Universiteti yox, orta məktəbi seçən elmlər doktoru: “Heç vaxt peşman olmamışam”

13 İyul, 2026 - 11:29
Universiteti yox, orta məktəbi seçən elmlər doktoru:

Bir elmlər doktorunu harada axtarardınız? Çox güman ki, universitet auditoriyasında. Amma Azərbaycanda elə alimlər də var ki, hər səhər yolunu orta məktəbə salır. Özü də onların sayı çox deyil. Dövlət ümumtəhsil məktəblərində çalışan cəmi 5 elmlər doktoru var. 

Filologiya elmləri doktoru Elnurə Cavadzadə həmin beş nəfərdən biridir. O niyə universiteti deyil, məktəbi seçib? Bu seçimin arxasında hansı düşüncə dayanır? 

“Azərbaycan müəllimi” Elnurə Cavadzadə ilə olan müsahibəni təqdim edir: 

“Şagirdi başa düşməyən, onunla ünsiyyət qura bilməyən insanın məktəbi uğurla idarə etməsi çətindir”

– Əvvəlcə istərdim ki, özünüz haqqında məlumat verəsiniz. Hazırda hansı məktəbdə çalışırsınız?  

– Mən Sankt-Peterburqda anadan olmuşam. Orta təhsilimin doqquzuncu sinfə qədər olan hissəsini də orada almışam. Valideynlərim Sankt-Peterburqda işləyirdilər. Daha sonra ailəlikcə Azərbaycana qayıtdıq və mən 10–11-ci sinifləri burada oxudum. 
1997-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə qəbul oldum. Bakalavr təhsilimi başa vurduqdan sonra elə ADPU-da magistratura pilləsində təhsil aldım. Daha sonra Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına daxil olub orada əvvəlcə elmlər namizədliyi üzrə, daha sonra isə elmlər doktorluğu üzrə dissertasiyalarımı müdafiə etmişəm.

Aspiranturada oxuyarkən əmək fəaliyyətinə başlamışam. Bakı şəhəri Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli tam orta məktəbində müəllim kimi 5 il çalışdıqdan sonra əmək fəaliyyətimi İctimai Televiziyada davam etdirdim. Xəbər aparıcısı kimi 14 il orada fəaliyyət göstərmişəm. Həmin dövrdə paralel olaraq Bakı Dövlət Universitetinin Müasir Azərbaycan dili kafedrasında müəllim kimi çalışırdım.

Sonra isə təhsilə olan marağım məni başqa bir qərar verməyə sövq etdi. Gördüm ki, hər şey təhsildən, məktəbdən başlayır. Şəxsiyyətin formalaşması da, insanın əldə etdiyi ilk biliklər də məhz məktəbdə yaranır. Buna görə də məktəb direktorlarının işə qəbulu müsabiqəsində iştirak etdim və uğur qazandıqdan sonra məktəb direktoru təyin olundum.

2014-cü ildən etibarən Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta ümumtəhsil məktəbində direktor olaraq çalışıram, həmçinin məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edirəm. Hesab edirəm ki, ən yaxşı idarəçi eyni zamanda ən yaxşı müəllim olmalıdır. Şagirdi başa düşməyən, onunla ünsiyyət qura bilməyən insanın məktəbi uğurla idarə etməsi də çətin olar.
Mən həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Müxtəlif romanlarım, hekayələrim və mətbuatda dərc olunmuş publisistik məqalələrim var.

“Elm adamlarının məktəblərdə fəaliyyət göstərməsi cəmiyyət üçün daha faydalıdır”

– Elmlər doktoru olduqdan sonra bir çox alimlər universitetə üz tuturlar. Siz də bir müddət ali məktəbdə çalışmısınız. Bəs niyə sonda orta məktəbi seçdiniz? Hazırda universitetdə fəaliyyət göstərirsiniz?

– Xeyr, hazırda yalnız məktəbdə çalışıram. Məktəbdəki işlərimlə yanaşı, yaradıcılıqla da məşğulam, əsərlərimin üzərində işləyirəm. Buna görə də vaxtımı əsasən məktəbə həsr edirəm.

Həqiqətən, elmi dərəcə aldıqdan sonra insanların çoxu ali məktəbdə çalışmağa üstünlük verir. Amma mən düşünürəm ki, ən güclü akademik mühit məhz məktəblərdə formalaşdırılmalıdır. Professorlarımız, elm adamlarımız məktəblərlə daha sıx əlaqədə olmalıdırlar. Çünki hər şey orta məktəbdən başlayır.

Ali məktəbdə işlədiyim dövrdə yüksək bal toplamış tələbələrlə ünsiyyətdə olurduq. Görürdüm ki, onların düşüncə tərzinin, mütaliəsinin, dünyagörüşünün əsası məhz məktəb illərində qoyulub. Universitetdə artıq bu boşluqları doldurmaq çox çətin olur.
Hesab edirəm ki, güclü xarakterin formalaşması üçün nizam-intizam əsas şərtdir. İnsan arzularının arxasınca getmək istəyirsə, ilk növbədə, özünə qarşı intizamlı olmalıdır. Ünsiyyət bacarıqları, insanlarla münasibət qurmaq, məsuliyyət hissi – bunların hamısı məktəbdə formalaşır.

Əgər bu keyfiyyətlər 11 il ərzində formalaşmayıbsa, artıq universitetə gələn gəncdə onları yaratmaq daha çətin olur. Buna görə də hesab etdim ki, elm adamlarının məktəblərdə fəaliyyət göstərməsi cəmiyyət üçün daha faydalıdır. Mən bu yolu seçdim və bu seçimimdən heç vaxt peşman olmadım.

– Məktəblərlə elmi müəssisələr arasında əməkdaşlıq daha da güclənsə, bunun şagirdlərə nə kimi faydası olar?

– Mən hesab edirəm ki, alimlərlə məktəblər arasında nə qədər sıx əməkdaşlıq olsa, bu, şagirdlərin tədqiqatçılıq və araşdırma bacarıqlarının inkişafına bir o qədər müsbət təsir edər. Onlar elmi mətn yazmağı, layihələr üzərində işləməyi daha erkən yaşlardan öyrənərlər. Ən əsası isə istedadlı uşaqları məktəb illərində kəşf etmək mümkün olar.

Əvvəllər bu cür uşaqları əsasən universitetlərdə görürdük. Artıq onlar müəyyən vaxt itirmiş olurdular. İndi isə müxtəlif layihələr, müsabiqələr və proqramlar sayəsində onların bacarıqları daha erkən üzə çıxır. Əgər alimlərimiz də bu prosesdə məktəblərlə daha sıx əməkdaşlıq etsələr, şagirdlərin inkişafı daha sürətli olar.

Həmişə deyirəm ki, uşaqların hədəfləri kiçik yaşlardan müəyyənləşməlidir. Bəzən valideynlər deyirlər ki, hələ tezdir, qoy əvvəl məktəbi bitirsin, sonra ixtisasını seçər. Mən bununla razı deyiləm. Əgər insanın qarşısında məqsəd yoxdursa, onun səyləri də istiqamətsiz olacaq. Məktəblərə gələn alimlər, elm adamları uşaqların maraqlarını erkən yaşlardan müəyyənləşdirməyə kömək edə bilərlər. Məsələn, məktəbimizdə ikinci sinifdə oxuyan bir şagird var. Müəllimləri onu gülümsəyərək mənə təqdim etmişdilər. Deyirdilər ki, bu uşaq hər yerdə “mən fizik olacağam, böyük kəşflər edəcəyəm”,- deyir. Mən isə dedim ki, buna təbəssümlə yanaşmayın. Əgər uşağın daxilində bu işıq varsa, onu inkişaf etdirmək lazımdır. İstedad torpağın altında gizlənmiş qızıl kimidir. Onu üzə çıxarmaq və cilalamaq bizim borcumuzdur.

– Bildiyim qədər, ikinci ali təhsiliniz də var. Bu barədə də danışardınız...

– Bəli. Mən Sankt-Peterburq Dövlət Konservatoriyasını da bitirmişəm. Təhsilimi başa vurduqdan sonra mənə orada işləmək və əməkdaşlıq etmək təklif olunmuşdu. Hətta xarici universitetlərdən də təkliflər almışdım.

Amma mən öz ölkəmdə çalışmağa üstünlük verdim. Düşündüm ki, əgər faydalı ola bilirəmsə, bunu öz xalqım, öz ölkəm üçün etməliyəm. Bu qərarı da böyük məmnuniyyətlə verdim. 

Direktorların işə qəbulu müsabiqəsindən uğurla keçdikdən sonra müxtəlif vakant məktəblər təklif olunurdu. Mən isə qəsəbə məktəbini seçdim. Hesab etdim ki, qəsəbələrdə yaşayan uşaqların daha çox dəstəyə ehtiyacı var. Onların inkişafına, arzularının gerçəkləşməsinə töhfə vermək daha vacibdir.

Paytaxt məktəblərində təhsil alan uşaqların imkanları nisbətən daha genişdir. Onlar mədəniyyət ocaqlarına, teatrlara, muzeylərə daha yaxındırlar. Paytaxtın həyat ritmi ilə ucqar və qəsəbələrin həyat ritmi eyni deyil. Buna görə də düşündüm ki, daha çox dəstəyə ehtiyac olan yerdə çalışmalıyam. Bu qərarımdan da çox məmnunam.

– İndiyədək tanışlarınızdan və ya həmkarlarınızdan “elmlər doktorunun məktəbdə nə işi var, universitetdə işləməlisən”, – deyən olubmu? Çünki ali məktəblərdə həm imkanlar, həm də əməkhaqqı baxımından fərqli şərait mövcuddur.

– Bəli, bu mənə ən çox verilən suallardan biridir. Tez-tez soruşurlar ki, niyə universitetdə deyil, məktəbdə çalışıram. Mən isə hər dəfə eyni cavabı verirəm. Ola bilər ki, kimsə buna inanmasın, amma mən bununla, həqiqətən, qürur duyuram. İstəyirəm ki, mənim akademik bilik və bacarıqlarım şagirdlərimizin, gələcəyimiz olan uşaqlarımızın formalaşmasına xidmət etsin.

Əlbəttə, ali məktəbdə işləmək daha geniş imkanlar yaradır. Amma, məncə, əgər bütün elm adamları yalnız universitetlərdə çalışsalar, məktəblər bundan məhrum olar. Halbuki məktəblərin bu dəstəyə çox ehtiyacı var.

Universitetdə müəllim dərsini deyir, sonra isə elmi fəaliyyəti, məqalələri, kitabları üzərində işləmək üçün daha çox vaxtı olur. Məktəbdə isə vəziyyət tam fərqlidir. Burada həm müəllimlərlə işləməlisən, həm şagirdlərlə, həm valideynlərlə. Mənim iş günüm günün müəyyən saatında bitmir. İş günüm səhər saat 6-dan başlayır. Günün ikinci yarısından sonra isə yazılarımla, yaradıcılığımla məşğul oluram.

Bütün bunların içərisində məni ən çox sevindirən məqamlardan biri şagirdlərlə qurduğumuz münasibətdir. Məktəbimizdə yalnız mənim oxuya bildiyim “Məni dinlə” adlı xüsusi bir qrup var. Şagirdlər öz fikirlərini, problemlərini, narahatlıqlarını həmin qrup vasitəsilə mənə yazırlar. Onlar əmindirlər ki, yazdıqlarını məndən başqa heç kim oxumayacaq. Həmin məktubları oxuyanda görürəm ki, uşaqların nə qədər böyük ehtiyacları var. Onlar bəzən sadəcə dinlənilmək, məsləhət almaq, yol göstərilməsini istəyirlər. Mən onları qəbul edir, söhbət edirəm.

Hesab edirəm ki, əgər gün ərzində bir şagirdə 40 dəqiqə vaxt ayırıramsa və bu söhbət onun həyatında kiçik də olsa, bir işıq yandıra bilirsə, onu ümidsizlikdən uzaqlaşdıra bilirsə, bu mənim üçün ən böyük qazancdır.
Bu gün sosial şəbəkələrin təsiri altında böyüyən uşaqlar var. Elə uşaqlar var ki, ailə problemləri yaşayırlar, dəstəyə ehtiyac duyurlar. Əgər müəllim və ya direktor olaraq həmin uşağın həyatına müsbət təsir göstərə bilirəmsə, hesab edirəm ki, gördüyüm iş ən doğru seçimdir.

– Elmi dərəcəsi olan müəllimlərə məktəblərdə çox az rast gəlinir. Sizcə, bunun səbəbi nədir? Niyə həm fəlsəfə doktorları, həm də elmlər doktorları məktəblərə üz tutmurlar?

– Hesab edirəm ki, bu, insan təbiəti ilə də bağlıdır. İnsan daim inkişaf etmək, irəli getmək, yeni mərhələlərə yüksəlmək istəyir. Bu, tamamilə normaldır.

Ola bilər ki, mənim yüksək elmi dərəcəyə malik həmkarlarım düşünürlər ki, ali məktəblərdə çalışmaqla elmə daha çox töhfə verə bilərlər. Orada elmi araşdırmalar aparmaq, məqalələr yazmaq, kitablar nəşr etdirmək üçün daha geniş imkanlar var. Amma mən özüm başqa cür düşünürəm. Mənə görə, insanın ən böyük uğuru cəmiyyət üçün faydalı ola bilməsidir.

Yüksək elmi dərəcəyə malik həmkarlarımla söhbət edəndə onlardan həmişə bir xahişim olur. Deyirəm ki, imkan tapdıqca məktəblərə gəlin, şagirdlərlə görüşün, onlarla söhbət edin. Çünki uşaqların sizin fikirlərinizə, təcrübənizə çox böyük ehtiyacı var.
Bəzən mənə deyirlər ki, onsuz da tələbələr ali məktəbə gələndə bizimlə görüşəcəklər. Mən isə bununla razılaşmıram. Hesab edirəm ki, ali məktəbə gələndə artıq bir çox məsələlər üçün gec olur. İnsanın dünyagörüşü, düşüncə tərzi, xarakteri, şəxsiyyəti məktəb illərində formalaşır. Dəstəyə də məhz həmin dövrdə ehtiyac duyulur. Mən bunu öz həyatımdan da bilirəm. Çünki mən həmin dəstəyi məhz məktəb illərində görmüşəm.

– Necə? 

– Mən çox aztəminatlı ailədə böyümüşəm. O zaman düşünürdüm ki, maddi imkanlarım məhdud olduğu üçün arzularımın arxasınca gedə bilməyəcəyəm.

Məktəbimizdə tarix müəllimi var idi. Sonralar öyrəndim ki, o, tarix üzrə elmlər namizədidir. Həmin müəllim mənə həmişə deyirdi ki, sən arzularının arxasınca gedəcəksən: “Maddi imkanlarının az olması səni qorxutmasın. Mən sənə dəstək olacağam”.
Doğrudan da, o insan mənə böyük dayaq oldu. Məni müxtəlif müəllimlərin yanına yönləndirdi, inkişaf etməyim üçün imkanlar yaratdı. Hansı sahədə zəif olduğumu görürdülərsə, həmin istiqamətdə mənə kömək edirdilər.

Mən o vaxt özümə söz vermişdim ki, nə vaxtsa mən də başqa uşaqlar üçün belə bir insan olacağam. Bu gün də çalışıram ki, məktəbdə oxuyan hər bir uşaq hiss etsin ki, onun yanında dayanan, ona inanan, yol göstərən biri var. Hesab edirəm ki, professorlarımızın, elm adamlarımızın məktəblərlə əməkdaşlığı daha da güclənməlidir. Bu həm məktəblər, həm də cəmiyyət üçün çox vacibdir.

– Məktəbdə çalışdığınız dövrdə universitetlərdən yenidən işləmək üçün təklif almısınız?

– Bəli, almışam. Bakı Dövlət Universitetindən də, Qərb Universitetindən də təkliflər olub. Hətta əvvəldə də qeyd etdiyim kimi, Sankt-Peterburqdan da təkliflər almışdım.

Amma hesab etdim ki, məktəbdəki fəaliyyətim kifayət qədər vaxt tələb edir. Məktəbim də şəhər mərkəzindən bir qədər uzaqda yerləşir. Buna görə düşündüm ki, hər iki işi eyni keyfiyyətlə yerinə yetirmək mümkün olmayacaq. Mən hesab edirəm ki, müəllimlik dünyanın ən gözəl peşəsidir. Bunun auditoriyada, yoxsa sinif otağında olmasının elə də böyük fərqi yoxdur. Əsas odur ki, insan öz xalqına vicdanla xidmət etsin.

Axşam evə gedəndə özümə sual verirəm: “Bu gün nəyi düzgün etdim? Kimə faydam dəydi?” Şagirdlərimin gözündəki təbəssümü xatırlayanda anlayıram ki, əgər bir müəllim şagirdə ilham verə bilirsə, bu, ən böyük nailiyyətdir.
Mən məktəbdə də çalışıram ki, orada işləyən hər bir insan – müəllim, texniki işçi, inzibati heyət özünü həmin məktəb üçün vacib hiss etsin. Hər kəs bilməlidir ki, onun əməyi qiymətlidir. Əgər günün sonunda düşünürəmsə ki, bu gün məktəbdə keyfiyyətli tədris mühiti yaratmağa töhfə verə bildim, bu mənə böyük mənəvi rahatlıq verir.

Mən müəlliməm...

– Mənə maraqlıdır ki, özünüzü təqdim edəndə daha çox necə təqdim edirsiniz: alim, elmlər doktoru, müəllim, yoxsa direktor kimi? 

– Məni tanıyan hər kəs bilir ki, harada oluramsa olum, hətta müxtəlif müsahibələrdə və tədbirlərdə də özümü Azərbaycan dili və ədəbiyyat müəllimi kimi təqdim edirəm. Heç vaxt titulları ön plana çıxarmağı sevmirəm. Mənim yanaşmam belədir ki, insanın elmi titulları və elmi dərəcələri onun necə şəxsiyyət olduğunu müəyyən etmir. Ola bilər ki, insanın çoxlu kitabları, elmi əsərləri olsun, müxtəlif birliklərin üzvü olsun. Amma onun bir valideynlə, bir şagirdlə, ümumiyyətlə, insanlarla münasibəti bütün bu titullardan daha önəmlidir. Ona görə də harada oluramsa, özümü Azərbaycan dili və ədəbiyyat müəllimi kimi təqdim edirəm. Bəzən rəsmi qurumlarda özümü təqdim edəndə müəllim olduğumu deyirəm və sistemə baxıb deyirlər ki, axı siz məktəb direktorusunuz. O zaman bildirirəm ki, bəli, direktor olsam da, mən əsas müəlliməm. Bu məni xoşbəxt edir və qürurlandırır.

– Bir çox məktəb direktorları dərs demirlər. Siz isə həm direktor, həm də müəllimsiniz. Şagirdlər sizi daha çox direktor kimi qəbul edirlər, yoxsa müəllim kimi?

– Mən hiss edirəm ki, şagirdlər mənə digər müəllimlərdən də yaxın münasibət göstərirlər. Bir dəfə məktəbimizdə televiziya çəkilişi olmuşdu. Şagirdlərdən biri deyirdi ki, əvvəl direktor anlayışı onlar üçün tamam başqa idi. Amma mənimlə ünsiyyətdən sonra bu təsəvvürləri dəyişib.

Mən istəyirəm ki, şagirdlərlə münasibətimiz yalnız rəhbər və şagird münasibəti olmasın. Onlara ilk dərsdən deyirəm ki, biz burada sadəcə müəllim və şagird deyilik. Biz birlikdə öyrənəcəyik. Mən sizin öyrənmə yolunuzda tərəfdaşınız olmaq istəyirəm. Şagird məni görəndə gərgin olmursa, fikrini rahat ifadə edə bilirsə, bu, artıq aramızda etimadın yarandığını göstərir.

Hətta onlar ədəbiyyat dərslərində məndən xahiş edirlər ki, dərsin sonunda onlarla həyat söhbətləri edək. Mən də çalışıram ki, hər dərsdə onlara həyatdan bir nümunə danışım. Çünki bəzən müəllimin səmimi şəkildə bölüşdüyü bir həyat hekayəsi istənilən kitabdan daha təsirli olur. Əgər şagirdlər bunu məndən istəyirlərsə və bizim aramızda belə bir ünsiyyət yaranıbsa, hesab edirəm ki, doğru yoldayam.

– Hazırda elmi fəaliyyətinizi də davam etdirirsinizmi?

– Bəli, davam etdirirəm. Hazırda Əli Tudə əsərlərində frazeoloji birləşmələrlə bağlı monoqrafiya üzərində işləyirəm.

– Direktorluq, müəllimlik və elmi fəaliyyət... Bütün bunları necə çatdırırsınız?

– Mənim özüm üçün ciddi intizam qaydalarım var. Vaxtımı əvvəlcədən planlaşdırıram. Etiraf edim ki, gün ərzində çox az yatıram. Amma başqa cür mümkün deyil. İş vaxtında yalnız məktəblə məşğul oluram. Səhər tezdən məktəbdə oluram. Elmi fəaliyyətim və yazılarım üçün isə yalnız işdən sonrakı saatları ayırıram. Həyat çox qısadır. İnsan bacardığı qədər gördüyü işləri sabaha saxlamamalıdır.

– Əgər bir gün seçim qarşısında qalsanız, hansını seçərsiniz: elmi fəaliyyəti, yoxsa məktəb rəhbərliyini?

– Heç düşünmədən məktəbi seçərəm. Çünki hər şey Azərbaycan məktəbindən başlayır. Azərbaycanın gələcəyi də bu məktəblərdə yetişən uşaqlardan başlayır. Azərbaycan müəllimi böyük fədakarlıq göstərir və böyük hörmətə layiqdir.
Əlbəttə, hansı sahədə işləsək də, nöqsanlar ola bilər. Amma mən həmişə çalışıram ki, yaxşı tərəfləri görüm. Azərbaycan müəllimi həkimi də yetişdirir, alimi də, siyasətçini də. Bu gün məktəblərdə əyləşən şagirdlər Azərbaycanın gələcəyini quracaq insanlardır. Onlar bir çiçək kimidirlər. Biz onlara nə qədər sevgi, qayğı və düzgün istiqamət versək, gələcəyimiz də bir o qədər sağlam və gözəl olacaq.