Avropada ali təhsilin keyfiyyət standartları yenilənir: Azərbaycanı nə gözləyir?
“Avropada Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar” (ESG) 2027-ci ildə növbəti böyük yenilənməyə hazırlaşır. Bu proses sadəcə Avropa ali təhsil məkanında deyil, Azərbaycanın təhsil sistemində də yeni prioritetlər müəyyənləşdirir”.
Bunu “Azərbaycan müəllimi”nə Azərbaycan Turizm və Menecment Universitetinin Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin mütəxəssisi, pedaqogika üzrə fəlsəfə doktoru Fidan Sarıbəyli deyib.
Onun sözlərinə görə, ESG sənədi ali təhsildə keyfiyyət mexanizmlərinin və standartların formalaşdırılması üçün əsas istiqamətverici çərçivə rolunu oynayır: “Boloniya Prosesi çərçivəsində təməli qoyulan və ilk dəfə 2005-ci ildə qəbul edilən bu standartlar 2015-ci ildə yenilənərək tələbəyönümlü təhsil konsepsiyasını ön plana çıxardı. Lakin son onillikdə ali təhsilin strukturunda baş verən köklü dəyişikliklər sənədin “ESG 2027” çərçivəsində yenidən işlənməsini zəruri etdi.
Bu yenilənmə sadəcə formal qaydaların dəyişməsi demək deyil. Əsas məqsəd keyfiyyət təminatı mexanizmini bürokratik hesabatlılıqdan çıxarıb daha çevik, innovativ və gələcəyə yönümlü etməkdir. Təhsilalma formalarının müxtəlifləşməsi (hibrid təlim, mikrokreditlər) və rəqəmsallaşma köhnə qiymətləndirmə çərçivələrini üstələyib”.
F.Sarıbəyli qeyd edib ki, müasir keyfiyyət təminatının qarşısında duran ən mühüm çağırışlardan biri süni intellekt texnologiyalarının tədris prosesinə kütləvi inteqrasiyasıdır: “Süni intellekti təhsil mühitindən təcrid və ya qadağan etmək mümkün deyil. Əksinə, daxili və xarici keyfiyyət təminatı sistemləri süni intellekt alətlərindən istifadəni tədrisin ayrılmaz və idarəolunan tərkib hissəsi kimi qəbul etməlidir.
Burada iki əsas prinsip ön plana çıxır: etik standartların qorunması və insan nəzarəti. Tələbələrin, eləcə də müəssisənin rəqəmsal alətlərdən istifadə imkanları genişlənsə də, akademik dürüstlük, tənqidi düşüncə və yekun qiymətləndirmə qərarında insan amili həlledici rol oynamalıdır. Universitetlərimiz daxili qiymətləndirmə mexanizmlərini məhz bu balans üzərində qurmalıdırlar”.
Daxili keyfiyyət təminatının səmərəliliyini artırmaq üçün vacib addımlar...
Müsahibimiz qeyd edib ki, Azərbaycan ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifə keyfiyyət təminatına formal sənədləşmə prosesi kimi baxmaqdan imtina etməkdir: “Daxili keyfiyyət təminatı strukturları xarici qiymətləndirmə üçün hesabat hazırlayan struktur deyil, universitetin inkişafına dəstək olan mərkəz olmalıdır. Bununla yanaşı, tələbələrin prosesdə passiv dinləyici kimi deyil, bərabərhüquqlu tərəfdaş kimi iştirakı təmin olunmalı, məzunların məşğulluğu və işəgötürənlərin rəyləri təhlil edilərək tədris proqramlarının yenilənməsində nəzərə alınmalı, akademik heyətin pedaqoji və rəqəmsal bacarıqlarının davamlı inkişafı prioritetə çevrilməlidir”.
“Konkret bacarıqlar qazandıracaq çevik təlim proqramlarına və mikrokreditlərə ehtiyac var”
Həmsöhbətimizin fikrincə, gələcəyin ali təhsili daha çevik, inklüziv və tələbəyönümlü olacaq: “Bu gün əmək bazarı çox sürətlə dəyişir. Tələbələrə qısa müddətdə konkret bacarıqlar qazandıracaq çevik təlim proqramlarına və mikrokreditlərə ehtiyac var. ESG 2027 layihəsi də göstərir ki, keyfiyyət təminatı mexanizmləri təkcə tam dərəcə (bakalavr, magistr) proqramlarını deyil, bu kimi kiçik təlim modullarını da əhatə etməlidir. Universitetlər bu yeni formatlı təlimləri təhsilə gətirməli və onların keyfiyyət çərçivəsini qurmalıdırlar”.

Yeni layihədə hibrid öyrənmə nəzərdən keçirilir
F.Sarıbəyli sonda vurğulayıb ki, əvvəlki standartlarda diqqət mərkəzində daha çox fiziki resurslar dayanırdısa, yeni layihədə tələbələrin psixoloji sağlamlığı, akademik məsləhət xidmətləri, rəqəmsal infrastrukturlar və hibrid öyrənmə mühiti bütöv bir ekosistem şəklində nəzərdən keçirilir: “Bu kompleks yanaşma paralel olaraq xarici akkreditasiya agentliklərinin də fəaliyyət prinsiplərini dəyişməsini, bütün universitetlərə eyni formal şablonla yanaşmaq əvəzinə daxili keyfiyyət təminatı sistemi güclü və yetkin olan müəssisələrə daha çox institusional muxtariyyət və çevik qiymətləndirmə mexanizmləri tətbiq etməsini tələb edir. Eyni zamanda, tələbənin universitetdən kənarda sərbəst öyrənmə, iş təcrübəsi və ya sertifikatlar vasitəsilə qazandığı bilik və bacarıqların akademik kredit kimi tanınması mexanizmlərinin qurulması da müasir ali təhsilin əsas şərtlərindən birinə çevrilir”.




