Bahar Muradova: Ədliyyə Nazirliyi 10 qızın təcrübə qazanmasına dəstək göstərəcək
“Ədliyyə Nazirliyi hüquq ixtisası üzrə təhsil alan 10 qızı birinci kursdan etibarən himayəyə götürərək onların peşəkar hüquqşünas kimi yetişməsinə, lazımi təcrübə qazanmasına dəstək verəcək. Bu əməkdaşlıq tələbələrin hüquq sahəsində biliklərinin möhkəmləndirilməsinə, peşənin tələbləri ilə yaxından tanış olmalarına və gələcək fəaliyyətlərinə hazırlanmalarına mühüm töhfə olacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Qızların təhsilinə dəstək” layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin layihəyə qoşulması qızların təhsili ilə yanaşı, onların gələcək peşə fəaliyyətinə hazırlanması baxımından da yeni imkanlar yaradır:
“Qızların təhsilinə dəstək onların gələcək peşə həyatına hazırlığı ilə tamamlanmalıdır. Dövlət qurumlarının öz fəaliyyət sahələrinə uyğun imkanlar yaratması təhsil və əmək dünyası arasındakı əlaqələri gücləndirəcək, gənclərin bilik və bacarıqlarının ölkəmizin inkişafına yönəldilməsinə şərait yaradacaq. İnanıram ki, bu təşəbbüs digər qurumlar və təşkilatlar üçün də faydalı əməkdaşlıq nümunəsinə çevriləcək”.
B.Muradova qeyd edib ki, beş ildir həyata keçirilən layihə Hacı Zeynalabdin Tağıyevin 125 il əvvəl Bakıda açdığı Müsəlman Qızlar Məktəbinin maarifçilik ənənələrinin davam etdirilməsinə xidmət edir. O bildirib ki, müstəqil Azərbaycanda qadınların hüquq və imkanlarının genişləndirilməsi, təhsilin inkişafı və insan kapitalının gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti bu tarixi ənənənin müasir mərhələsidir.




