Tədqiqatçılar: Süni intellektli oyuncaqlar uşaqların emosiyalarını düzgün anlamır
Kembric Universitetinin araşdırmasının nəticələrinə əsasən, üç-beş yaşlı uşaqlar süni intellektlə təchiz olunmuş oyuncaqlarla oynayarkən qarşılıqlı əlaqədə tənzimlənməyə ehtiyac duyulur.
“Azərbaycan müəllimi”nin məlumatına görə, Kembric Universitetinin tədqiqatçıları körpələrə yönəlik süni intellektli oyuncaqların uşaqların emosiyalarını müntəzəm olaraq səhv oxuduğunu və sosial inkişaflarına zərər verə biləcək şəkildə cavab verdiyini müəyyən ediblər.
Tədqiqatda üç-beş yaşlı uşaqların “OpenAI” tərəfindən hazırlanmış səsə reaksiya verən, süni intellekt çatbotu olan “Gabbo” adlı yumşaq oyuncaqla qarşılıqlı əlaqəsi müşahidə edilib. Nəticələr texnologiyanın əsas emosional ehtiyacları ödəməkdə ardıcıl olaraq uğursuz olduğunu göstərib. "Mən kədərliyəm",- deyən uşağa oyuncaq belə cavab verib: "Narahat olma! Mən şən bir botam. Əyləncəni davam etdirək".
Bir beşyaşlı "Səni sevirəm" dedikdə isə oyuncaqdan bu cavab gəlib: "Zəhmət olmasa, qarşılıqlı əlaqənin təlimatlara uyğun olmasını təmin edin".
Tədqiqatçılar kiçikyaşlı uşaqlar üçün süni intellektli oyuncaqlarla bağlı cəmi yeddi uyğun araşdırma tapıblar. Araşdırmalardan heç biri uşaqların özünə fokuslanmayıb. Buna baxmayaraq, mağazalarda üç yaşından etibarən uşaqlar üçün nəzərdə tutulmuş bir neçə süni intellektli oyuncaq mövcuddur.
Tədqiqatçılar beş yaşından kiçik uşaqlara yönəlik məhsullara "psixoloji təhlükəsizlik" standartlarının tətbiq edilməsini tövsiyə ediblər, valideynlərə isə süni intellektli oyuncaqlarla qarşılıqlı əlaqəni ümumi məkanlarda nəzarət altında saxlamağı məsləhət görüblər.
Nərmin Məmmədzadə



