"Bu uğur üzərimə əlavə məsuliyyət qoyur" - Prezident təqaüdçüsü
2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olmuş və Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüş tələbələrdən biri də Leyla Əhmədlidir. O, 685,1 balla Bakı Dövlət Universitetinin (BDU) "Hüquqşünaslıq" ixtisasının ingilis bölməsinə qəbul olunub. Hüquq sahəsinə xüsusi maraq göstərən gənc ali təhsil illərində ixtisas biliklərini dərinləşdirməyi, şəxsi və akademik bacarıqlarını inkişaf etdirməyi, gələcəkdə isə xaricdə təhsil almağı qarşısına məqsəd qoyub.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadla xəbər verir ki, Leyla Əhmədli müsahibəsində yüksək nəticə əldə etməsində rol oynayan amillərdən, abituriyentlik dövrünün təcrübəsindən, ixtisas seçimindən və gələcək planlarından danışıb.
Müsahib qeyd edib ki, imtahan nəticəsini gördükdən sonra Prezident təqaüdünə layiq görüləcəyini ehtimal edib. Sərəncamda adını görmək isə onun üçün böyük sevinc yaşadan məqama çevrilib. Gənc tələbənin fikrincə, bu uğurun arxasında şəxsi səylərlə yanaşı, müəllimlərinin istiqamətləndirici dəstəyi və ailəsinin mənəvi qayğısı da dayanı : “Hüquqşünaslıq mənim hər zaman arzuladığım ixtisas olub. Bu sahə özümü inkişaf etdirmək və gələcəkdə peşəkar biliklərimi artırmaq üçün geniş imkanlar yaradır. İxtisas seçimi zamanı həm şəxsi maraqlarımı, həm də əmək bazarındakı perspektivləri nəzərə aldım. Mənim üçün sevdiyim sahədə çalışmağın vacibliyi ilə yanaşı, gələcəkdə yaxşı imkanlar qazanmaq da önəmli idi”.
Abituriyentlik illərinə qayıtsaydı, hansı məqamları fərqli edəcəyini açıqlayan və gələcək planlarını bölüşən Leyla Əhmədli deyib: “Düşünürəm ki, abituriyentlərin yol verdiyi əsas səhvlərdən biri vaxtı düzgün bölüşdürməmək və sistemli hazırlaşmamaqdır. İmtahanlara hazırlıq dövründə vaxtdan səmərəli istifadə etmək və ardıcıl çalışmaq çox vacibdir. Həmin dövrə yenidən qayıtmaq imkanım olsaydı, özümü həddindən artıq yormaq əvəzinə, dərs və istirahət arasında daha balanslı rejim qurardım. Universitetdən gözləntilərim böyükdür. İxtisasım üzrə biliklərimi dərinləşdirməklə yanaşı, dünyagörüşümü genişləndirmək, xarici dil biliklərimi təkmilləşdirmək, tənqidi düşüncə, təqdimat və liderlik bacarıqlarımı inkişaf etdirmək istəyirəm. Prezident təqaüdü mənim üçün həm mənəvi, həm də akademik baxımdan böyük əhəmiyyət daşıyır. Bu uğur üzərimə əlavə məsuliyyət qoyur və məni daha böyük hədəflərə doğru ruhlandırır. Universitet illərində yeni nailiyyətlər əldə etmək və gələcəkdə xaricdə təhsil almaq planlarımı reallaşdırmaq istəyirəm. Bu təqaüdü həmin məqsədlərə doğru atdığım mühüm addımlardan biri hesab edirəm”.
O qeyd edib ki, tələbəlik illərində daha böyük akademik nailiyyətlər qazanmaq və xaricdə təhsil almaq arzularını gerçəkləşdirmək qarşıdakı əsas hədəflərindəndir.




