Ucqar məktəblərinin kadr problemi ən aşağı səviyyədədir – MÜTDA direktoru
“Bu il ucqar kənd məktəblərində kadr təminatı problemi son 10-20 ilin bəlkə də ən aşağı səviyyəsindədir. Düşünürəm ki, növbəti illərdə də bu sahədə vəziyyət daha yaxşı olacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan “Pressinq” verilişində bildirib.
Onun sözlərinə görə, ucqar kənd məktəblərində müəllim təminatının yaxşılaşdırılması istiqamətində müxtəlif mexanizmlər tətbiq olunur:
“Bu məktəblərə işə qəbul olunan müəllimlərin stimullaşdırılması, vakant yerlərin daha dayanıqlı şəkildə tutulması və sonradan imtina hallarının qarşısının alınması məqsədilə əlavə tədbirlər görülür”.
Agentlik direktoru vurğulayıb ki, tətbiq olunan yanaşmalardan biri vakant yerin yerləşdiyi rayonun sakinlərinə üstünlük verilməsidir:
“Bu yanaşma həmin vakant yerlərin daha dayanıqlı şəkildə tutulmasına və sonradan imtina hallarının azalmasına xidmət edir”.
E.Bağırov qeyd edib ki, şagird sayı az olan ucqar məktəblərdə müəllimlərin dərs yükünün formalaşdırılması ilə bağlı da fərqli yanaşmalardan istifadə olunur:
“Bir neçə məktəbdə eyni fənn üzrə dərs saatları az olduqda həmin saatların bir vakant yer üzrə birləşdirilməsi mümkündür. Nümunə olaraq, iki və ya üç məktəbdə eyni fənn üzrə az sayda dərs saatı varsa, həmin dərs yükü bir iş yeri kimi təqdim edilə bilər. Bu zaman namizəd əvvəlcədən məlumatlandırılır və o, öz razılığı əsasında bir neçə məktəbdə fəaliyyət göstərə bilər”.
Agentlik rəsmisi vurğulayıb ki, bu mexanizm həm müəllimin dərs yükünün daha optimal formalaşdırılmasına, eləcə də bir neçə məktəbdə eyni fənn üzrə müəllim təminatının yaxşılaşdırılmasına imkan verir.




