Uğur davamlı zəhmət və səbir tələb edir - Finala yüksələn şagirdlərlə MÜSAHİBƏ
Respublika fənn olimpiadalarının (RFO) yarımfinal turu yekunlaşdı. Final mərhələsinə yüksələn şagirdlərin uğur hekayələri bir daha göstərir ki, bu yol yalnız bilik deyil, həm də əzm, səbir və məqsədyönlülük tələb edir.
“Azərbaycan müəllimi” bu uğurun arxasında dayanan zəhməti və motivasiyanı aydın şəkildə ortaya qoyan şagirdlərin düşüncələrini təqdim edir.
“Bu mənim üçün bir təcrübə oldu”
Astara rayonu A.Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin IX sinif şagirdi Hikmət Abiyev təhsilə marağının ailədən qaynaqlandığını bildirir: “Valideynlərim də ali təhsillidirlər. İbtidai sinifdə təhsil alanda da müxtəlif sınaq imtahanlarında iştirak edib yüksək nəticələr əldə edirdim”.
Hazırda IX sinifdə oxuyan Hikmət olimpiada yoluna VI sinifdə qoşulduğunu və ilk uğursuzluğun onun üçün təcrübəyə çevrildiyini qeyd edir: “Rayon mərhələsində yüksək bal toplayaraq yarımfinala keçsəm də, yarımfinal mərhələsində 2 bal fərqlə kənarda qaldım. Bu, mənim üçün bir təcrübə oldu”. O, daha sonra müəlliminin yönləndirməsi ilə fizika fənninə üz tutaraq uğur qazandığını vurğulayır: “VII sinifdə oxuyarkən fənn müəllimim Afaq Şükürova fizika fənninə olan marağımı görüb RFM-də fizika üzrə iştirak etməyi məsləhət gördü, sayəsində bütün mərhələləri adlayaraq bürünc medal qazandım”.
Hazırda da fizika üzrə final mərhələsinə yüksələn Hikmət məqsədinin daha böyük uğurlar qazanmaq olduğunu bildirir: “Məqsədim daha çox çalışmaq, biliklərimi artırmaq və yenidən medal qazanmaqdır”. O, çətinliklərin qaçılmaz olduğunu qəbul edir və əlavə edir: “Bilirəm ki, uğura gedən yol heç də hamar olmur. Şübhəsiz, çətinliklər də olur. Əzmkarlıq və qətiyyət lazımdır”.
Şagird qazandığı uğurların onu daha da ruhlandırdığını deyir və “Xarıbülbül” bilik yarışmasında əldə etdiyi nəticələri də xatırladır: “Lənkəran RTİ-nin təşkil etdiyi “Xarıbülbül” bilik yarışmasında həm VIII, həm də IX sinifdə iştirak edərək fizika fənni üzrə I yerə layiq görülmüşəm. Qazandığım uğurlar məni həvəsləndirir, daha böyük nailiyyətlərə səsləyir”. Digər şagirdlərə isə sözü var: “Məqsədli olsunlar, oxuyub-öyrənməkdən usanmasınlar. Çünki, “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz’”.
“Məni ən çox bu həyəcanlandırır: birdən gözləntiləri doğrulda bilmərəm”
Yardımlı rayonu Elxan Adişov adına Qabaqdibi kənd tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Altay Ağazadə isə coğrafiya fənni üzrə finala vəsiqə qazanıb. O, hazırlıq prosesində həm dərsliklərdən, həm də əlavə vəsaitlərdən istifadə etdiyini bildirir: “RFO-ya hazırlaşan zaman məktəb dərsliklərindən və əlavə vəsaitlərdən oxuyur, çoxlu testlər işləyirdim”.
Altayın sözlərinə görə, bu uğur müəllim və valideyn dəstəyi ilə yanaşı, şəxsi səylərinin nəticəsidir: “Müəllimlərimin, valideynlərimin köməyi və öz səyim nəticəsində bu uğura nail oldum”. Hazırlıq prosesinin çətinliyinə baxmayaraq, onun üçün motivasiya mənbəyinə çevrildiyini vurğulayır: “Hazırlıq prosesi çətin olsa da, çox maraqlı və motivasiyaedici idi”.
O, ən böyük narahatlığının gözləntiləri doğrulda bilməmək olduğunu etiraf edir: “Məni ən çox o həyəcanlandırırdı ki, birdən müəllimlərimin və valideynlərimin gözləntisini doğrulda bilmərəm”. Bununla yanaşı, çətin sualların onu daha çox çalışmağa sövq etdiyini bildirir.
Altay qazandığı uğurun sevincini belə ifadə edir: “Əziyyətimin nəticəsini görmək çox xoş idi. Ailəm və müəllimlərim mənimlə fəxr edirdilər”. Gələcəkdə iqtisadiyyat və idarəetmə sahəsində təhsil almaq istəyən şagird digər şagirdlərə belə tövsiyə edir: “Müntəzəm çalışsınlar, çətinlikdən qorxmasınlar və özlərinə inansınlar. Uğur birdən-birə gəlmir, davamlı zəhmət və səbr tələb edir”.
“Əldə etdiyim uğurların əsas səbəbkarı məktəb müəllimimdir”
Cəlilabad rayonu Alar kənd H.Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin IX A sinif şagirdi Əziz Mirzəyev isə artıq olimpiada təcrübəsi olan şagirdlərdəndir. O keçən tədris ilində, 2025-ci ildə RFO-da coğrafiya fənni üzrə II yerə (gümüş medal) layiq görüldüyünü bildirir. Bu il də yüksək nəticə göstərərək finala yüksəldiyini qeyd edir: “RFO-nun rayon mərhələsində 100 balla yarımfinala vəsiqə qazanmışam. Yarımfinalda isə 87.5 balla finala yüksəlmişəm”.
Əziz əldə etdiyi uğurların arxasında müəlliminin böyük rol oynadığını xüsusi vurğulayır: “Əldə etdiyim uğurların əsas səbəbkarı məktəb müəllimim Saməddin Əliyevdir”. O, həmçinin ailəsinin və müəllimlərinin dəstəyini də qeyd edir.
Digər şagirdlərdən fərqli olaraq, o, imtahanlarda həyəcan keçirmədiyini deyir: “Mənim RFO-da və digər imtahanlarda həyəcanım olmayıb. Və hər dəfə gedəndə inanaraq getmişəm”.
Gələcək planları isə böyükdür: “Coğrafiya müəllimi, iqtisadçı, hətta iqtisadiyyat naziri kimi sahələr də ola bilər”. O, olimpiadaya hazırlaşan şagirdlərə belə tövsiyə verir: “Onlara düzgün istiqamət verilsin, ən incəliklərə qədər fikir verilsin. Çünki olimpiada elə şeydir ki, əhəmiyyət vermədiyin məlumatları belə qabağına çıxarır”.
Bu şagirdlərin hər biri fərqli yol keçsə də, onların hekayələrini birləşdirən ortaq cəhətlər var: zəhmət, məqsəd və inam. Respublika fənn olimpiadalarının final mərhələsinə yüksəlmək artıq böyük uğurdur. Bu uğur isə gələcəkdə daha böyük nailiyyətlərin başlanğıcı kimi dəyərləndirilir.



