TAU-nun müəlliminin beynəlxalq səviyyəli akademik nəşri işıq üzü görüb
Türkiyə-Azərbaycan Universitetinin (TAU) Qida mühəndisliyi kafedrasının professor köməkçisi Dr. Muhammad Usman Akramın həmmüəllifi olduğu üç beynəlxalq kitab fəsli dərc olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, Elsevier Araşdırma Akademiyasına bağlı olan “Academic Press” nəşriyyatı tərəfindən 2026-cı ildə nəşr olunmuş “Nişasta konyuqatları: xassələr və tətbiqlər” ("Starch Conjugates: Properties and Applications") kitabında müəllifə aid iki fəsil dərc edilib.
Kitabın “Nişasta-qida lif konyuqatları: hazırlanması, xassələr və tətbiqlər” (“Starch-Dietary Fiber Conjugates: Preparation, Properties and Applications”) adlı ilk fəslinin müəllifləri Muhammad Usman Akramla yanaşı, Tamer M. El-Messery və Ahmed A.Zakydir. Fəsil nişasta-qida lifi konyuqatlarının hazırlanması və xassələri, həmçinin onların funksional qidalar, aşağı qlisemik indeksli məhsullar, dayanıqlı qablaşdırma, əczaçılıq və materialşünaslıq sahələrində potensial tətbiqlərindən bəhs edir.
Kitabın "Qida sənayesində nişasta konyuqatları: tekstura, sabitlik və qida dəyərinin artırılması" (“Starch Conjugates in Food Industry: Enhancing Texture, Stability, and Nutritional Value”) adlı ikinci fəslini Muhammad Usman Akram ilə Ravinder Singh yazıblar. Fəsil qida məhsullarının teksturası, sabitliyi, funksionallığı və qida dəyərini yaxşılaşdırmaq məqsədilə nişasta konyuqatlarının istifadəsi, eləcə də onların stabilizator, emulqator, yağ əvəzedicisi və funksional inqrediyent kimi tətbiq imkanlarından bəhs edir.
Dr. Muhammad Usman Akram həmçinin Sallahuddin Panhwar, Hareef Ahmed Keerio, Said Nawab və Ugur Tamer ilə birlikdə həmmüəllif olduğu, “Springer” nəşriyyatının "Biokimyəvi mühəndislik / Biotexnologiya sahəsində inkişaf” (Advances in Biochemical Engineering / Biotechnology") adlı nüfuzlu elmi kitab seriyası çərçivəsində dərc edilmiş “Yan axın immunanalizi vasitəsilə dərmanlara davamlı bakteriyaların optik biosensor əsasında aşkarlanması” ("Optical Biosensor-Based Detection of Drug-Resistant Bacteria Using Lateral Flow Immunoassay") başlıqlı kitab fəslinin hazırlanmasına töhfə verib. Bu fəsildə antimikrob preparatlara davamlı bakteriyaların sürətli və etibarlı şəkildə aşkarlanması üçün qabaqcıl optik biosensor texnologiyalarının tətbiqindən bəhs edilir. Tədqiqat bu texnologiyaların qida təhlükəsizliyinin artırılması, mikrobioloji monitorinqin təkmilləşdirilməsi, epidemioloji nəzarətin gücləndirilməsi və qida istehsalı mühitində bakterial çirklənmənin real zamanda aşkarlanması sahəsindəki potensial tətbiq imkanlarını araşdırır.
Qeyd edək ki, Muhammad Usman Akram qida mühəndisliyi və qida elmləri sahəsində ixtisaslaşmış müəllimdir. O, Türkiyənin Hacettepe Universitetində Qida mühəndisliyi ixtisası üzrə fəlsəfə doktoru (PhD) dərəcəsi alıb. Pakistan, Türkiyə, ABŞ, Kanada və Azərbaycanda akademik və tədqiqat sahəsində zəngin təcrübəyə sahibdir və tədqiqat istiqamətləri qida mühəndisliyi, qida emalı, funksional qidalar, bioaktiv birləşmələr, qida sənayesinin yan məhsullarının davamlı şəkildə dəyərləndirilməsi, bitki mənşəli qidalar, taxıl elmi və qida təhlükəsizliyini əhatə edir.
2025-ci ilin avqust ayından etibarən alim TAU-nun Qida mühəndisliyi kafedrasında professor köməkçisi vəzifəsində çalışır. O, bakalavr səviyyəsində Qida kimyası laboratoriyası, İnstrumental analiz və Mühəndislik termodinamikası fənlərini tədris edir.
Hazırda Dr. Muhammad Usman Akram “Azərbaycan narının yan məhsullarının funksional bioaktiv ekstraktlara çevrilməsi yolu ilə davamlı dəyərləndirilməsi” (“Sustainable Valorization of Azerbaijani Pomegranate By-products into Functional Bioactive Extracts”) adlı tədqiqat layihəsində də iştirak edir.




