Valideynlər geyim qaydalarının tətbiqinə dəstək göstərməlidirlər - Ramin Nurəliyev
“Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyin qorunmasına, məktəbdə nizam-intizamın və işgüzar təhsil mühitinin gücləndirilməsinə xidmət edir”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə təhsil mütəxəssisi Ramin Nurəliyev bildirib.
Onun sözlərinə görə, məktəblərdə müəyyən edilmiş geyim qaydalarının tətbiqi beynəlxalq təcrübəyə uyğun yanaşmadır:
“Dünyanın inkişaf etmiş ölkələrində də vahid məktəbli forması və şagirdlərin xarici görünüşü ilə bağlı müəyyən standartlar tətbiq olunur. Məktəb təhsil ocağıdır və şagirdlər də bu mühitə uyğun geyimdə dərslərdə iştirak etməlidirlər. Makiyaj, uzun dırnaq, zinət əşyaları və saç düzümü ilə bağlı tələblərə də bu baxımdan yanaşılmalıdır. Məqsəd məktəbdə nizam-intizamın qorunması və tədris mühitinin daha yüksək səviyyədə təşkil olunmasıdır”.
R.Nurəliyev hesab edir ki, vahid məktəbli forması şagirdlər arasında sosial və maddi fərqlərin ön plana çıxmasının qarşısını almaq baxımından da əhəmiyyətlidir:
“Şagirdlərin ailələrinin maddi imkanları fərqli ola bilər. İmkanı daha yaxşı olan şagird dəbdəbəli geyim və ya xarici görünüşü ilə digərlərindən fərqlənmək istəyə bilər. Vahid məktəbli formasının tətbiqi isə bu cür fərqlərin aradan qaldırılmasına, bütün şagirdlərin eyni qaydalar çərçivəsində tədris prosesində iştirakına şərait yaradır. Bu, sosial bərabərliyin təmin olunması və sosial ədalətin qorunması istiqamətində atılan addımdır”.
Mütəxəssis müəllimlərin geyiminə dair müəyyən edilmiş tələbləri də müsbət qiymətləndirib. Onun fikrincə, müəllimlərin xarici görünüşü peşəkar fəaliyyətlərinə və məktəbin ümumi mühitinə uyğun olmalıdır:
“Müəllimlər üçün vahid geyim forması nəzərdə tutulmasa da, məktəbin nizam-intizamına və etik davranış qaydalarına uyğun müəyyən tələblər mövcuddur. Müəllimin geyimi səliqəli, işgüzar və tədris mühitinə uyğun olmalıdır. Əvvəllər bəzi müəllimlərin müxtəlif geyim üslublarında dərslərdə iştirak etməsi ümumi nizam-intizam və etik davranış baxımından uyğun hesab olunmurdu. Müəllim məktəbə öz peşəsinə uyğun geyimdə, şagird isə müəyyən edilmiş məktəbli formasında gəlməlidir. Hesab edirəm ki, bu tələblər doğru və yerində verilmiş qərardır”.
R.Nurəliyev vurğulayıb ki, məktəbdə geyim qaydalarına əməl olunmasında valideynlərin də üzərinə mühüm məsuliyyət düşür:
“Valideynlər övladlarını məktəbə göndərərkən onların geyiminə və xarici görünüşünə xüsusi diqqət yetirməlidirlər. Qız şagirdlərin makiyajsız, məktəb qaydalarına uyğun ətəklə, oğlan şagirdlərin isə səliqəli və məktəb mühitinə uyğun saç düzümü ilə dərsə gəlməsinə nəzarət olunmalıdır. Bu məsələlər yalnız məktəb rəhbərliyinin və müəllimlərin üzərinə düşməməlidir. Valideynlər də müəyyən edilmiş qaydaların tətbiqinə dəstək göstərməlidirlər”.
Mütəxəssisin sözlərinə görə, məktəbdə nizam-intizamın təmin olunması ailə ilə təhsil müəssisəsi arasında əməkdaşlıq tələb edir:
“Məktəb təhsil ocağıdır və burada müəyyən edilmiş qaydalara əməl olunmalıdır. Məktəb rəhbərliyi bu məsələdə təkbaşına məsuliyyət daşımamalıdır. Valideynlər də məktəbin və dövlətin müəyyən etdiyi qaydalara hörmətlə yanaşmalı, onların tətbiqinə dəstək verməlidirlər. Əgər valideyn övladının daha yaxşı təhsil almasını istəyirsə, bu istiqamətdə dəstəyini əsirgəməməlidir. Hesab edirəm ki, valideynlər övladlarını məktəbə göndərərkən müəyyən edilmiş qaydalara riayət olunmasına diqqət yetirsələr, hər hansı problem yaranmaz”.




