“Zəfərdən təhsilə”: Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbi
İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturu mərhələli şəkildə bərpa olunur
“Böyük Qayıdış” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrin nəticəsi olaraq həmin ərazilərdə təhsil infrastrukturu mərhələli şəkildə yenidən qurulur. Artıq müasir standartlara cavab verən məktəblər fəaliyyətə başlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Laçın şəhəri 2 nömrəli məktəb 2022-ci ildən fəaliyyət göstərir
Qeyd olunub ki, 15 sentyabr 2022-ci ildən istifadəyə verilən Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbi də bu müəssisələrdən biridir.
Məktəbdə 173 şagird, 19 müəllim və 12 texniki işçi fəaliyyət göstərir
"510 şagird yerlik təhsil müəssisəsində hazırda ümumilikdə 173 şagird təhsil alır. Məktəbdə tədrisin təşkilinə 19 müəllim cəlb edilib. İnzibati və təsərrüfat işlərinin dayanıqlı şəkildə həyata keçirilməsi üçün 12 texniki işçi fəaliyyət göstərir. Bu göstəricilər məktəbin həm pedaqoji, həm də idarəetmə baxımından tam formalaşmış təhsil müəssisəsi olduğunu göstərir.
Məktəbdə sinif otaqları, laboratoriyalar və xüsusi kabinetlər fəaliyyət göstərir
Laçın şəhəri 2 nömrəli məktəb “Böyük Qayıdış” çərçivəsində inşa edilən digər təhsil müəssisələri kimi müasir tədris infrastrukturuna malikdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.
Şagirdlərin doğma yurdda keyfiyyətli təhsilə çıxışı təmin olunur
Qeyd edək ki, Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin doğma yurdlarında keyfiyyətli tədrisə çıxışının təmin olunması üçün müasir təhsil imkanları yaradılıb", – məlumatda qeyd olunub.


