Emin Əmrullayev: Qızların təhsilinə qoyulan investisiya cəmiyyətin tərəqqisinə imkan verir
“Son illərdə ali təhsil müəssisələrinin texniki və texnoloji ixtisaslarına qəbul olunan qızların sayında əhəmiyyətli artım müşahidə edirik. Bu, qızların təhsil imkanlarının genişlənməsi və onların müxtəlif peşə sahələrində bərabərhüquqlu iştirakının təmin olunması baxımından mühüm göstəricidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Qızların təhsilinə dəstək” layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, qızların təhsilinə dəstək yalnız ali təhsil mərhələsini deyil, bütün təhsil pillələrini əhatə etməlidir:
“Qızların təhsili məktəbəqədər yaşdan başlayaraq ümumi və ali təhsil mərhələlərinə qədər davamlı şəkildə dəstəklənməlidir. Təhsildə baş verən müsbət dəyişikliklərin nəticələrini bəzən bir və ya iki ildən sonra deyil, 10–15, hətta 20 ildən sonra görmək mümkün olur”.
E.Əmrullayev vurğulayıb ki, qızların təhsilə daha geniş cəlb edilməsi onların müstəqil qərarvermə imkanlarının artırılması və gələcək peşə fəaliyyətlərində fəal iştirakı baxımından da əhəmiyyətlidir:
“Qızların təhsilinə qoyulan investisiya uzunmüddətli dövrdə iqtisadi inkişaf və cəmiyyətin tərəqqisi üçün mühüm imkanlar yaradır. Əsas məsələlərdən biri onların müstəqil yetişməsi, öz qərarlarını sərbəst qəbul etməsi və cəmiyyətin bərabərhüquqlu iştirakçıları kimi formalaşmasıdır”.




