Deputat: Distant təhsil universiteti yaratmaq barədə düşünməliyik
“Biz distant təhsillə bağlı hüquqi bazanı zənginləşdirməliyik. Düşünürəm ki, Elm və Təhsil Nazirliyində bununla bağlı ayrıca şöbənin olmasına ehtiyac var. Bizdə ayrıca bununla məşğul olacaq bir mərkəz olmalıdır. Hətta gələcəkdə distant təhsil universiteti yaratmaq barədə də düşünməliyik. Çünki baxsanız, nə qədər azərbaycanlı gənc Türkiyədə distant təhsil alır və dünyanın ayrı-ayrı yerlərində bu təhsildən yararlanır. O mənada biz bu istiqamətdə işi aparmalıyıq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov İctimai TV-nin “Sabaha saxlamayaq” verilişində səsləndirib.
Onun sözlərinə görə, yüzə yaxın məktəb kritik vəziyyətdədir:
“Söhbət ondan gedir ki, bəzi məktəblərdə cəmi iki-üç şagird təhsil alır. Əsas yanaşma da ondan ibarətdir ki, bu məktəblərin maliyyələşdirilməsinə vəsait ayrılır. Təxminən bir məktəbin maliyyələşdirilməsi 25 min manat civarında vəsait tələb edir. Bu vəsait bir az aşağı, bir az yuxarı ola bilər, o, məktəbdən məktəbə dəyişən bir göstəricidir. Yəni məktəbdə üç şagird təhsil alsa da, direktor, xadimə və digər əməkdaşlar olmalıdır”.
Deputat qeyd edib ki, bir müddət əvvəl məktəblərin birləşdirilməsi və şagird daşımasınının həyata keçirilməsi qərara alındı: “İndi isə artıq yeni yanaşma ortaya çıxdı: distant təhsilə keçid. Ona görə düşünürəm ki, biz bunu geniş şəkildə araşdırmalı, dəqiq bir qərar qəbul etməli və prosesi düzgün istiqamətlə aparmalıyıq ki, hansı modeli seçəcəyimizi müəyyənləşdirək.
Biz distant təhsil modelini seçdikdə bir neçə məsələ ortaya çıxır. Mən o fikirdəyəm ki, bu, kəndlərin boşalmasına təkan verə bilər. Misal üçün, məktəb, klub, kitabxana, səhiyyə müəssisəsi yoxdursa, artıq valideyn daşınmaq barədə düşünəcək. Bu proses öz təsirini göstərəcək. Distant təhsilə keçəndə əsas məsələ davamlılıqdır: texniki imkanlar, internet və s. Bütün bu məsələlər ən yüksək səviyyədə həllini tapmalıdır ki, prosesə mənfi təsir göstərməsin. Düzdür, bu, ənənəvi təhsili tam əvəz etməsə də, bir mərkəz vasitəsilə hamı bu prosesə qoşulur, onlayn sinif və məktəb yaradılır. Buna bənzər modellər Avropada bu gün bu və ya digər formada tətbiq olunur”.



