Elm, innovasiya və aqrar inkişafın ünvanı – ADAU-nun strateji rolu

29 İyun, 2026 - 12:37
Elm, innovasiya və aqrar inkişafın ünvanı – ADAU-nun strateji rolu

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda strateji çəkiyə malik olan aqrar sahə yaxın beşillikdə tamamilə yeni, innovativ bir mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” bu inkişafın yol xəritəsini cızır, ölkənin aqrar sektorunda keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Bu sənəd yalnız iqtisadi deyil, həm də elmi, texnoloji və kadr potensialının səfərbər edilməsini tələb edən kompleks inkişaf modelidir.

Dövlət Proqramı çərçivəsində aqrar sektora təxminən 5,9 milyard manat investisiyanın cəlb olunması planlaşdırılır ki, bu da kənd təsərrüfatının intensiv inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalının genişlənməsinə və ixracın artımına xidmət edəcək. Eyni zamanda, proqram aqrar sahədə ümumi daxili məhsulun illik orta artım tempinin ən azı 2 faiz səviyyəsində saxlanmasını və ixracın orta hesabla 6 faiz artırılmasını hədəfləyir. 

Qarşıya qoyulan məqsədlərə nail olunmasında, istənilən böyük islahatın, rəqəmsallaşma dalğasının və modernləşmənin arxasında dayanan tək bir fundamental qüvvə var: insan kapitalı. Məhz bu məqamda proqramın uğurlu icrasının əsas ağırlıq mərkəzi və elmi mühərriki rolunda Gəncənin vizit kartı, ölkənin aqrar sektorunda kadr hazırlığı üzrə yeganə ali təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) çıxış edir. 

Kadr hazırlığı: aqrar inkişafın təməl sütunu

Dövlət Proqramının qarşıya qoyduğu ən böyük hədəflərdən biri kənd təsərrüfatında məhsuldarlığı artırmaq və emal sənayesini müasir standartlara çatdırmaqdır. Köhnə üsullarla yeni hədəflərə varmaq isə qeyri-mümkündür. ADAU-nun proqramdakı missiyası sadəcə məzun hazırlamaq deyil, aqrar sahəni idarə edəcək, müasir bilik və bacarıqlara malik "ağıllı" aqrar mütəxəssislər yetişdirməkdir. Bu kontekstdə ADAU yalnız təhsil müəssisəsi deyil, həm də aqrar innovasiyaların generatoru kimi çıxış edir. Universitetdə tətbiq olunan yeni tədris modelləri, ikili diplom proqramları və beynəlxalq əməkdaşlıqlar tələbələrin həm nəzəri, həm də praktik hazırlığını gücləndirir. Ali təhsil ocağı son illərdə təhsil proqramlarını kökündən yeniləyərək "Ağıllı kənd təsərrüfatı" (Smart Farming), aqroekologiya, biotexnologiya, aqrobiznes və logistika kimi sahələrə xüsusi önəm verir. Statistikaya nəzər salsaq, universitetdə təhsil alan 7000-dən çox tələbənin böyük hissəsi bilavasitə təcrübi layihələrə cəlb olunub. Həm universitetə məxsus tədris-təcrübə sahələrində birbaşa torpaqla, müasir texnika ilə işləyir, həm də xarici təcrübə proqramlarının imkanlarından faydalanır.
Dövlət Proqramında ilk dəfə olaraq balıqçılıq və akvakultura sahəsinin emalı ilə bağlı geniş bəndlərin yer alması, ADAU-nun da bu istiqamətdə kadr hazırlığını sürətləndirməsini şərtləndirir. Universitetin müasir laboratoriyaları və balıqçılıq tədqiqat mərkəzləri, ölkədə akvakulturanın elmi əsaslarla inkişaf etdirilməsi üçün yaxın 5 ildə bazara yüzlərlə ixtisaslı mütəxəssis bəxş edəcək. Ümumən Dövlət Proqramı çərçivəsində aqrar sektorun müasir kadr ehtiyacının 75-80%-nin məhz ADAU-nun elmi-praktiki kadrları hesabına tamamilə yerli resurslarla qarşılanması mümkündür.  

Elm, innovasiya və istehsalın inteqrasiyası

ADAU-nu sadəcə bir auditoriya kompleksi hesab etmək böyük yanlışlıq olardı. Bura həm də ölkənin nəhəng aqrar holdinqləri ilə dövlət strukturları arasında bir körpüdür. Universitetin Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və özəl sektorun nəhəngləri ("Pasha Holding", "Azersun", "Gilan Agricultural" və s.) ilə qurduğu strateji tərəfdaşlıq layihələri Dövlət Proqramının icrasına birbaşa töhfə verir. 

Sıx əməkdaşlıq elmi nəticələrin praktik tətbiqinə şərait yaradır. Müasir suvarma sistemləri, məhsuldar toxum sortlarının tətbiqi, damazlıq bazasının gücləndirilməsi kimi istiqamətlərdə universitet alimlərinin iştirakı ilə həyata keçirilən layihələr məhsuldarlığın artmasına birbaşa təsir göstərir. Bu əməkdaşlığın ən böyük üstünlüyü "elm-istehsalat" zəncirinin qurulmasıdır. ADAU-nun alimləri tərəfindən laboratoriyalarda əldə edilən elmi yeniliklər, xəstəliklərə dözümlü toxum növləri və ya effektiv suvarma metodları birbaşa holdinqlərin tarlalarında sınaqdan çıxarılır. Dövlət Proqramında da bu istiqamətlər prioritet kimi müəyyən edilmişdir.

Xüsusilə, Türkiyənin Ege Universiteti ilə həyata keçirilən ikili diplom proqramı, qardaş ölkənin zəngin aqrar təcrübəsinin bizim tarlalara transfer edilməsində əvəzsiz rol oynayır. Bu gün ADAU məzunu olan gənc mühəndis holdinqə gələndə müasir dronların idarə edilməsini, GPS əsaslı traktorların proqramlaşdırılmasını artıq mükəmməl bilir.

Regional inkişaf və sosial təsir

Dövlət Proqramının mühüm hədəflərindən biri regionlarda kənd təsərrüfatının inkişafını sürətləndirmək və fermerlərin rifahını artırmaqdır. Bu prosesdə ADAU-nun regionlarla əlaqəsi xüsusi əhəmiyyət daşıyır. Universitetin Gəncə şəhərində yerləşməsi və bölgələrə yaxınlığı onun regional aqrar inkişafda fəal iştirakını təmin edir.

Tələbələrin istehsalat təcrübələrinin regionlarda keçirilməsi, fermerlərlə birgə layihələrin icrası, maarifləndirici təlimlərin təşkili – bütün bunlar Dövlət Proqramının icrasına praktiki töhfə verir. 

ADAU – Dövlət Proqramının intellektual dayağı

Aydın görünür ki, 2026–2030-cu illər üçün Dövlət Proqramı yalnız maliyyə və infrastruktur layihələri ilə məhdudlaşmır. Özündə Azərbaycan kəndinin, regionlarının sosial-iqtisadi simasını dəyişəcək, insan kapitalına, elmi potensiala və innovasiyalara əsaslanan inkişaf modelini ehtiva edən bir strategiyadır. Məhz bu baxımdan ADAU proqramın intellektual dayaqlarından biri kimi çıxış edir. Bu isə nəticə etibarilə ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, rəqabətədavamlı, ixrac yönümlü və ekoloji cəhətdən təmiz məhsul istehsalı hədəfinə çatmağa və kənd yerlərində sosial rifahın yüksəlməsinə xidmət edir. 
Beləliklə, “2026–2030-cu illər üçün Dövlət Proqramı” Azərbaycanın aqrar sektorunda sistemli və davamlı inkişafın yol xəritəsidir. ADAU isə öz elmi potensialı, müasir rəhbərlik vizyonu və enerjili gəncliyi ilə bu yol xəritəsinin "beyin mərkəzi" olacağını artıq sübut edib. Yaxın 5 ildə də süfrəmizdəki çörəkdən tutmuş, ixrac edəcəyimiz məhsullara qədər hər bir uğurun mayasında ADAU aliminin zəhməti, tələbəsinin innovativ ideyası dayanacaq. ADAU bu istiqamətdə öz tarixi missiyasını uğurla davam etdirərək Azərbaycanın aqrar gələcəyinin formalaşmasında aparıcı rol oynayır.

Fərid Mehdiyev,
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes, menecment və marketinq kafedrasının dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru