Uşaqlar necə daha yaxşı öyrənir?

23 İyul, 2026 - 16:29
Uşaqlar necə daha yaxşı öyrənir?

Uşaqlar oynayaraq və rəngarəng öyrənməyi sevirlər. Uşaq dünyaya öyrənmək həvəsi ilə gəlir. Onun ilk müəllimi həyatı, ilk dərsliyi isə ətraf aləmdir. O, ətrafında gördüyü hər şeyi müşahidə edir, suallar verir, toxunur, sınayır və ən əsası – oynayaraq öyrənir. Məhz buna görə də ibtidai sinif dövründə uşaqların öyrənmə tərzi böyüklərdən tamamilə fərqlənir. Onlar üçün öyrənmək yalnız kitab oxumaq və ya müəllimi dinləmək deyil, həm də hərəkət etmək, rəngləri tanımaq, oyun qurmaq, araşdırmaq və kəşf etməkdir.

Müxtəlif ölkələrdə aparılmış elmi araşdırmalar da bunu təsdiqləyir. UNESCO-nun erkən uşaqlıq və ibtidai təhsillə bağlı hesabatlarında qeyd olunur ki, oyun uşağın təbii öyrənmə formasıdır. Oyun zamanı uşaqlar yeni bilikləri daha rahat mənimsəyir, diqqətlərini daha uzun müddət cəmləyə bilir və öyrəndiklərini gündəlik həyatda tətbiq etməyə başlayırlar. Finlandiya, İsveç və Kanada kimi ölkələrin ibtidai məktəblərində də uşaqların marağını qorumaq üçün rəngli materiallardan, yaradıcı fəaliyyətlərdən və oyun elementlərindən geniş istifadə olunur. Bu ölkələrin təhsil təcrübəsi göstərir ki, öyrənmə sevinc üzərində qurulduqda uşaqların həm akademik nailiyyətləri, həm də sosial bacarıqları daha sürətlə inkişaf edir.

Psixoloq Jean Piaget bildirir ki, ibtidai sinif yaşlarında  uşaqlar konkret əşyalar və əyani nümunələr vasitəsilə daha yaxşı öyrənirlər. Lev Vıqotski isə hesab edirdi ki, uşağın inkişafı onun fəal iştirak etdiyi fəaliyyət zamanı daha səmərəli baş verir. Maria Montessori də uşaqların sərbəst araşdırmasına, toxunaraq və rəngli materiallarla öyrənməsinə xüsusi əhəmiyyət verirdi. Bu elmi yanaşmalar bu gün də dünyanın qabaqcıl təhsil sistemlərində öz aktuallığını qoruyur.

Azərbaycan təhsilində də uşağın şəxsiyyət kimi inkişafı, onun maraqlarının nəzərə alınması və öyrənməyə müsbət münasibətinin formalaşdırılması əsas məqsədlərdən biri hesab olunur. Məktəblərimizdə şagirdlərin fəallığını artıran, onların yaradıcı düşünməsini dəstəkləyən fəaliyyətlərə getdikcə daha çox yer verilir. Bu isə uşaqların məktəbə marağını artırmaqla yanaşı, onların özünəinamının formalaşmasına da müsbət təsir göstərir.

Birinci sinif müəllimi kimi gündəlik fəaliyyətimdə bunun şahidi oluram. Dərs zamanı rəngli kartlardan, şəkilli tapşırıqlardan, müxtəlif oyunlardan və əyani vasitələrdən istifadə etdikdə uşaqların gözlərindəki marağı açıq şəkildə görmək olur. Riyaziyyat dərsində sadə toplama əməli bəzi uşaqlara çətin görünə bilər. Lakin həmin tapşırıq rəngli fiqurlar, say çubuqları və ya kiçik yarış formasında təqdim olunduqda, demək olar ki, bütün şagirdlər həvəslə iştirak edir. Onlar bunu dərs kimi deyil, maraqlı oyun kimi qəbul edirlər. Halbuki həmin oyun zamanı həm hesablayır, həm müqayisə edir, həm də düşünmə bacarıqlarını inkişaf etdirirlər.

Azərbaycan dili dərslərində də buna bənzər mənzərə müşahidə olunur. Mətnləri rollara bölərək oxuduqda, şəkillərlə əlaqələndirdikdə və ya kiçik səhnəciklər hazırladıqda uşaqlar sözləri daha tez yadda saxlayır, fikirlərini daha sərbəst ifadə edir və oxumağa maraqları artır. Xüsusilə utancaq şagirdlərin belə bu fəaliyyətlər zamanı daha fəal olduqlarını müşahidə etmişəm.
Rənglərin uşaqların emosional vəziyyətinə təsiri də danılmazdır. Parlaq və uyğun seçilmiş rənglər uşaqların diqqətini cəlb edir, marağını artırır və yaddaşın möhkəmlənməsinə kömək edir. Mən də dərslərimdə əsas anlayışları müxtəlif rənglərlə vurğulayır, rəngli kartlar, plakatlar və şəkilli materiallardan istifadə edirəm. Bu, xüsusilə mövzunu qavramaqda çətinlik çəkən uşaqlar üçün böyük dəstək olur.

Ən çox sevindiyim məqamlardan biri isə odur ki, uşaqlar oyun zamanı səhv etməkdən qorxmurlar. Onlar sual verməkdən çəkinmir, bir-birlərinə kömək edir, birlikdə düşünür və həll yolu axtarırlar. Bu proses onların təkcə biliklərini deyil, həm də ünsiyyət, əməkdaşlıq, paylaşmaq və qarşılıqlı hörmət kimi həyat bacarıqlarını inkişaf etdirir.

Hesab edirəm ki, uşaqların öyrənməyə sevgisi onların məktəb həyatının ilk illərində formalaşır. Əgər bu illər sevinc, maraq, rəng və oyunla zəngin olarsa, öyrənmək onlar üçün ömürboyu davam edəcək xoş bir vərdişə çevrilər. Müəllim kimi mənim ən böyük sevincim uşaqların hər səhər sinfə gülümsəyərək daxil olması, yeni bir şey öyrənmək üçün səbirsizlik göstərməsi və dərsin sonunda “Müəllim, sabah yenə belə oyun oynayacağıq?” sualını verməsidir.

Çünki uşaqlar üçün ən gözəl dərs onların sevərək, gülümsəyərək , oynayaraq və rənglərin sehrli dünyasında öyrəndikləri dərsdir.

Elvin Məmmədov,
Salyan rayon Kolanı kənd ümumi orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi

Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.