Dərsdən sonra başlayan dərs: ibtidai sinif müəlliminin reflektiv təcrübəsi
İbtidai təhsilin I–IV sinif mərhələsi şagird şəxsiyyətinin, öyrənmə vərdişlərinin və məktəbə münasibətinin formalaşdığı ən həssas dövrdür. Bu mərhələdə müəllimin gündəlik sinif təcrübəsi, müşahidələri və reflektiv düşüncəsi pedaqoji fəaliyyətin keyfiyyətinə birbaşa təsir göstərir.
Aşağı siniflərdə əsas çağırışlardan biri şagirdlərin məktəb mühitinə uyğunlaşmasıdır. İlk aylarda müşahidə etdim ki, bəzi şagirdlər tapşırıqları yerinə yetirsələr də, dərs zamanı diqqətlərini uzun müddət saxlamaqda çətinlik çəkirlər. Bu vəziyyət üzərində düşünərək dərs prosesinə qısa fasiləli oyunlar və hərəkətli fəaliyyətlər əlavə etdim. Nəticədə şagirdlərin dərsə marağı artdı və sinifdə daha rahat öyrənmə mühiti yarandı.
Məktəbəhazırlıq qrupları ilə iş apararkən uşaqlarda qısa müddətli yaddaş üstünlük təşkil etdiyindən, öyrənilənlərin uzunmüddətli yaddaşa ötürülməsi üçün oyun əsaslı fəaliyyətlərə müraciət edirdim. Məsələn, hərflərin öyrədilməsi zamanı lövhədə plastilinlə hərf hazırlayır, şagirdin gözlərini bağlayaraq barmağı ilə həmin hərfin üzərindən keçməsini istəyirdim. Şagird toxunma yolu ilə hərfi müəyyən edirdi. Bu üsul xüsusilə diqqəti dağınıq şagirdlər üçün olduqca səmərəli nəticə verirdi. Təcrübə göstərir ki, şagirdlər vizual və kinestetik öyrənmə vasitəsilə daha uğurlu nəticələr əldə edirlər.
Riyaziyyat dərslərində hesablamaların yadda qalan olması üçün kiçik oyunlar təşkil edirdim. İrəli və geri saymanı öyrətmək məqsədilə sinifdə ədəd oxu əyani vəsaiti hazırlamışdım. Şagirdlər bu ədəd oxu üzərində hərəkət etməklə həm saymanı, həm də ədədlər arasında irəli-geri saymanı daha aydın dərk edirdilər.
Ümumiyyətlə, dərslərdə əyani vəsaitlərə üstünlük verirəm. Bu vəsaitlər şagirdlərin təsəvvür yaratmaq, müqayisə aparmaq və müstəqil düşünmə bacarıqlarını inkişaf etdirir. Şagirdlər əşyalar və anlayışlar haqqında daha dolğun məlumat əldə edirlər.
Riyaziyyat dərslərində məsələ həlli zamanı bəzən şagirdlərin düzgün cavabı tapsalar da, izah verməkdə çətinlik çəkdiklərini müşahidə etdim. Bu müşahidədən sonra dərslərdə “Necə bu nəticəyə gəldin?” sualına xüsusi yer ayırmağa başladım. Şagirdlər öz düşüncə yollarını paylaşmağa alışdıqca onların həm özünəinamı artdı, həm də sinifdə qarşılıqlı öyrənmə mühiti formalaşdı.
İbtidai sinifdə müəllimlik yalnız oxu, yazı və hesab öyrətməkdən ibarət deyil. Bu mərhələdə müəllim eyni zamanda şagirdin duyğularını anlayan, davranışlarını müşahidə edən və hər bir situasiyadan pedaqoji nəticə çıxaran bələdçidir.
Oxu bacarığının formalaşması mərhələsində bəzi şagirdlərin səsli oxu zamanı çətinlik çəkməsi diqqətimi çəkdi. Bu problemin oxu bacarığından deyil, psixoloji mühitdən qaynaqlandığını müəyyən etdim. Növbəti dərslərdə oxu fəaliyyətlərini əvvəlcə cütlüklər və kiçik qruplar şəklində təşkil etdim. Zamanla həmin şagirdlərin özünəinamının artdığını və könüllü şəkildə oxumağa başladıqlarını müşahidə etdim.
Yazı dərslərində isə uzunmüddətli tapşırıqların şagirdləri tez yorduğunu gördüm. Buna görə yazı fəaliyyətlərini qısa, mərhələli və oyun elementləri ilə zənginləşdirdim. “Ən səliqəli yazı”, “Kim daha diqqətlidir?” “Kim daha sürətlidir? kimi tapşırıqlar şagirdlərin həm motivasiyasını, həm də diqqətini artırdı.
Davranışla bağlı müşahidələr də pedaqoji düşüncə üçün mühüm məqamlar yaradır. Bir şagirdin tez-tez yerindən durması əvvəlcə intizam problemi kimi görünsə də, müşahidələr nəticəsində onun tapşırıqları digərlərindən daha tez tamamladığı məlum oldu. Əlavə tapşırıqlar verməklə həmin şagirdin enerjisini müsbət istiqamətə yönəltdim və bu yanaşma sinifdə ümumi nizamın qorunmasına müsbət təsir göstərdi.
Şagirdlərin oxu bacarığını inkişaf etdirmək məqsədilə “Kitab oxuyaq” adlı yarışma təşkil etdim. Şagirdlər oxuduqları nağılları sinif yoldaşları ilə bölüşür, fikirlərini ifadə edirdilər. Oxuduqları kitabları bir-biriləri ilə paylaşırdılar. Bu fəaliyyət onların oxuya marağını və nitq bacarıqlarını gücləndirdi.
Sinifdə öyrənmə çətinliyi olan şagirdə sinif yoldaşlarından ona dəstək göstərməsi üçün əməkdaşlıq əsaslı tapşırıqlar verirdim. Bu yanaşma şagirdlər arasında həmrəylik və qarşılıqlı öyrənmə bacarıqlarını möhkəmləndirirdi. Özünəqapalı şagirdlərin isə sosiallaşması üçün bildikləri mövzunu sinif yoldaşına izah etməsini tapşırmaq onların özünəinamının artmasına şərait yaradırdı.
Müəllimin peşəkar inkişafı yalnız seminar və təlimlərlə deyil, gündəlik sinif təcrübəsinin təhlili və reflektiv düşüncə ilə formalaşır. Sinifdə baş verən hər bir hadisə – şagirdin verdiyi sual, gözlənilməz reaksiya və ya uğurlu dərs anı – müəllim üçün dəyərli öyrənmə mənbəyidir.
Nəticə olaraq, müəllimin gündəlik pedaqoji fəaliyyətini yazılı şəkildə ifadə etməsi təlim prosesinin daha şüurlu və məqsədyönlü qurulmasına xidmət edir. Reflektiv düşünmə mədəniyyəti müəllimi yalnız dərs deyən deyil, daim öyrənən və inkişaf edən peşəkar şəxsiyyətə çevirir. Bu isə təhsildə keyfiyyətin yüksəldilməsinin əsas şərtlərindən biridir.

Arzu Aydemir Nuru qızı,
188 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi




