Azərbaycandakı zəlzələlər Oksford Universiteti ilə birgə öyrənilir - Yeni məlumatlar üzə çıxıb

20 Oktyabr, 2026 - 13:39
Azərbaycandakı zəlzələlər Oksford Universiteti ilə birgə öyrənilir

Azərbaycanda tarixi zəlzələlərin xüsusiyyətlərinin, seysmik qırılmaların və yer qabığında baş vermiş qədim proseslərin öyrənilməsi istiqamətində beynəlxalq elmi əməkdaşlıq çərçivəsində tədqiqatlar aparılır.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək” mövzusunda keçirilən respublika elmi konfransında bildirib. Onun sözlərinə görə, Oksford Universiteti ilə əməkdaşlıq çərçivəsində paleoseysmologiya istiqamətində araşdırmalar aparılır. Bu tədqiqatlar instrumental seysmik müşahidələrin əhatə etmədiyi dövrlərdə və ərazilərdə baş vermiş zəlzələlər haqqında yeni məlumatların əldə olunmasına imkan yaradır. Tədqiqatlar zamanı geoloji qırılmaların xüsusiyyətləri araşdırılır, müxtəlif ərazilərdən nümunələr götürülür və onların laborator analizləri aparılır. Əldə olunan nəticələr əsasında tarixi zəlzələlərin başvermə vaxtı, gücü və seysmik xüsusiyyətləri barədə məlumatlar dəqiqləşdirilir. Bu araşdırmaların mühüm nəticələrindən biri 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələnin maqnitudasının yenidən qiymətləndirilməsi ilə bağlıdır. Əvvəllər həmin zəlzələnin maqnitudası 6,9 kimi göstərilsə də, aparılan yeni təhlillərin nəticələrinə əsasən, bu göstəricinin 7,4 ola biləcəyi müəyyən edilib. Tədqiqatlar zamanı Astara, Göyçay və Salyan ərazilərində də keçmişdə baş vermiş güclü zəlzələlər haqqında yeni məlumatlar əldə olunub. Həmin ərazilərdə tarixi seysmik hadisələrin gücünün daha dəqiq müəyyənləşdirilməsi Azərbaycanın seysmik təhlükə xəritələrinin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.

Q.Yetirmişli vurğulayıb ki, tarixi zəlzələlərin araşdırılması yalnız keçmiş hadisələrin öyrənilməsi ilə məhdudlaşmır. Bu məlumatlar aktiv qırılma zonalarının müəyyənləşdirilməsi, seysmik təhlükələrin qiymətləndirilməsi və gələcək tədqiqatların istiqamətlərinin seçilməsi üçün də mühüm elmi əsas yaradır.

Baş direktorun sözlərinə görə, ölkədə paleoseysmoloji tədqiqatların inkişafı Azərbaycanın seysmik tarixinin daha dolğun öyrənilməsinə, əvvəllər qeydə alınmamış hadisələrin müəyyənləşdirilməsinə və zəlzələ riskləri barədə elmi biliklərin genişləndirilməsinə xidmət edir.