Tünzalə Vəliyeva: “Maarifçi”yə maraq kifayət qədər yüksəkdir – MÜSAHİBƏ
IV “Maarifçi” Tələbə-məzun proqramına qeydiyyat davam edir. Qeydiyyat prosesi ilə bağlı Elm və Təhsil Nazirliyinin əməkdaşı, "Maarifçi" tələbə-məzun təcrübə proqramının işçi qrupunun katibi Tünzalə Vəliyeva "Azərbaycan müəllimi"nin suallarını cavablandırıb.
Maarifçi olmaq istəyənlərin sayı 4000-i keçdi
– Layihəyə qeydiyyat necə gedir?
– Bildiyiniz kimi, lV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat martın 11-dən başlayıb. “Rəqəmsal gələcək” adlanan builki proqrama qeydiyyat prosesi anket.edu.az platforması üzərindən həyata keçirilir və kifayət qədər sadədir. Müraciət edən şəxslər sistemə daxil olaraq şəxsi məlumatlarını, təhsil göstəricilərini, dil biliklərini və mövcud sertifikatlarını qeyd edərək müraciətlərini tamamlayırlar.
– İştirak səviyyəsi necədir? Qeydiyyatdan keçənlərin sayı çoxdurmu və bu rəqəm proqrama marağı necə əks etdirir?
-Qeydiyyatın ilk günlərindən müraciətlərin sayında aktivlik müşahidə olunur. Bu da tələbə və məzunlar arasında proqrama olan marağın kifayət qədər yüksək olduğunu göstərir. Ümumilikdə, müraciət edənlərin say dinamikası proqramın aktuallığını və gənclərin bu cür inkişaf imkanlarına böyük ehtiyac duyduğunu əks etdirir. Proqram elan olunandan 3 gün sonrakı statistikada artıq 3000-dən çox tələbə və məzunun müraciət ediyini gördük. Bu günədək olan müraciət sayı 4000-i kecib. Nəzərə alsaq ki, qeydiyyat martın 31-dək davam edəcək, bu rəqəmin artacağı şübhə doğurmur.
CV sənədinin yüklənməsi və ixtisaslarına uyğun təcrübə sahəsinin seçilməsi ilə bağlı suallarla müraciət edirlər
– İştirak etmək istəyənlər daha çox hansı məsələlərlə bağlı müraciət edirlər? Prosesdə hər hansı çətinliklə qarşılaşanlar olur?
– Qeydiyyat prosesi ümumilikdə kifayət qədər sadə təşkil olunub və ciddi çətinliklər müşahidə edilmir. Müraciət edənlər daha çox CV sənədinin yüklənməsi və ixtisaslarına uyğun təcrübə sahəsinin seçilməsi ilə bağlı suallarla müraciət edirlər. Həm sosial media kanalları, həm də rəsmi müraciət portalı üzərindən daxil olan bütün sorğular operativ şəkildə cavablandırılır. Qeydiyyat müddətinin martın 31-dək müəyyən edilməsi isə tələbə və məzunların tətil günlərində asudə vaxtlarından istifadə edərək rahat şəkildə müraciət edə bilmələrinə şərait yaratmaq məqsədi daşıyır.
– Bəzi müraciətçilər qeydiyyatdan keçdikdən sonra təsdiq bildirişi almadıqları üçün narahat olurlar. Onlar qeydiyyatlarının uğurla tamamlandığını necə yoxlaya bilərlər?
– Müraciətçilər qeydiyyat prosesini tamamladıqdan sonra “təsdiq et” bölməsinə sıxdıqda sistem tərəfindən qeydiyyat təsdiqlənmiş hesab olunur. Bundan əlavə, onlar yenidən anketə daxil olaraq məlumatlarının tam şəkildə saxlanıldığını görürlərsə, bu, qeydiyyatın uğurla tamamlandığını və təsdiq edildiyini göstərir.
– Bu il proqramın şərtlərində və ya tətbiq prosesində hər hansı dəyişiklik nəzərdə tutulurmu?
– Cari ildə proqramın qəbul şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur. Əvvəlki illərdə olduğu kimi, ali təhsil müəssisələrinin IV kurs tələbələri, magistratura səviyyəsində təhsil alanlar və son üç il ərzində məzun olmuş şəxslər proqrama müraciət edə bilərlər.
Təcrübəçi ehtiyacı müəyyən edilir və...
– Təcrübə proqramına neçə nəfərin seçilməsi planlaşdırılır?
– Təcrübə proqramına seçiləcək namizədlərin sayı əvvəlcədən aparılmış sorğu əsasında müəyyən olunur. Belə ki, Elm və Təhsil Nazirliyində, tabeliyindəki qurumlarda və regional təhsil idarələrində, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində müvafiq sahələr üzrə təcrübəçi ehtiyacı müəyyən edilir və iştirakçıların sayı buna əsasən təsdiqlənir.
– Müraciət sayı gözləniləndən çox olarsa, iştirakçı sayında artım mümkündürmü?
– Qeyd etdiyim kimi, iştirakçı siyahısı öncədən müəyyən edilmiş ehtiyac əsasında tərtib olunur, buna görə müraciət sayı gözləniləndən çox olsa belə, iştirakçı sayında artım mümkün deyil.
– “Ehtiyac" deyərkən, təcrübəçilər nazirlik və tabe qurumlarda vakansiyalar üzrə müəyyən edilir?
– Öncəliklə qeyd edim ki, “Maarifçi” işə qəbul proqramı deyil, təcrübə proqramıdır. Tələbə və ya məzunlar proqramda iştirak etməklə elm və təhsil sahasində bilik və bacarıqlarını artırırlar. “Təcrübəçi ehtiyacı” deyildikdə, sadəcə qurumda mentorluğun aparıla biləcəyi, tələbə və ya məzunun daha dərin biliklər əldə edəcəyi, nəzəri biliklərini düzgün tətbiq edə biləcəyi istiqamətlər müəyyənləşir. Təcrübə müddətində bilik və bacarıqları ilə seçilən kadrlar qurumlarda müvafiq yardımçı vəzifələr üzrə vakansiya olduqda ehtiyat kadr kimi nəzərdən keçirilirlər. Ancaq burada qəti şəkildə proqramın işə qəbulla nəticələnəcəyi barədə vəd verilmir. Onu da əlavə edim ki, Elm və Təhsil Nazirliyində və strukturuna daxil olan qurumlarda işə qəbul “Dövlət qulluğu” haqqında müvafiq qanunvericiliyə əsasən aparılır. Sevindirici haldır ki, artıq “Maarifçi”lərimiz sırasında “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək” barədə sertifikat alanlar və müsabiqənin digər mərhələlərindən keçib “dövlət qulluqçusu” olanlar var.



