Bristolda tələbələrin inkişafı və Azərbaycan mədəniyyətinin təbliği müzakirə olunub

26 Oktyabr, 2026 - 15:50
Bristolda tələbələrin inkişafı və  Azərbaycan mədəniyyətinin təbliği müzakirə olunub

Böyük Britaniyanın Bristol Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Rəşad Xanlarov “Thriving in the UK” mövzusunda təqdimatla çıxış edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, təqdimat zamanı Rəşad Xanlarov Böyük Britaniyada təhsil alan tələbələrin inkişaf imkanları, mövcud resurslardan səmərəli istifadə, eləcə də akademik və şəxsi inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə, həmçinin Azərbaycan Mədəniyyət Günlərinin təşkili, Azərbaycan mədəniyyətinin və milli-mənəvi dəyərlərinin Böyük Britaniyada təbliği, eləcə də bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsi imkanları müzakirə olunub.

Sual-cavab sessiyası zamanı tələbələrin qarşılaşdıqları çətinliklər və onları maraqlandıran aktual məsələlər dinlənilib, mövcud problemlərin həlli yolları ilə bağlı müvafiq istiqamətləndirmə və praktiki tövsiyələr verilib.

Görüş tələbələrin ehtiyaclarının öyrənilməsi, qarşılaşdıqları çətinliklərin həllinə dəstək göstərilməsi və Azərbaycan mədəniyyətinin beynəlxalq tələbə mühitində tanıdılması baxımından əhəmiyyət daşıyıb.

Bristolda tələbələrin inkişafı və  Azərbaycan mədəniyyətinin təbliği müzakirə olunub