Süni intellekt bu peşələrə daha çox təsir göstərəcək – Araşdırma
Avstraliya hökuməti süni intellektin əmək bazarına təsiri ilə bağlı ilk milli hesabatını dərc edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Avstraliya Hökumətinin Məşğulluq və Əmək Münasibətləri Departamentinin Baş İqtisadçılar Ofisi tərəfindən hazırlanmış "Avstraliyada süni intellekt və məşğulluq" adlı hesabatına əsasən, süni intellektin inkişafı ən çox ofis, maliyyə, idarəetmə və analitik bilik tələb edən sahələrdə çalışan mütəxəssislərin fəaliyyətinə təsir göstərəcək.
Fiziki əmək və insanla birbaşa ünsiyyət tələb edən peşələr isə bu texnologiyadan nisbətən daha az təsirlənəcək.
Hesabatda qeyd edilir ki, süni intellektin inkişafı əmək bazarında peşələrin tamamilə aradan qalxmasından daha çox işin görülmə formasını dəyişdirir. Texnologiya xüsusilə məlumatların toplanması və təhlili, sənədlərin hazırlanması, yazışmaların aparılması, hesabatların tərtibi və planlaşdırma kimi vəzifələrin yerinə yetirilməsini sürətləndirir. Bu səbəbdən belə tapşırıqların üstünlük təşkil etdiyi peşələrə süni intellekt daha çox təsir edəcək.
Araşdırmaya əsasən, süni intellektin ən çox təsir göstərəcəyi peşələr bunlardır:
– inzibati və ofis işçiləri;
– katiblər və qəbul üzrə əməkdaşlar;
– mühasiblər və auditorlar;
– reklam, marketinq və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər;
– proqram təminatı hazırlayan mütəxəssislər və proqramçılar;
– biznes və idarəetmə üzrə təhlilçilər;
– maliyyə və sığorta sahəsində çalışan mütəxəssislər;
– hüquq və məsləhət xidmətləri sahəsində çalışan mütəxəssis
Hesabat müəllifləri vurğulayırlar ki, bu peşələrin risk altında olması onların gələcəkdə yox olacağı anlamına gəlmir. Əksinə, süni intellekt bir çox hallarda işçiləri əvəz etməkdən daha çox onların işini asanlaşdıran və məhsuldarlığını artıran alət kimi çıxış edir.
Sənəddə qeyd olunur ki, tikinti, istehsalat, yaşlılara qulluq, təmizlik, qida hazırlanması və digər fiziki əmək, eləcə də insanla birbaşa ünsiyyət tələb edən peşələr süni intellektin təsirinə daha az məruz qalacaq.
Araşdırmada həmçinin bildirilib ki, 2022-ci ilin noyabr ayından 2026-cı ilin fevral ayınadək süni intellektdən ən çox təsirlənən peşələrdə məşğulluq 5,6 faiz artdığı halda, bu texnologiyadan daha az təsirlənən peşələrdə artım 9,5 faiz olub. Bununla belə, müəlliflər hesab edirlər ki, süni intellektin əmək bazarına uzunmüddətli təsirini qiymətləndirmək üçün hələ kifayət qədər vaxt keçməyib və indiki mərhələdə onun kütləvi iş yerlərinin itirilməsinə səbəb olduğu barədə qəti nəticə çıxarmaq düzgün deyil.




