Uşağın ritminə hörmət edin!

31 Oktyabr, 2025 - 14:42
Uşağın ritminə hörmət edin!

Müasir dövrdə psixologiya və pedaqogika sahəsində yeni anlayışlar meydana çıxmaqdadır. Onlardan biri də amerikalı psixiatr Rami Kaminskinin irəli sürdüyü “otrovert” məfhumudur. Bu termin uzun illər boyu insanları yalnız iki kateqoriyaya – introvert və ekstrovertlərə bölən ənənəvi yanaşmanın məhdudluğunu aradan qaldırmaq məqsədi daşıyır. Kaminskiyə görə, “otrovert” nə tam qapalı, nə də tam açıq insandır. Bu şəxs tipi sosial münasibətlərdə özünəməxsus “üçüncü yol” tutan, başqalarına yönəlsə də, heç bir qrupa tam mənada aidlik hiss etməyən fərdləri ifadə edir. İspan dilindən tərcümədə “otro” başqa, “vert” isə yönəlmək, dönmək mənasını verir.

Bu anlayış təkcə böyükləri deyil, uşaqların da sosial və təhsil həyatını anlamaqda mühüm açardır. Çünki məktəb mühiti yoldaşlıq, kollektivlik və uyğunlaşma üzərində qurulan sistemdir. Lakin bəzi uşaqlar bu sistemə tam uyğun gəlmir, yəni nə qapalı uşaqdırlar, nə də çox danışan və hər kəslə ünsiyyət quran. Onlar sadəcə “başqa cür”dürlər. Məhz bu “başqa cür”lük otrovert uşaqların əsas xüsusiyyətidir.

Theguardian.com “Are you an otrovert? Why this personality type could be your greatest gift?” (Siz otrovertsinizmi? Bu şəxsiyyət növü sizin üçün niyə üstünlük olardı?) adlı məqaləsində otrovert uşaqların xüsusiyyətlərindən bəhs edib.

Burada qeyd olunur ki, otrovert uşaqlar başqaları ilə ünsiyyət qurmaqdan qaçmır, lakin öz çevrəsini diqqətlə seçir. Onlar çox dosta ehtiyac duymur, amma münasibətdə olduqları insanlarla dərin emosional bağ qururlar. Bu uşaqlar qrup oyunlarında iştirak edə bilsələr də, adətən, təkbaşına fəaliyyətlərdən, mütaliədən, rəsmlə və ya düşüncə tələb edən oyunlardan daha çox zövq alırlar.

Kaminski belə uşaqları “mənsubluq axtaran, amma mənsubiyyət içində boğulanlar” adlandırır. Yəni onlar sosial olmaq istəyirlər, lakin qrupun sərhədləri və tələbləri onları sıxır. Bu, bəzən müəllim və valideynlər tərəfindən utancaqlıq və ya soyuqluq kimi başa düşülür. Əslində isə otrovert uşaqların sosial davranışı fərqli ritmdə işləyir: onlar həm başqalarını müşahidə edir, həm də öz daxili dünyasında yaşayır.

Təhsil sistemləri, adətən, kollektiv işə, qrup tapşırıqlarına və sinifdə fəal olmağa üstünlük verir. Bu yanaşma bəzən otrovert uşaqlar üçün çətinlik yaradır. Onlar sinif müzakirələrində söz almaqda tərəddüd etsələr də, yazılı tapşırıqlarda və fərdi işlərdə çox uğurlu ola bilərlər.

Otrovert uşaqların öyrənmə tərzi müşahidə və dərin düşüncə üzərində qurulur. Onlar informasiyanı səssiz mühitdə, təkbaşına analiz etməyi üstün tuturlar. Müəllimlər bu xüsusiyyəti nəzərə almadıqda, belə uşaqların intellektual potensialı kölgədə qala bilər. Halbuki, doğru yanaşma - fərdi layihələr, yazılı ifadə, sakit düşünmə zamanı onlara imkan vermək - otrovert uşaqların yaradıcı gücünü üzə çıxarır.

Təhsildə balanslı yanaşma vacibdir. Məsələn, qrup işləri ilə yanaşı, fərdi layihə təqdimatları, öz düşüncələrini qeyd etdikləri jurnallar, müstəqil oxu tapşırıqları otrovert uşaqlar üçün motivasiya yaradır. Onlara öz fikirlərini ifadə etmək üçün vaxt vermək və danışmaq üçün təzyiq göstərməkdən qaçmaq da əhəmiyyətlidir. Bu uşaqlar sakit görünsələr də, çox vaxt dərin və orijinal düşüncələrə sahibdirlər.

Otrovert uşaqlar sosial münasibətləri məzmunlu şəkildə yaşayırlar. Onlar az sayda dost seçir, lakin həmin dostluqlar uzunmüddətli və etibarlı olur. Bu uşaqların empatiya qabiliyyəti yüksəkdir; başqalarının duyğularına qarşı həssasdırlar və ehtiyac anında dəstək göstərirlər. Lakin kütlə içində - məsələn, məktəb tədbirlərində və ya qrup oyunlarında özlərini tənha və yad hiss edə bilərlər.

Bu vəziyyətdə müəllim və valideynlər “niyə başqaları kimi iştirak etmirsən?” kimi suallar verməkdənsə, uşağın fərqli sosial ehtiyacını anlamağa çalışmalıdırlar. Otrovert uşaqlar üçün ən mühüm şey “mənsubluq” deyil, “anlaşılmaqdır”. Əgər onlar olduqları kimi qəbul olunduqlarını hiss edirlərsə, öz potensiallarını göstərirlər.

Bəzi otrovert uşaqlar tənha vaxt keçirməyi sevir, bu isə onların emosional tarazlığını qoruyur. Tənha vaxt onlar üçün “qaçış” deyil, enerjinin bərpasıdır. Valideynlərin bu ehtiyacı anlaması uşağın sosial harmoniyasına kömək edir. Belə uşaqlara “tək qalmaq istəyirsənsə, bu, pis deyil” mesajını vermək onların öz şəxsiyyətinə hörmət hissini gücləndirir.

Psixiatr otrovert uşaqların valideynləri və müəllimləri üçün tövsiyələr də verib:

Uşağın ritminə hörmət edin.
Hər uşaq eyni sosial və emosional tempdə inkişaf etmir. Otrovert uşaqlar üçün “səssiz anlar” öyrənmə prosesinin bir hissəsidir.

Məcburi sosiallıq yaratmayın.
“Get uşaqlara qoşul, oynamaq lazımdır” kimi təzyiqlər onları sıxa və özlərinə inamlarını azalda bilər. Onun əvəzinə, maraqlarına uyğun fəaliyyətlərlə ünsiyyət qurmağa təşviq edin.

Güclü tərəfləri önə çıxarın.
Otrovert uşaqlar çox vaxt analitik, yaradıcı və müşahidəçi olurlar. Onlara bu bacarıqları tətbiq edə biləcəkləri şərait yaradın - məsələn, layihə, məqalə, təsvirli yazılar.

Sakit mühit təmin edin.
Həddən artıq səs-küylü sinif və ya ailə mühiti onların enerjisini tükədə bilər. Onlara sakit bir guşə, “öz məkanını” vermək lazımdır.

Onların duyğularını adlandırın.
“Sən indi bir az tək qalmaq istəyirsənsə, bu normaldır” kimi ifadələr uşağın öz hisslərini qəbul etməsinə kömək edir.

Sosial bacarıqları tədricən inkişaf etdirin.
Otrovert uşaqlar sosiallaşmağı birdən deyil, mərhələlərlə öyrənirlər. Kiçik, təhlükəsiz qruplarda ünsiyyət onların inamını artırır.

Kaminski deyir ki, “aid olmamaq bəzən ən böyük hədiyyədir”. Otrovert uşaqların bu “aid olmamaq” hissi əslində onların dünyanı fərqli bucaqdan görmək qabiliyyətini gücləndirir. Onlar çox vaxt gələcəkdə yaradıcı sənətkarlar, tədqiqatçılar, yazıçılar və ya empatik liderlər kimi yetişirlər. Çünki otrovertlər kütlədən bir addım kənarda dayanaraq müşahidə etməyi, düşünməyi və dərin hiss etməyi bacarırlar. Kaminski tanınmış otrovert kimi A.Eynşteyn, F.Kafka, F.Kahlonun adını çəkib.

Dünyanın sürətlə dəyişdiyi bir dövrdə fərqlilikləri qorumaq kollektivə uyğunlaşmaqdan daha qiymətli ola bilər. Otrovert uşaqlar bu baxımdan gələcəyin balanslı insan modelini təmsil edir: həm sosial, həm fərdi; həm müşahidəçi, həm yaradıcı; həm aid, həm də müstəqil.

Otrovert uşaqlar təhsil sisteminin və valideyn yanaşmasının “ortasında qalan” bir qrupu təmsil edir. Onların tədris və sosial ehtiyaclarını anlamaq, yeni pedaqoji yanaşmaların formalaşmasına yardım edir.

Mənbə: "Azərbaycan məktəbi" jurnalı