Məktəblərdə kompüter təminatı 5 dəfə yaxşılaşıb
“2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasının icrası çərçivəsində Azərbaycanın ümumi təhsil müəssisələrində şagird-kompüter nisbəti 1:30-dan 1:6-ya endirilib. Bu o deməkdir ki, hazırda hər 6 şagirdə bir kompüter düşür.
Son illər ərzində həm kompüter təchizatı, həm də təhsil müəssisələrinin internet və intranetlə təminatı istiqamətində ardıcıl işlər aparırıq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, Bakıda bütün məktəblər genişzolaqlı internetlə təmin olunub. Eyni zamanda müəssisələrin daxili şəbəkələrinin təkmilləşdirilməsi, hər sinif otağında internetin və kompüterlərin olması istiqamətində davamlı işlər həyata keçirilir: “Bu layihənin də (Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “OpenAI” şirkəti arasında əldə olunmuş razılığa əsasən yaradılacaq adaptiv öyrənmə platforması – red.) pilot istifadəsini ilkin olaraq Bakı şəhərində nəzərdə tuturuq. Çünki həmin müəssisələrdə artıq bir ildir ki, “Rəqəmsal məktəb” layihəsi həyata keçirilir. Layihə çərçivəsində məktəbdaxili qiymətləndirmə, jurnallarda qeydiyyatın aparılması və digər proseslər elektron qaydada həyata keçirilir. Məktəbdaxili əmrlər də informasiya sistemi üzərindən verilir. Bu, artıq Bakı məktəblərində realdır”.



