İmtahanlarda yeni era: Süni intellekt tələbələrin cavablarını necə qiymətləndirir? – Rektorla müsahibə
Azərbaycan Texnologiya Universiteti (ATU) təhsil sahəsində növbəti innovativ və mühüm addımını atıb. Universitetdə rəqəmsallaşma strategiyası çərçivəsində pilot layihə olaraq ilk dəfə yazılı imtahan cavablarının süni intellekt tərəfindən qiymətləndirilməsi prosesinə başlanılıb. Bu tarixi texnoloji keçid, onun gətirdiyi üstünlüklər və gələcək perspektivləri barədə ATU-nun rektoru Yaşar Ömərov ilə ətraflı həmsöhbət olduq.
– Süni intellektin imtahan prosesinə cəlb edilməsi ideyası necə yarandı və hazırda layihə hansı mərhələdədir?
– ATU olaraq əsas hədəfimiz rəqəmsal transformasiya və təhsil prosesində qabaqcıl texnoloji həllərin tətbiqidir. Bildiyiniz kimi, hazırda dünyada süni intellekt texnologiyalarının bütün sahələrdə olduğu kimi, yaradıcı və akademik sahələrdə də tətbiqi sürətlə genişlənir. Biz də düşündük ki, tələbələrin biliyinin qiymətləndirilməsi sistemində obyektivliyi və operativliyi ən yüksək səviyyəyə çatdırmaq üçün yeni texnologiyaları imtahan prosesində tətbiq edək. Ümumiyyətlə, hesab edirəm ki, bu imtahan sessiyası Azərbaycan Texnologiya Universitetinin tarixində xüsusi iz qoyacaq mərhələlərdən biridir. Çünki ilk dəfə imtahan prosesinin idarə edilməsində rəqəmsal həllərin tətbiqi dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib. Tədris və qiymətləndirmə proseslərinin rəqəmsallaşdırılması istiqamətində növbəti mühüm addım atılaraq innovativ süni intellekt əsaslı İmtahan portalı istifadəyə verilib (https://ihp.atu.edu.az). Hazırda platforma iki əsas modul üzrə fəaliyyət göstərir: Yazılı imtahan modulu və test imtahanı modulu. Yazılı imtahan modulu pilot layihə olaraq Rəqəmsal texnologiyalar fakültəsinin “Kompüter mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə təhsil alan I kurs tələbələri üçün tətbiq olunur və bu mərhələdə imtahan prosesi rəqəmsal platforma üzərindən aparılır. Burada imtahan nəticələrinin qiymətləndirilməsi süni intellekt tərəfindən aparılır və tələbələr imtahanı başa vurduqdan dərhal sonra öz nəticələrini öyrənə bilirlər ki, bu yenilik də qiymətləndirmə prosesinin daha operativ, şəffaf və çevik həyata keçirilməsinə imkan yaradır.
Eyni zamanda, tələbələrin imtahanlara daha rahat hazırlaşması məsələsi də diqqətimizdədir. Belə ki, yeni istifadəyə verdiyimiz süni intellekt əsaslı İmtahan portalında sınaq imtahanı modulu da fəaliyyət göstərir. Bu modul bütün tələbələrimiz üçün əlçatandır. Tələbələr həm yazılı, həm də test imtahanlarının suallarını cavablandıraraq özlərini real vaxt rejimində istədikləri qədər sınaya bilirlər. Sistemdən hər gün yüzlərlə tələbə istifadə edir və imtahanlara daha effektiv hazırlaşır.
Bu innovativ platforma ATU-nun rəqəmsal transformasiya və innovasiya strategiyası çərçivəsində təhsil prosesində müasir texnoloji həllərin tətbiqinə və imtahan sistemində rəqəmsallaşmaya keçidin təmin olunmasına xidmət edir. Xüsusilə vurğulamaq istərdim ki, universitetimizdə rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələrin formalaşdırılması və tətbiqində İnnovasiya Mərkəzinin mühüm rolu var. İmtahan portalı da universitetin daxili intellektual potensialına əsaslanaraq hazırlanmış həllərdən biridir. Bu gün ali təhsildə rəqəmsallaşma artıq seçim deyil, zərurətdir. Biz də bu istiqamətdə atdığımız addımlarla həm tələbələr üçün daha rahat və əlçatan mühit formalaşdırmağa, həm də qiymətləndirmə prosesini müasir standartlara uyğun qurmağa çalışırıq. Hesab edirəm ki, bu sessiya universitetimizin rəqəmsal transformasiya yolunda mühüm mərhələ kimi yadda qalacaq.
– Ən çox maraq doğuran məqam qiymətləndirmə mexanizmidir. Qiymətləndirmənin süni intellekt əsasında olmasının hansı üstünlükləri var?
– Süni intellektlə qiymətləndirmə ənənəvi metodlarla müqayisədə təhsilə tamamilə fərqli bir nəfəs gətirir. Üstünlükləri bir neçə mühüm bənddə cəmləşdirə bilərik. Birincisi mütləq çeviklik və operativlikdir - əvvəllər tələbələr yazılı imtahanların nəticələrini bəzən günlərlə gözləməli olurdular. Çünki müəllimlərin yüzlərlə vərəqi yoxlaması fiziki olaraq zaman tələb edirdi. İndi isə tələbələr imtahanı bitirdikdən dərhal sonra öz ballarını sistemdə görürlər. Bu, tələbələrdəki imtahan stresini minimuma endirir. İkinci üstünlük detallı və öyrədici qiymətləndirmədir - sistem sadəcə bir rəqəm (bal) çıxarıb prosesi bitirmir. Süni intellekt hər bir sualın düz və ya səhv yazıldığını göstərir. Ən əsası isə səhvin konkret olaraq harada olduğunu, hansı məqamın unudulduğunu və ya yanlış şərh edildiyini tələbəyə ətraflı şəkildə izah edir. Yəni imtahan sadəcə bir hesabat yox, həm də öyrənmə alətinə çevrilir. Üçüncü mühüm cəhəti tam şəffaflıq və mütləq obyektivlikdir - insan faktorunun olduğu hər yerdə subyektivlik riski az da olsa mövcuddur. Müəllimin yorğunluğu, diqqət dağınıqlığı və ya tələbəyə qarşı fərdi yanaşması qiymətə təsir edə bilər. Süni intellekt isə tamamilə emosiyalardan uzaqdır, qərəzsizdir və yalnız tələbənin sistemə daxil etdiyi məlumatı qiymətləndirir. Bu da tələbələrdə universitetə olan inamı və ədalət güvənini gücləndirir. Dördüncü tərəfi müəllimlərin rutin işlərdən azad olunmasıdır - bu sistem müəllimi əvəz etmir, əksinə, onun ən böyük köməkçisinə çevrilir. Yüzlərlə imtahan vərəqini yoxlamaq müəllim üçün çox vaxt aparan mexaniki bir rutin işdir. Süni intellekt müəllimləri bu ağır yükdən azad edir. Nəticədə qənaət olunan vaxtı müəllimlərimiz daha səmərəli işlərə – elmi araşdırmalara, tədris metodikasının təkmilləşdirilməsinə və tələbələrlə fərdi məsləhətləşmələrə yönəldə bilirlər.
– Çox maraqlıdır. Bəs tələbələr bu texnoloji yeniliyə necə reaksiya verdilər? Onlardan hər hansı bir rəy toplandımı?
– İlkin reaksiyalar bizim üçün də çox maraqlı idi. İlk günlərdə bəzi tələbələrdə müəyyən narahatlıq və skeptisizm var idi. Onlar "Süni intellekt mənim cümləmi düzgün anlayacaqmı?", "Texniki səhv olarsa necə olacaq?" kimi suallarla ehtiyat edirdilər. Lakin sistemi sınaqdan keçirdikdən və ilk nəticələri dərhal aldıqdan sonra bu suallar tamamilə aradan qalxdı. Hətta ənənəvi imtahanlarımıza (kağız üzərində olan yazılı imatahanlarımız) 3 saat ayrıldığı halda rəqəmsal platofrma üzərində aparılan imtahana biz ilkin mərhələdə 4 saat ayırdıq, çünki tələbələr imtahan nəticələrini sistemə klaviatura vasitəsilə yazmalıdırlar. Nəticə etibarilə imtahanlar gözlədiyimizdən daha tez yekunlaşırdı. Eyni zamanda biz pilot layihə çərçivəsində tələbələr arasında rəy sorğuları keçiririk və fokus qrupları ilə görüşürük. Sorğunun nəticələrinə görə tələbələrin böyük əksəriyyəti nəticələrin dərhal elan olunmasını və səhvlərinin onlara detallı şəkildə izah edilməsini yüksək qiymətləndirirlər. Tələbələr artıq özlərini daha rahat hiss edirlər, çünki bilirlər ki, onların yazısı yalnız biliyin mühakiməsi əsasında qiymətləndirilir. Onların bu müsbət rəyləri və gələcək üçün verdikləri təkliflər sistemi daha da təkmilləşdirmək baxımından bizim üçün əsas yol xəritəsidir.
– Bəs süni intellekt tələbənin yazdığı mətndəki konteksti, yaradıcı və fərqli yanaşmanı tam tuta bilirmi? Yoxsa yalnız şablon açar sözlərə əsaslanır?
– Bu, texnologiyanın tətbiqində ən çox müzakirə olunan incə məqamdır. Müasir süni intellekt modelləri (LLM – Böyük Dil Modelləri) artıq sadə açar söz axtarışı səviyyəsini çoxdan keçib. Bizim sistemimiz cümlənin semantik mənasını, tələbənin mövzunu nə dərəcədə dərindən anladığını və məntiqi ardıcıllığı analiz edə bilir. Əlbəttə, riyazi fənlərdə və ya proqramlaşdırmada dəqiq düsturlar və cavablar mütləqdir. Lakin humanitar və ya nəzəri mövzularda tələbə eyni fikri fərqli sözlərlə ifadə etsə belə, süni intellekt konteksti qavrayır və qiymətləndirməni buna uyğun aparır. Sistem şablonlara bağlı deyil, tələbənin mövzuya fərdi və yaradıcı yanaşmasını ayırd edə biləcək qabaqcıl alqoritmlərlə təchiz olunub.
– İmtahan zamanı akademik dürüstlük necə qorunur? Tələbələrin köçürmə və ya kənar kömək vasitələrindən istifadə etməsinin qarşısı necə alınır?
– Akademik dürüstlük bizim üçün qırmızı xətdir. Hazırda yazılı imtahanlar auditoriya şəraitində, universitetin kompüter və ya rəqəmsal cihazları üzərindən, nəzarətçilərin fiziki iştirakı ilə keçirilir. Sistem səviyyəsində isə tələbə imtahan portalına daxil olduqdan sonra onun digər internet saytlarına keçid etməsi, kənar resurslardan istifadəsi tamamilə bloklanır. Layihənin növbəti mərhələlərində sistemə ağıllı "proktorinq" (görüntü və səs analizi vasitəsilə nəzarət) texnologiyalarını inteqrasiya etməyi planlaşdırırıq. Bu, tələbənin ekrana baxma bucağından tutmuş, otaqdakı kənar səslərə qədər hər şeyi analiz edərək köçürmə hallarının qarşısını tamamilə alacaq.
– Tələbə süni intellektin verdiyi qiymətlə razılaşmayanda apellyasiya (şikayət) prosesi necə tənzimlənəcək? Son söz yenə insana aid olacaq?
– Bəli, tamamilə doğrudur. Süni intellekt nə qədər mükəmməl olsa da, o, təhsil prosesində müəllimi tamamilə əvəz edən bir qüvvə deyil, yalnız köməkçi bir alətdir. Universitetimizin daxili nizamnaməsinə və mövcud qaydalara uyğun olaraq, hər bir tələbənin apellyasiya hüququ toxunulmazdır. Əgər tələbə süni intellektin çıxardığı nəticə və ya izahla razılaşmazsa, o, sistem üzərindən dərhal etiraz edə bilər. Bu zaman həmin cavab vərəqi avtomatik olaraq müəllimlərdən ibarət xüsusi yaradılmış Apelyasiya Komissiyasına göndərilir. Komissiya işi yenidən nəzərdən keçirir və yekun qərarı verir. Yeri gəlmişkən, bu cür hallar süni intellektin maşın öyrənməsi prosesi üçün də çox faydalıdır. Sistem öz səhvlərindən öyrənərək gələcək qiymətləndirmələri daha da təkmilləşdirir.
– Süni intellektin uzunmüddətli perspektivdə ali təhsili necə dəyişdirəcəyini düşünürsünüz? ATU texnoloji yönümlü univesitet olaraq bu prosesdə hansı rolu oynaya bilər?
– Hesab edirəm ki, uzunmüddətli perspektivdə süni intellekt ali təhsili kökündən dəyişdirəcək və onu tamamilə fərdiləşdirilmiş təhsil modelinə çevirəcək. Gələcəkdə süni intellekt yalnız təlim və qiymətləndirmə prosesində deyil, həm də hər bir tələbənin öyrənmə sürətini, zəif və güclü tərəflərini analiz edərək ona xüsusi tədris proqramı təklif etməkdə mühüm rol oynayacaq. Bu texnologiya təhsildə bərabərliyi təmin edəcək, bürokratik və mexaniki yükləri azaldaraq universitetləri tamamilə elmi-innovativ mərkəzlərə çevirəcək. Azərbaycan Texnologiya Universiteti olaraq bu pilot layihə ilə bu təcrübəni uğurla tamamladıqdan sonra sistemi bütün universitet üzrə genişləndirməyi və gələcəkdə digər yerli ali təhsil müəssisələri ilə də bölüşməyi hədəfləyirik. Azərbaycan təhsilinin qlobal rəqabətədavamlılığını artırmaq üçün texnologiyanın gücündən maksimum istifadə etməliyik və ATU bu yolda ən öndə addımlamağı hədəfləyir.
– Universitetdə inklüzivlik və xüsusi qayğıya ehtiyacı olan tələbələr üçün imtahanlar necə təşkil edilir?
– Bizim üçün inklüzivlik əlavə yanaşma deyil, sistemin ayrılmaz hissəsidir. Sağlamlıq imkanları məhdud tələbələr imtahan prosesinə tam inteqrasiya olunmuş şəkildə cəlb edilir. Görmə qabiliyyəti məhdud tələbələr üçün isə imtahanlar istisna olaraq şifahi formada keçirilir və birinci mərtəbələrdə ayrılmış auditoriyalarda təşkil olunur. Eyni zamanda əlil arabasından istifadə edən tələbələr üçün korpusların girişində panduslar mövcuddur və tədris prosesi də onların rahatlığı nəzərə alınmaqla planlaşdırılır. Bu, sadəcə texniki uyğunlaşdırma deyil, bərabər təhsil imkanlarının real təmin olunmasıdır.
– Son olaraq yaz imtahan sessiyasının ümumi nəticələrini necə qiymətləndirirsiniz?
– 2025-2026-cı tədris ilinin yaz imtahan sessiyası 1 iyun tarixindən başlayıb və 30 iyunadək davam edəcəkdir. İmtahan prosesinin idarə edilməsində rəqəmsal həllərin tətbiqini nəzərə alsaq, bu sessiya Azərbaycan Texnologiya Universitetinin tarixində xüsusi iz qoyacaq mərhələlərdən biridir. Çünki bu layihə sadəcə yeni proqram təminatının tətbiqi deyil. Bu, universitetdə imtahanların təşkili fəlsəfəsinin dəyişməsi, rəqəmsal idarəetməyə və data əsaslı qiymətləndirməyə keçid deməkdir. Ümumilikdə isə yanaşmamızın mərkəzində dəyişməyən bir prinsip dayanır: şəffaflıq, obyektivlik və tələbənin biliklərinin ədalətli qiymətləndirilməsi. Bildiyiniz kimi, imtahanlar vahid formatla deyil, ixtisasın mahiyyətinə uyğunlaşdırılmış model ilə keçirilir. Test, yazılı və qabiliyyət imtahanları bir-birini tamamlayan sistem kimi qurulub. Ən vacib element isə anonim qiymətləndirmə sistemidir — imtahan işləri kodlaşdırılır, müəllim yalnız cavabı görür, tələbənin adını yox. Yaz semestrində 14 240 qiymətləndirmə aparılıb. Onlardan 10 578-i müvəffəq, 3 662-si qeyri-müvəffəq nəticə olub. Bu, ümumilikdə 74,3 faiz müvəffəqiyyət göstəricisi deməkdir. Amma biz bu rəqəmlərə sadəcə statistika kimi baxmırıq. Bu nəticələr bizə həm tədrisin güclü tərəflərini, həm də inkişaf tələb edən sahələri göstərir. Əlbəttə, məqsədimiz təkcə yüksək faiz əldə etmək deyil. Əsas məqsədimiz tələbələrin real bilik və bacarıqlarını müəyyən etmək, tədris proqramlarında inkişaf tələb edən istiqamətləri aşkara çıxarmaq və növbəti tədris ilində həmin məsələlər üzərində daha sistemli işləməkdir.




