Vəfa Yaqublu: Məqsədimiz şagirdlərin ali məktəbə hazırlığını məktəb daxilində təmin etməkdir - MÜSAHİBƏ

13 İyul, 2026 - 13:04
Vəfa Yaqublu: Məqsədimiz şagirdlərin ali məktəbə hazırlığını məktəb daxilində təmin etməkdir

Azərbaycanda orta təhsildə yeni bir mərhələnin əsası qoyulub. İki il əvvəl Elm və Təhsil Nazirliyi tərəfindən pilot layihə kimi fəaliyyətə başlayan tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin əhatə dairəsi genişlənməkdədir. 
Bu, yuxarı sinif şagirdlərinin əlavə hazırlıq kurslarına, fərdi repetitorlara ehtiyac duymadan məktəbdə ali təhsil müəssisələrinə hazırlaşmasını təmin edən təmayülləşmənin yeni modelidir. Qeyd edildiyi kimi, məqsəd şagirdlərin ali təhsil müəssisələrinə hazırlığını məktəbdə təmin etmək, repetitor asılılığını azaltmaq və məktəbin aparıcı rolunu daha da gücləndirməkdir. 
Bəs növbəti tədris ilindən daha çox məktəbi əhatə etməyi hədəfləyən model hansı üstünlüklərə malikdir? Onun tətbiqi necə aparılır və qarşıdakı hədəflər nələrdir? 

“Azərbaycan müəllimi”nin müsahibi olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bu və digər sualları cavablandırıb.  

Yeni təmayül tədris modeli cəmiyyətin uzun illər müzakirə etdiyi problemlərdən birinə cavab olaraq hazırlanıb

- Vəfa xanım, tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin tətbiqi hansı zərurətdən irəli gəldi?

- Yeni təmayül tədris modeli cəmiyyətin uzun illər müzakirə etdiyi və həllini gözlədiyi mühüm problemlərdən birinə cavab olaraq hazırlanıb. Bu modelin tətbiqi və mərhələli şəkildə genişləndirilməsi məhz cəmiyyətin tələbi əsasında formalaşıb.
Məlumdur ki, tam orta təhsil səviyyəsində oxuyan şagirdlərin əksəriyyəti akademik istiqaməti seçərək ali və ya orta ixtisas təhsilini davam etdirməyi qarşısına məqsəd qoyur. Bu səbəbdən də onlar yuxarı siniflərdə əsas diqqəti qəbul imtahanlarına hazırlığa yönəldirlər.

İdealda məktəb birinci sinifdən başlayaraq hər bir fənn üzrə şagirdlərə bilik və bacarıqları addım-addım, normal porsiyalarla ötürməlidir. Belə olan halda  XI sinfi bitirən məzun əvvəlki illərin materialını mütəmadi təkrarlamaqla həm buraxılış, həm də qəbul imtahanına hazır olur. Lakin mövcud reallıq bunu tam təmin edə bilmir. Bunun səbəblərindən biri odur ki, məktəb illəri ərzində şagirdlərdə müxtəlif fənlər üzrə bilik boşluqları yaranır. İbtidai siniflərdə valideyn nəzarəti daha güclü olsa da, orta siniflərdə həm şagirdlərin dərsə münasibətində, həm də nəzarətdə müəyyən zəifləmələr müşahidə olunur. Nəticədə şagirdlər yalnız X–XI siniflərdə qəbul imtahanlarının yaxınlaşdığını görərək daha ciddi öyrənməyə çalışırlar. Lakin fənn zəncirinin əvvəlki illərdə itirilmiş həlqələri növbəti hissələri anlamağa mane olur. Şagird məyus olur və hazırlıq kursuna və ya fərdi repetitora müraciət edir. 
Ümumi təhsil pilləsində şagirdlər ümumilikdə 17 fənn öyrənirlər. Məktəb proqramı elə qurulub ki, hər bir fənnin əsasları aşağı siniflərdə formalaşır və fənlər bir neçə il tədris edilir. Məsələn, riyaziyyatın təməli birinci, coğrafiyanın təməli isə altıncı sinifdə qoyulur.  Ali məktəblərə qəbul proqramları fənlərin tam məzmununu əhatə edir. Əgər şagird əvvəlki illərdə həmin bilikləri lazımi səviyyədə mənimsəməyibsə, X və XI siniflərdə bu boşluqları qısa müddətdə müstəqil öyrənməklə aradan qaldırmaq olduqca çətinləşir. 

Repetitorluğun genişlənməsinə gətirən başqa bir səbəb isə bir sıra müəllimlərin metodiki bilik və bacarığının aşağı səviyyəsi ilə əlaqəlidir. Bu səbəblərdən uzun illər ərzində X–XI sinif şagirdlərinin əhəmiyyətli hissəsi repetitorlara və ya hazırlıq kurslarına üz tutmağa məcbur qalırdı. 

Tam orta təhsil səviyyəsində təmayülləşmənin əsası 15 il əvvəl qoyulub. Vaxtilə X–XI siniflərdə şagirdlərin maraq və gələcək ixtisas seçimlərinə uyğun olaraq humanitar, texniki, riyaziyyat-iqtisadiyyat və təbiət istiqamətləri üzrə təmayülləşməsinin tətbiqi böyük ümidlər yaratmışdı.

Əfsuslar olsun ki, model gözlənilən nəticəni vermədi. Bunun bir səbəbi əvvəlki siniflərdə yaranmış bilik boşluqlarının nəzərə alınmaması idi. Məsələn, şagird riyaziyyat-iqtisadiyyat üzrə təmayül sinifini seçir, lakin onun riyaziyyat, coğrafiya, tarix və s. üzrə aşağı siniflərdən qalmış bilik boşluqları nəzərə alınmır və o,  X sinfin proqramını öyrənməyə davam edir. Öyrənmə isə səmərəli olmur, çünki şagird əvvəlki materialları ya mənimsəməyib, ya da unudub. Təmayül siniflərində  dərs saatlarının artırılması da problemi həll etmirdi.

İkinci səbəb isə təmayül siniflərində dərs deyən müəllimlərin xüsusi seçiminin aparılmaması idi.  O zaman bu barədə müfəssəl məlumat da yox idi. Hazırda sertifikatlaşdırma müəllimləri bilik, bacarıq və təcrübə baxımından təsnifləndirməyə imkan verir.
İki ildir ki, pilot layihə olaraq həyata keçirilən yeni təmayül tədris modelində bunlar nəzərə alınıb. “Yeni” sözünün altında isə təmayülləşməyə bu iki düzəliş nəzərdə tutulur: X və XI siniflərdə proqramın əvvəldən axıradək intensiv rejimdə yenidən öyrədilməsi və yüksək öyrətmə bacarığı ilə fərqlənən müəllimlərin tədrisə cəlb edilməsi. 

Nəticələr qanedicidirmi?

- Həmin məktəblərin ilk məzunlarının nəticələri artıq təhlil edilib. Yeni təmayül tədris modeli əsasında təhsil alan şagirdlərin buraxılış imtahanındakı nəticələrinin təhlili onu deməyə əsas verir ki, bütün müəssisələrin orta bal göstəricisi müvafiq şəhər üzrə ümumi orta balı üstələyib. Bu isə yeni modelin səmərəliliyini və məktəbin qəbul hazırlığında daha effektiv rol oynaya bildiyini göstərən mühüm göstəricilərdən biridir. 

Layihənin ilk nəticələri göstərdi ki, bu yanaşma həm tədrisin keyfiyyətinə, həm də şagird nailiyyətlərinə müsbət təsir göstərir. İlk olaraq beş məktəbdə tətbiq edilən layihə hazırda 14 məktəbi əhatə edir.
Əldə edilən müsbət nəticələr nəzərə alınaraq bu model üzrə fəaliyyət göstərən məktəblərin şəbəkəsinin mərhələli şəkildə genişləndirilməsi məqsədəuyğun hesab olunur. 

-Yeni təmayül tədris modeli şagirdlərə hansı üstünlükləri təqdim edir? Belə siniflərin əsas özəllikləri nələrdir?

- Mən belə deyərdim: gücləndirilmiş tədris, peşəkar müəllim heyəti və mütəmadi olaraq aparılan monitorinqlər. Belə ki, şagirdlərin bilik səviyyəsini yoxlamaq üçün hər ay sınaq imtahanları üslubunda məktəbdaxili qiymətləndirmələr keçirilir. Bundan əlavə, yeni təmayül tədris modeli ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şagird nailiyyətlərinin artırılması və məktəb mühitində müasir yanaşmaların tətbiqinə xidmət edir. Layihə çərçivəsində tədris prosesi daha səmərəli planlaşdırılır, müəllimlərin peşəkar inkişafı dəstəklənir, qiymətləndirmə mexanizmləri təkmilləşdirilir və şagirdyönümlü yanaşmalar gücləndirilir.
Yeni modeldə şagirdlər əvvəlcədən seçdikləri təmayüllər üzrə qruplaşdırılır. Tədris planı onların gələcək ixtisas seçiminə uyğun formalaşdırılır. Buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının fənləri tam proqram və artırılmış dərs saatları ilə tədris olunur. Bununla yanaşı, dövlət standartının tələbinə uyğun olaraq bütün şagirdlər Azərbaycan tarixi, informatika, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fənlərini də keçirlər. Təmayüldən asılı olaraq bu fənlərin həftəlik dərs yükü fərqlənə bilər.
Bir daha təkrar edim ki, tətbiq olunan əsas yeniliklərindən biri ondan ibarətdir ki, şagirdlər yalnız X-XI sinfin proqramını öyrənməklə kifayətlənmirlər. Məsələn, texniki və ya təbiət təmayülünü seçən şagird fizika fənnini VII sinfin proqramından başlayaraq sistemli şəkildə yenidən öyrənir. Beləliklə, əvvəlki illərdə yaranmış bilik boşluqları aradan qaldırılır və bütün proqram ardıcıl şəkildə mənimsənilir.

Layihə şagirdlərin vaxtdan daha səmərəli istifadə etməsinə də şərait yaradır. Şagirdə gün ərzində seçdiyi ixtisas üzrə ona lazım olan fənləri mükəmməl öyrənməyə imkan və şərait yaradılır. Yeniyetmələrimiz əlavə hazırlıq kurslarına və ya repetitor yanına getməyə ehtiyac duymurlar. Bu həm vaxt itkisini azaldır, həm də şagirdin fiziki və psixoloji yorğunluğunu minimuma endirir.
Xüsusilə iri şəhərlərdə məktəblə hazırlıq kursları arasında yola sərf olunan vaxt aradan qalxır. Valideyn də övladının gün ərzində təhlükəsiz məktəb mühitində olduğunu bilir. Şagirdlərin dərsdən yayınma halları azalır, davamiyyət yüksəlir. 
Layihənin ən mühüm üstünlüklərindən biri də valideynlərin maliyyə yükünün azalmasıdır. Şagirdlərin məktəbdə gücləndirilmiş proqram üzrə hazırlaşması əlavə hazırlıq və repetitor xərclərinə ehtiyacı aradan qaldırır.
           
       Bu model valideynlər tərəfindən də müsbət qarşılanır 

-Yeni təmayül tədris modeli tətbiq olunan tam orta ümumtəhsil müəssisələrinə şagird qəbulu necə həyata keçirilir?

- Müraciət edən şagirdlər IX sinif buraxılış imtahanında topladıqları nəticələrə əsasən, yüksək baldan aşağı bala doğru sıralanırlar və mövcud yerlər dolana qədər qəbul həyata keçirilir.
Yeni təmayül tədris modeli tətbiq olunan tam orta ümumtəhsil müəssisələrində siniflərin sayı əvvəlcədən müəyyən edilir. Məsələn, dörd təmayül sinfi fəaliyyət göstərirsə, ümumilikdə 60 şagird qəbul olunur. Namizədlər topladıqları nəticələrə uyğun sıralanır və seçdikləri təmayül üzrə yerləşdirilirlər. 
Siniflərdə 15 şagird olur. Bu, müəllimə hər bir şagirdlə fərdi işləmək, onların inkişafını yaxından izləmək və öyrənmə prosesini daha səmərəli təşkil etmək imkanı yaradır. Eyni zamanda, kiçik qruplarda şagirdlərin bir-birindən öyrənməsi, fikir mübadiləsi aparması və komanda şəklində işləməsi də təşviq olunur.

– Bəs burada dərs deyən müəllimlərin seçimi hansı meyarlar əsasında aparılır?

- Yeni təmayül tədris modelinin digər üstünlüyü də tədris prosesinə yüksək peşəkarlığa malik müəllimlərin cəlb edilməsidir. Müəllimlərin seçimi yerli təhsili idarəetmə orqanları tərəfindən elan olunan müsabiqə əsasında həyata keçirilir.
Namizədlər, ilk növbədə, müəyyən edilmiş minimal tələblərə cavab verməlidirlər. Əsas şərtlər müəllimin sertifikatlaşdırma imtahanında 51+ bal toplaması və ən azı 3 il pedaqoji təcrübəyə malik olmasıdır. Bu meyarlara uyğun gələn müəllimlər növbəti mərhələdə müsahibəyə dəvət olunurlar.

Müsahibə zamanı namizədlərin peşəkar bilik və bacarıqları kompleks şəkildə qiymətləndirilir. Onların pedaqoji-metodiki hazırlığı, iş təcrübəsi, əldə etdikləri nailiyyətlər və fənni tədris etmə bacarığı diqqətlə təhlil olunur. Məqsəd yalnız fənni yaxşı bilən deyil, eyni zamanda onu səmərəli şəkildə öyrədə bilən müəllimlərlə işləməkdir. Hər bir namizəd dərs nümunəsi təqdim edərək öyrətmə səriştəsini isbat etməlidir. Çünki layihə çərçivəsində yalnız fənni dərindən bilən deyil, eyni zamanda bildiyini şagirdə effektiv şəkildə çatdırmağı bacaran müəllimlərin fəaliyyət göstərməsi əsas prinsip kimi müəyyən edilib.
Layihənin genişlənməsi ilə əlaqədar müəllim seçimi prosesi də davam etdirilir. Pilot mərhələdə fəaliyyətə başlayan məktəblərdə özünü doğrultmuş müəllimlər tədrisi davam etdirirlər, hazırda modelin tətbiq ediləcəyi digər tam orta ümumtəhsil müəssisələrində dərs demək üçün isə kadr seçimi aparılır.

Mən bir məsələyə də toxunmaq istərdim. Gələcək hədəflərdən biri də bu məktəblərdə tam ştatlı müəllim modelinin tətbiqidir. Bu modelə əsasən müəllimlər saathesabı deyil, tam iş günü əsasında fəaliyyət göstərəcəklər. Onlar səhər saat 09:00-dan 16:00-dək məktəbdə olacaq, orta hesabla həftəlik 25–27 akademik saat dərs keçəcəklər. Qalan vaxt ərzində isə geriləyən şagirdlərlə əlavə məşğələlər aparacaq, sınaq imtahanlarının təşkili, fərdi məsləhətlər və digər akademik fəaliyyətlərlə məşğul olacaqlar.
Bu yanaşma şagirdlər üçün də əlavə üstünlük yaradır. Onlar dərsdən sonra da müəllimlərinə müraciət edərək çətinlik çəkdikləri mövzular üzrə məsləhət almaq imkanı əldə edə biləcəklər. Eyni zamanda tam ştatlı müəllimlərin əməkhaqqısının da orta aylıq əməkhaqqından yüksək olması nəzərdə tutulur.

-Yeni təmayül tədris modelinin səmərəliliyi nəyi deməyə əsas verir?

- Bu model şagirdlərin məktəbi ali təhsilə hazırlığın əsas məkanı kimi qəbul etməsinə şərait yaradıb. Onlar qəbul imtahanlarına hazırlığı məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə həyata keçirir, əlavə hazırlıq kurslarına və repetitor xidmətlərinə ehtiyac isə əhəmiyyətli dərəcədə azalır.
Bu model valideynlər tərəfindən də müsbət qarşılanır. Valideynlər həm əlavə maliyyə yükünün azalmasını, həm də övladlarının gün ərzində bütün tədris prosesini məktəbdə keçməsini layihənin əsas üstünlükləri kimi qiymətləndirirlər.
Marağın artması bu modelin tətbiq olunduğu orta ümumtəhsil müəssisələrinə  qəbul prosesində də özünü göstərir. Artıq bəzi məktəblərdə ayrılan yerlərdən dəfələrlə çox müraciət daxil olur. Bu da valideynlərin və şagirdlərin yeni təmayül tədris modelinə olan etimadının göstəricisidir.  

“Məqsəd texnologiyanı müəllimin alternativi kimi deyil, tədris prosesini zənginləşdirən əlavə imkan kimi inteqrasiya etməkdir”

-Yeni təmayül tədris modelində rəqəmsal texnologiyalar və süni intellektin imkanlarından necə istifadə olunacaq?

- Müasir dövrdə rəqəmsal texnologiyalar və süni intellekt təhsil prosesinin ayrılmaz hissəsinə çevrilir. Hesab edirik ki, şagirdlər bu imkanlardan səmərəli istifadə etməyi bacarmalı və onları öyrənmə prosesinin dəstək aləti kimi qiymətləndirməlidirlər. Artıq bunun real nümunələri də var. Bu il yüksək nəticə göstərən məzunlardan biri etiraf edirdi ki, başa düşmədiyi mövzuları süni intellekt platformalarına ünvanlandırır, aldığı izahlar isə onun mövzunu daha dərindən mənimsəməsinə kömək edirdi. Bu göstərir ki, texnologiyadan düzgün istifadə şagirdin müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirə bilər.
Yeni təmayül tədris modelində də bu istiqamət xüsusi diqqətdə saxlanılır. Məktəblərin müvafiq texnoloji imkanlarla təmin olunması nəzərdə tutulur ki, şagirdlər həm süni intellekt alətlərindən, həm də mövcud rəqəmsal təhsil resurslarından səmərəli istifadə edə bilsinlər.

Eyni zamanda, illər ərzində portal.edu.az-da  30 mindən çox elektron tədris resursu, videodərs və metodiki material toplanıb. Şagirdlər bu platformada ölkənin aparıcı müəllimlərinin təqdimatında müxtəlif fənlər üzrə, xüsusilə mürəkkəb mövzuların izahını dinləyə, dərsləri təkrar izləyə və biliklərini möhkəmləndirə bilərlər.

Məqsəd texnologiyanı müəllimin alternativi kimi deyil, tədris prosesini zənginləşdirən və şagirdin fərdi öyrənməsini dəstəkləyən əlavə imkan kimi təhsil mühitinə inteqrasiya etməkdir. Müəllim yenə də öyrənmə prosesinin əsas aparıcı qüvvəsi olaraq qalır, rəqəmsal alətlər isə bu prosesi daha səmərəli və əlçatan edir.

- Layihənin növbəti mərhələsi ilə bağlı əsas hədəfləriniz nələrdir? 

-Hazırda hədəfimiz yeni təmayül tədris modelinin ölkənin bütün regionlarını əhatə etməsidir. İstəyirik ki, hər rayonda belə məktəblər fəaliyyət göstərsin və hər bir şagird yaşadığı bölgədən asılı olmayaraq, bu imkanlardan yararlana bilsin. Daha sonra isə əhatə dairəsi tələbatdan asılı olaraq mərhələli şəkildə genişləndiriləcək.

Bizim üçün vacib olan bu təhsil modelinin hər bir şagird üçün əlçatan olmasıdır. Şagirdlərin seçim etmək imkanı da yaranacaq. Onlar qərar verə biləcəklər ki, təhsillərini ümumi siniflərdə davam etdirmək istəyirlər, yoxsa yeni təmayül siniflərində.
Valideynlərə tövsiyəmiz odur ki, övladlarının gələcək ixtisas seçiminə yanaşarkən əmək bazarının tələblərini diqqətlə öyrənsinlər. Bəzən valideynlər öz reallaşmamış arzularını övladlarının gələcəyinə inikas etməyə çalışırlar. Halbuki əmək bazarı daim dəyişir və bugünkü tələbat dünənkindən fərqlidir. Buna görə də seçim edilərkən həm şagirdlərin maraqları, həm də bu günün və gələcəyin peşələri nəzərə alınmalıdır.

Dövlət bu layihə çərçivəsində məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, peşəkar müəllimlərin cəlb olunması, intensivləşdirilmiş tədrisin təşkili və uyğun təhsil mühitinin yaradılması istiqamətində bütün zəruri addımları atır. Məqsəd şagirdlərin məktəbdə keyfiyyətli təhsil alması üçün hərtərəfli şərait yaratmaqdır.

Təbii ki, bu prosesdə şagirdin şəxsi məsuliyyəti də mühüm əhəmiyyət daşıyır. Lakin bütün tədqiqatlar sübut edir ki, peşəkar müəllim və sağlam öyrənmə mühiti şagirdin uğuruna həlledici təsir göstərən əsas amillərdəndir. Fənnini dərindən bilən, bildiyini səmərəli şəkildə öyrədə bilən müəllim şagirdi uğura istiqamətləndirə bilir.
İnanırıq ki, qarşıdakı illərdə yeni təmayül tədris modeli ümumi təhsil sistemində keyfiyyət göstəricilərinin yüksəlməsinə, məktəbin cəmiyyətdəki rolunun daha da güclənməsinə və şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində səmərəli təşkilinə mühüm töhfə verəcək.

FOTO: Kənan Qafarov