Birlikdə oxumaq uşağın gələcəyini dəyişir
Son illərdə beynəlxalq elmi jurnallarda dərc olunan araşdırmalar göstərir ki, valideyn və uşağın birlikdə kitab oxuması təkcə mədəni ənənə kimi əhəmiyyətli deyil, həm də uşağın inkişafında çox mühüm rol oynayır. “The Times” qəzetində yayımlanan məqalə bu istiqamətdə aparılan tədqiqatları ictimaiyyətin diqqətinə çatdıraraq bir daha təsdiq edib ki, sadə görünən oxu prosesi, əslində, uşağın beyin fəaliyyətində dərin izlər buraxır.
Neyroelm mütəxəssislərinin gəldiyi nəticələrə görə, valideyn və uşaq birlikdə hekayə oxuyarkən beyin dalğaları arasında ritmik sinxronlaşma yaranır. Bu sinxronluq uşağın dil bacarıqları, emosional tənzimlənmə və sosial inkişafı üçün mühüm təsirə malikdir. Tədqiqatlar onu da təsdiqləyib ki, sinxronlaşma ekran qarşısında əldə edilən stimullaşmadan tamamilə fərqli və daha məhsuldardır.
Birlikdə oxunan kitabın yaratdığı təsiri ölçmək üçün müxtəlif ölkələrdə aparılan neyroelmi tədqiqatlarda fNIRS (funksional yaxın infraqırmızı spektroskopiya) və EEG (Elektroensefalografi) cihazlarından istifadə olunub. Bu araşdırmaların nəticələri göstərir ki, valideyn hekayəni səsli oxuduqda, onun danışıq ritmi və intonasiyası uşaq beynindəki ritmlərlə uyğunlaşır. Bu hadisə “interpersonal neural synchrony”, yəni “insanlararası beyin sinxronluğu” adlanır.
2023-cü ildə dərc olunan “Neural synchrony underlies the positive effect of shared reading on children’s language ability” (“Birlikdə oxumaq uşağın dil qabiliyyətinə müsbət təsir edir – səbəb beyində yaranan sinir sinxronluğudur”) adlı araşdırma bu sinxronluğun dil bacarıqları ilə birbaşa əlaqəli olduğunu sübut edib. Tədqiqatçılar bildirirlər ki, mütaliəyə birlikdə sərf edilən zaman artdıqca uşaq beyninin dil-işləmə sahələrində aktivlik yüksəlir, bu isə daha zəngin söz ehtiyatı və daha güclü anlayış bacarığı ilə nəticələnir.
Mütəxəssislər hesab edir ki, bu sinxronluq uşaq və valideyn arasında sosial siqnalların qarşılıqlı şəkildə ötürülməsi ilə formalaşır. Göz kontaktı, səsin tonu, cümlələrin ritmi və birlikdə diqqəti bir nöqtəyə yönəltmək beyinin ritmik fəaliyyətini əlaqələndirir. Bu isə sadə oxu prosesini neyrobioloji baxımdan güclü stimula çevirir.
Son illərdə ekran qarşısında keçən vaxtın artması müşahidə olunur. Bu aspektdən valideyn-uşaq ünsiyyətinin araşdırılması göstərib ki, ekrandan izlənilən istər animasiya, istərsə də interaktiv məzmun kitab oxumanın yaratdığı sinxronluq effekti ilə müqayisə oluna bilməz.
Araşdırmalara görə:
– Ekran qarşısında uşağın diqqəti daha tez dağılır.
– Dil mərkəzlərində aktivlik oxuma ilə müqayisədə daha zəif olur.
– Beyinin təxəyyül və vizual assosiasiya sahələri passiv qalır.
– Valideyn-uşaq qarşılıqlı əlaqəsi minimuma enir.
– Buna baxmayaraq, tədqiqatçılar vurğulayır ki, ekran tamamilə zərərli deyil. Əsas fərq birlikdə oxunun qarşılıqlı təsirindədir. Kitab oxumaq prosesində valideyn uşağın reaksiyasına uyğun danışır, suallar verir, izah edir, vurğular dəyişir. Bu sosial qarşılı əlaqə isə beyin sinxronluğunu gücləndirir.
Araşdırma müəlliflərinə görə, kitab oxuyanda yaranan təsir tək funksional aktivliklə məhdudlaşmır. MRI (Maqnetik rezonans tomoqrafiya) texnologiyaları ilə aparılan uzunmüddətli araşdırmalar göstərir ki, erkən yaşdan kitablarla tanış olan uşaqların beynindəki “ağ maddə” yolları, yəni məlumat ötürülən neyron şəbəkələri daha güclü inkişaf edir.
Bəs “ağ maddə”nin güclənməsi nə deməkdir?
– Dil anlama bacarıqları daha sürətli olur: uşaq eşitdiyini tez anlayır, sözləri daha tez tanıyır və yadda saxlayır, cümlələrin mənasını daha tez qavrayır, oxumağa başladıqda sürətli və rahat oxuyur. Beyin informasiya ilə daha sürətli işləyir.
– Oxu və yazı bacarıqları məktəb dövründə daha rahat formalaşır.
– Uşağın analitik düşüncə tərzi daha tez inkişaf edir.
– Yaddaş prosesləri daha sabit işləyir.
Bu dəyişikliklər, adətən, 3-5 yaş aralığında baş verir. Erkən mərhələdə formalaşan sinir yolları sonrakı illərdə təhsil uğurlarına birbaşa təsir göstərir.
2021-ci ildə aparılan başqa araşdırmada isə valideyn və uşağın birlikdə oxuması zamanı yeni sözlərin öyrənilmə sürəti ölçülüb. Nəticələr gözləniləndən daha maraqlı olub: uşaq yeni sözləri daha yaxşı yadda saxlayırsa, bu, məzmunun mürəkkəbliyi ilə deyil, beyinin valideynlə sinxronlaşma dərəcəsi ilə izah olunur.
Müasir psixologiyada bu, “sosial öyrənmə” adlanan anlayışın neyrobioloji əsasını göstərir. Yəni uşaq onunla qarşılıqlı şəkildə maraqlanan və emosional əlaqədə olan valideyndən daha yaxşı öyrənir. Elmi cəhətdən desək, sinxronluq məlumatın hipokampusda (hipokampus beyinin məlumatın qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa ötürülməsində mühüm rol oynayan hissəsidir) daha güclü kodlanmasına səbəb olur.
“The Times” qəzetində dərc olunan məqalədə vurğulanan digər mühüm məqam “bedtime stories” (yuxu öncəsi oxu) ritualıdır. Mütəxəssislərin fikrincə, bu zaman beyinin alfa dalğalarının yüksəlməsi, uşaqda emosional hazırlığın artması və sakit mühitin təsiri sinxronluğu daha da gücləndirir.
Bu saatda oxunan hekayələrin üstünlükləri:
– Yaddaşın möhkəmlənməsi - yuxu öncəsi alınan məlumat beyin tərəfindən daha asan emal olunur və saxlanılır.
– Emosional bağ güclənir - uşaq üçün sakit və təhlükəsiz mühit formalaşır.
– Diqqət səviyyəsi artır - gün ərzindəki stimulların azalması diqqətin uzun müddət qorunmasına kömək edir.
– Ritualın təsiri - beyinə “təhlükəsizlik” siqnalı verən stabil vərdiş formalaşır.
– Bu səbəbdən mütəxəssislər valideynlərə yatmazdan əvvəl 10-15 dəqiqəlik oxu ritualını tövsiyə edirlər.
Elmi-tədqiqatların ümumi nəticələri valideynlər üçün bir neçə əsas tövsiyəni önə çıxarır:
– Uşağa hər gün az da olsa, kitab oxumaq beyin inkişafına uzunmüddətli təsir göstərir.
– Oxu prosesində sual-cavab etmək, obrazları müzakirə etmək və intonasiyanı dəyişmək sinxronluğu artırır.
– Ekran istifadəsini azaltmaq yox, qarşılıqlı ünsiyyətin həcmini artırmaq əsas məqsəd olmalıdır.
– Uşağın seçdiyi kitabları oxumaq motivasiyanı gücləndirir və marağı sabit saxlayır.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, valideynin emosional vəziyyəti, yorğunluq, stress, diqqətsizlik kimi hallar sinxronlaşmanın səviyyəsinə təsir göstərir. Buna görə də oxu vaxtının sakit atmosferdə keçirilməsi daha faydalıdır.
Son araşdırmaların nəticələri göstərir ki, birlikdə kitab oxumaq uşağın beynini həm struktur, həm də funksional səviyyədə dəyişdirir. Bu proses dil inkişafını, diqqəti, yaradıcılığı və emosional tənzimləməni gücləndirir. Valideyn və uşaq arasında yaranan beyin sinxronluğu isə bu təsirlərin əsas mexanizmi kimi qəbul edilir.
Bir sözlə, kitab oxumaq sadəcə intellektual maraq doğuran fəaliyyət deyil, uşağın beynini formalaşdıran ən təsirli və elmi cəhətdən sübut olunmuş inkişaf üsullarından biridir.



