"Təhsil həm də əmək bazarının gələcəyini formalaşdırmaq imkanıdır" – Nazirlik rəsmisi
"Karyera planlaması yalnız iş axtarışı mərhələsində başlayan proses deyil, bu insanın seçimlərinə, sahəvi olaraq inkişafına məsuliyyətlə yanaşması və özünü dəyişən dünyaya hər zaman hazırlıqlı saxlaması deməkdir".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova "CareerPlus” Proqramı çərçivəsində keçirilən Karyera Forumunda söyləyib.
Onun sözlərinə görə, karyera insanın özünü tanıdığı, maraqlarını kəşf etdiyi, potensialını anlamağa və gələcəyi ilə bağlı qərarlar verdiyi mərhələdən başlayır: "Bu gün əmək bazarı sürətlə dəyişir. Süni intellekt və rəqəmsal texnologiyalar peşələrin məzmununu, işəgötürənlərin gözləntilərini və uğurun meyarlarını yenidən formalaşdırır. Belə bir şəraitdə yalnız nəzəri biliklərə sahib olmaq yetərli deyil. Həmin bilikləri tətbiq etmək, problemləri həll etmək, komanda ilə işləmək, təşəbbüs göstərmək və davamlı öyrənmək bacarığı da xüsusi əhəmiyyət daşıyır".
A.Həsənova-Məmmədova qeyd edib ki, Elm və Təhsil Nazirliyi təhsilin əmək bazarının tələbləri ilə uzlaşdırılmasını, tələbələrin praktiki bacarıqlarının inkişafını və işəgötürənlərlə təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsini ali təhsil pilləsi üzrə ən vacib istiqamətlərdən hesab edir: "Çünki təhsil yalnız əmək bazarına hazırlaşmaq deyil, eyni zamanda həmin bazarın gələcəyini formalaşdırmaq imkanıdır.
Bu prosesdə məsuliyyət yalnız gənclərin üzərinə düşmür. Təhsil müəssisələrinin, işəgötürənlərin və dövlət qurumlarının birgə fəaliyyəti vacibdir. Tələbələrə təhsil aldıqları müddətdə real iş mühiti ilə tanış olmaq, təcrübə qazanmaq, öz bacarıqlarını sınamaq və peşəkar əlaqələr qurmaq üçün daha geniş imkanlar yaratmalıyıq".




