni tətbiq edilsə də, hərəkət məhdudiyyətli şəxslərin həmin xidmətdən istifadə imkanlarını faktiki olaraq məhdudlaşdırır.
Çoxsaylı ayrı-seçkilik şəxsin eyni vaxtda iki və ya daha çox qorunan əlamətə görə ayrı-seçkiliyə məruz qalması vəziyyətidir. Burada müxtəlif ayrı-seçkilik əsasları bir şəxsin üzərində paralel şəkildə mövcud olur və onun bərabər imkanlardan istifadəsinə əlavə maneələr yarada bilər. Məsələn, yaşlı və əlilliyi olan bir şəxsin həm yaşına, həm də əlilliyinə görə işə qəbul prosesində əlverişsiz rəftara məruz qalması çoxsaylı ayrı-seçkiliyə nümunə ola bilər. Eyni zamanda, etnik azlığa mənsub və qadın olan şəxsin həm etnik mənsubiyyətinə, həm də cinsinə görə müxtəlif situasiyalardaayrı-seçkiliklə üzləşməsi də bu anlayış çərçivəsində nəzərdən keçirilə bilər.

Kəsişən ayrı-seçkilik isə müxtəlif ayrı-seçkilik əsaslarının bir-birindən müstəqil şəkildə deyil, qarşılıqlı əlaqədə olaraq eyni şəxs və ya qrup üçün spesifik əlverişsiz vəziyyət yaratması ilə xarakterizə olunur. Başqa sözlə, burada söhbət sadəcə bir şəxsin iki və ya daha çox əlamətə görə ayrı-seçkiliyə məruz qalmasından deyil, həmin əlamətlərin bir-biri ilə kəsişərək ayrıca və fərqli xarakter daşıyan ayrı-seçkilik təcrübəsi yaratmasından gedir. Məsələn, müəyyən etnik azlığa mənsub qadının yalnız qadınlara və ya yalnız həmin etnik qrupa mənsub şəxslərə münasibətdə müşahidə olunmayan, məhz həmin etnik qrupa mənsub qadın olması ilə bağlı stereotiplər səbəbilə işə qəbul edilməməsi kəsişən ayrı-seçkilik nümunəsi ola bilər. Burada cins və etnik mənsubiyyət ayrı-ayrılıqda deyil, bir-biri ilə əlaqəli şəkildə şəxsin üzləşdiyi ayrı-seçkiliyin xarakterini müəyyən edir.

Bu anlayışlar arasındakı fərqi daha aydın görmək üçün onları belə ümumiləşdirməkolar: birbaşa ayrı-seçkilikdə fərqli rəftar açıq və birbaşa qorunan əlamətlə əlaqəlidir; dolayı ayrı-seçkilikdə formal olaraq neytral qayda müəyyən qrupu faktiki olaraqəlverişsiz vəziyyətə salır; çoxsaylı ayrı-seçkilikdə şəxs iki və ya daha çox əsas üzrə ayrı-seçkiliyə məruz qalır; kəsişən ayrı-seçkilikdə isə həmin əsaslar bir-biri ilə qarşılıqlı əlaqəyə girərək ayrıca xarakter daşıyan ayrı-seçkilik təcrübəsi yaradır.

Bu fərqləndirmə xüsusilə vacibdir, çünki ayrı-seçkilik hər zaman açıq və asanlıqla müəyyən edilən formada baş vermir. Bəzən problem fərdi davranışda deyil, müəyyən qaydanın, institusional praktikanın və ya kommunikasiya formasının müxtəlif qruplar üçün yaratdığı nəticələrdə özünü göstərir. Buna görə də bərabərliyin təmin edilməsi yalnız hamıya eyni münasibətin göstərilməsi ilə məhdudlaşmamalı, insanların fərqli sosial və şəxsi xüsusiyyətlərini nəzərə alan real və effektiv bərabərliyin təmin edilməsini də əhatə etməlidir.


4. Kommunikasiya sadəcə informasiya ötürmək deyil, məsuliyyətdir

Böhran vəziyyətlərində insanın ən böyük ehtiyaclarından biri məlumatdır. Nə baş verir? Nə etməliyik? Nəyə inanmalıyıq? Necə reaksiya verməliyik?

Burada əsas məsələ sadəcə bu suallara cavab verməkdən ibarət deyil. Böhran vəziyyətində insanlar məlumatdan daha çox etibarlı istiqamət axtarırlar. 

Böhran vəziyyətində yanlış, gecikmiş və ya emosional şəkildə təqdim edilmiş informasiya insanların davranışına, təhlükəsizliyinə və bir-birinə münasibətinə birbaşa təsir göstərə bilər.
Bu səbəbdən böhran kommunikasiyasının ilk prinsiplərindən biri dəqiqlikdir.

Məlumatı mümkün qədər tez çatdırmaq vacibdir, amma sürət heç vaxt doğruluğun hesabına əldə edilməməlidir. Sosial media əsrində isə bu, xüsusilə çətin məsələdir. Bir məlumatın saniyələr ərzində minlərlə insana çatması onun doğru olması demək deyil.
Bəzən “ilk paylaşan olmaq” istəyi “doğru məlumatı paylaşmaq” məsuliyyətini kölgədə qoya bilir.

Buna görə böhran zamanı özümüzə sadə suallar vermək vacibdir:
Məlumatın mənbəyi nədir? Bu məlumat təsdiqlənibmi? Mən bunu paylaşmaqla insanlara kömək edirəm, yoxsa onların narahatlığını artırıram?

Bu suallar xüsusilə sosial media istifadəçiləri üçün əhəmiyyətlidir. Çünki böhran kommunikasiya prosesinin iştirakçıları artıq yalnız dövlət qurumları, jurnalistlər və ekspertlər deyil. Bu gün hər birimiz potensial informasiya yayıcısıyıq.

Bir paylaşımın altında yazdığımız bir cümlə belə informasiya mühitinin bir hissəsinə çevrilə bilər.
Buna görə də, böhran vəziyyətində ilk növbədə yayılan məlumatın mənbəyini, məzmununu və hansı kontekstdə formalaşdığını müəyyənləşdirmək, eyni zamanda bu məlumatın müxtəlif tərəflərə və auditoriyalara necə təsir göstərə biləcəyini qiymətləndirmək vacibdir. Məlumatın ilkin mərhələdə düzgün təhlil edilməsi sonrakı kommunikasiya prosesinin də daha əsaslandırılmış və məqsədyönlü şəkildə qurulmasına imkan verir.

Növbəti mərhələdə isə hadisənin faktiki reallığı araşdırılmalı, mövcud məlumatlar obyektiv şəkildə təhlil edilməli və yalnız təsdiqlənmiş faktlara əsaslanaraq kommunikasiya aparılmalıdır. Bu proses zamanı istifadə olunan dil də xüsusi əhəmiyyət daşıyır. Məlumat qarşı tərəfə aydın, dəqiq, balanslı və məsuliyyətli kommunikasiya dili ilə çatdırılmalıdır. Xüsusilə böhran vəziyyətlərində emosional və qeyri-dəqiq ifadələrdən çəkinmək, məlumatı manipulyasiya etmədən və yanlış anlaşılmalara yol vermədən təqdim etmək vacibdir.

Belə yanaşma yalnız hadisə ilə bağlı düzgün və operativ məlumatın çatdırılmasına deyil, eyni zamanda qarşı tərəfin vəziyyəti daha düzgün qiymətləndirməsinə, yaranmış qeyri-müəyyənliyin azalmasına və kommunikasiya prosesində etimadın qorunmasına xidmət edir.

Böhran vəziyyətində effektiv kommunikasiya doğru zamanda, doğru məlumatı, doğru dildə və insan ləyaqətinə hörmət edərək çatdırmaqdır.

Buna görə böhran zamanı kommunikasiya mənim üçün yalnız “nə deməliyik?” sualından daha artığıdır. 
“Biz danışarkən hansı cəmiyyəti qururuq?

5. Uşağın artıq rəqəmsal həyatı da var

Bu gün uşağın dünyası artıq yalnız bağça,məktəb, ev və həyət deyil, həmçinin, rəqəmsal həyatdır. 
Uşaq orada öyrənir, dostlaşır, fikir bildirir, oyun oynayır, video izləyir, məlumat paylaşır və öz kimliyini formalaşdırır.
Deməli, uşağın hüquqları internetdə “dayanmır”.

Əksinə, rəqəmsal mühit uşaqların hüquqlarının qorunmasını daha mürəkkəb və daha vacib edir.
Avropa Şurası qeyd edir ki, rəqəmsal mühit uşaqlar üçün öyrənmək, əlaqə qurmaq və inkişaf etmək imkanları yaratmaqla yanaşı, şəxsi məlumatların qorunması, zorakılıq, cinsi istismar və digər riskləri də artırır. Uşaqların rəqəmsal mühitdə hüquqlarının qorunması Avropa Şurasının Uşaq Hüquqları Strategiyasının 2022–2027-ci illər üzrə prioritet istiqamətlərindən biridir.

Azərbaycanda da bu mövzu artıq hüquq və insan hüquqları müstəvisində daha çox gündəmə gəlir. Ombudsmanın 2026-cı ilin yanvarında uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı müraciətində onlayn oyunlar və interaktiv platformaların yaratdığı risklərə diqqət çəkilib və bu risklərin yalnız texnoloji deyil, həm də insan hüquqları məsələsi olduğu vurğulanıb.
Məncə, burada ən vacib sual “uşağı internetdən necə uzaq saxlayaq?” deyil.

“Uşağı rəqəmsal dünyada necə təhlükəsiz, məlumatlı və hüquqlarını bilən bir fərd kimi böyüdə bilərik?” sualıdır.
Çünki interneti uşağın həyatından çıxarmaq real həll deyil.

Uşaq hüquqlarının müdafiəsi həm də uşağın öz fikrini ifadə etmək və onun fikrinin yaşına və yetkinliyinə uyğun şəkildə nəzərə alınması deməkdir. BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 12-ci maddəsi uşağın onu maraqlandıran məsələlər üzrə fikirlərini sərbəst ifadə etmək və bu fikirlərə lazımi əhəmiyyət verilmək hüququnu tanıyır. Konvensiyanın 13-cü maddəsi isə uşağın ifadə azadlığını ayrıca təsbit edir. 

Uşaqlara rəqəmsal dünyada düzgün davranmağı, təhlükəni tanımağı, şəxsi məlumatını qorumağı, zorakılıq və nifrət nitqi ilə qarşılaşdıqda necə reaksiya verməyi öyrətmək gələcəyə investisiyadır.

Sülh uşaqlar üçün yalnız münaqişənin olmadığı bir mühit deyil, onların təhlükəsiz, bərabər və azad şəkildə böyüyə bildiyi gələcəyin təməlidir.

Sülh hər birimizin daxilindədir
Sülh hər birimizin daxilindədir
Sülh hər birimizin daxilindədir
Sülh hər birimizin daxilindədir
Sülh hər birimizin daxilindədir
Sülh hər birimizin daxilindədir
Sülh hər birimizin daxilindədir