BMU tələbəsi Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olub
Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin “Kompüter elmləri” ixtisasının II kurs tələbəsi Zərif Salehzadənin təqdim etdiyi “AI Youth Camp” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsində qalib olub.
Bu barədə BMU-dan ‘‘Azərbaycan müəllimi’’nə məlumat verilib.
Bildirilib ki, süni intellekt sahəsində tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş layihənin əsas məqsədi innovativ düşünmə, problem həll etmə və komanda işi bacarıqlarının gücləndirilməsi, eləcə də müasir texnologiyaların tətbiqi istiqamətində yeni bilik və təcrübə qazanmalarına imkan yaradılmasıdır.
Layihə çərçivəsində iştirakçılar real problemləri müəyyənləşdirərək onların həlli üçün süni intellekt əsaslı innovativ həllər hazırlayacaqlar. Əyani düşərgə formatında keçiriləcək tədbirin proqramına mini-hakaton da daxil ediləcək. Hakaton zamanı iştirakçılar hazırladıqları layihələr üzrə öz ideyalarını və texnoloji həllərini nümayiş etdirəcəklər.
Qeyd edək ki, “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların cəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirakının təşviq olunması, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi məqsədi daşıyır.
Müsabiqə, həmçinin, gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə verməyi hədəfləyir.




