Süni intellektdən istifadə tənzimlənməsə, öyrənmə problemimiz yaranacaq - Emin Əmrullayev
“Biz Azərbaycan təhsilində süni intellektdən istifadəni tənzimlənən şəkildə saxlamalıyıq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət Mərkəzi” proqramında deyib.
Nazir qeyd edib ki, bu, tənzimlənməyən, tam sərbəst formatda olarsa, onun heç bir faydası olmayacaq və bizim daha çox öyrənmə problemimiz yaranacaq:
“Bizim, məsələn, 35%-dən artıq şagirdimiz süni intellektdən yazı tapşırıqlarını yazdırmaq üçün istifadə edir. Bu şagirdlərin üçdə biridir. Yəqin ki, bu rəqəm getdikcə artacaq. 48% şagirdimiz bunu öyrənməyə kömək etmək üçün istifadə edir. Çalışmalıyıq ki, süni intellektlə öyrənən şagirdlərimizin payı artsın, nəticə etibarilə daha yaxşı nəticəyə gələk”.
E.Əmrullayev qeyd edib ki, PISA nəticələrinə əsasən, Azərbaycanda şagirdlər süni intellektdən iki məqsəd üçün istifadə edirlər:
“Bir məqsəd öyrənməyə kömək etmək üçündür. Yəni şagird süni intellektdən öyrənmək üçün kömək istəyir, hansısa məsələlərin həllində müəyyən mənada öyrənmək üçün ondan faydalanır. Digər məqsəd isə yazı tapşırıqlarını yazdırmaq üçündür. Yəni inşa yazdırır, şəkil çəkdirir. Burada şagird məsələnin həllini bilmədən, həll etməyi bacarmadan ona tapşırıq verir, o isə bunun cavabını verir. Bu, yenilikdir və əvvəl heç vaxt olmayıb. İndi sizin əlinizdə süni intellekt tətbiqi varsa, tapşırığın həllini bilmədən həll əldə edə bilirsiniz, amma onu başa düşə bilməyəcəksiniz”.
Nazir qeyd edib ki, süni intellektdən öyrənməyə kömək etmək üçün istifadə edənlərin orta balı 450 baldan yuxarıdır:
“Yəni hər gün, daha çox və öyrənmək üçün istifadə edirsə, bu, nəticəyə müsbət təsir edir. Digər istiqamət ondan ibarətdir ki, yazı tapşırıqlarını, sadəcə məsələnin həllini əldə etmək üçün istifadə edən uşaqların nəticələri həmin uşaqların nəticələrindən aşağıdır. Eyni zamanda heç vaxt bunu istifadə etməyən adamlar, yəni heç vaxt bunu məsələ həlli üçün istifadə etməyən uşaqların nəticəsi ən yüksəklərdədir. O da 450-dir. Yəni buradan hansı nəticəyə gələ bilərik? Süni intellektdən öyrənmək üçün məqsədli istifadə olunursa, bu, təhsil üçün faydalıdır. Ondan yalnız cavabları tapmaq, ev tapşırıqlarını sürətli etmək, “mənim üçün bir inşa yaz tipli tapşırıqlar yaz” üçün istifadə olunursa, bu, əslində nəticələrə mənfi təsir edir. Həmin şagirdlər süni intellektdən hərdən bir istifadə edənlərdən ümumiyyətlə aşağı nəticə göstərir”.




