“Ən yaxşı sən olmalısan”: Valideyn təzyiqi uşaqlarda hansı izləri buraxır?
Hər bir valideyn övladının uğurlu, savadlı və xoşbəxt gələcəyə sahib olmasını arzulayır. Lakin bəzən bu istək yüksək gözləntilərə, davamlı müqayisələrə və uşağın üzərinə yaşına uyğun olmayan məsuliyyətlərin qoyulmasına səbəb olur. Mütəxəssislər hesab edirlər ki, valideyn nəzarəti ilə həddindən artıq təzyiq arasında incə bir sərhəd mövcuddur və bu sərhədin qorunması uşağın sağlam emosional inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Bəs valideynlərin yüksək gözləntiləri uşaqların psixologiyasına hansı təsirləri göstərir?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, uşaq daim “ən yaxşı olmalısan”, “səhv etməməlisən”, “başqalarından geri qalmamalısan” kimi mesajlar aldıqda zamanla öz dəyərini yalnız nailiyyətləri ilə ölçməyə başlayır. Bu isə narahatlıq, stres, özünəinamın azalması, uğursuzluq qorxusu və mükəmməlliyyətçilik kimi problemlərə səbəb ola bilər. Bəzi uşaqlar valideynlərini məyus etməkdən qorxduqları üçün hisslərini gizlədir, digərləri isə üsyankar davranışlar nümayiş etdirə bilirlər.
Psixoloqun sözlərinə görə, valideynlər anlamalıdırlar ki, hər uşağın inkişaf tempi, bacarığı və maraq dairəsi fərqlidir:
“Uşaqları digər yaşıdları ilə müqayisə etmək əvəzinə onların öz inkişafını izləmək daha sağlam yanaşmadır. Ən vacib məqamlardan biri uşağa qeyd-şərtsiz sevgi hissini ötürməkdir. Uşaq bilməlidir ki, o, yalnız uğur qazandığı üçün deyil, olduğu kimi qəbul edildiyi üçün dəyərlidir.
Valideynlər gözləntilərini müəyyən edərkən uşağın yaşını, emosional hazırlığını və potensialını nəzərə almalıdırlar. Uğursuzluqlar cəza və ya tənqid üçün deyil, öyrənmək və inkişaf etmək üçün fürsət kimi qiymətləndirilməlidir. Uşağın fikirlərini dinləmək, seçimlərinə hörmət etmək və qərarvermə bacarıqlarını dəstəkləmək onun sağlam şəxsiyyət kimi formalaşmasına kömək edir”.
Z.Əyyubova qeyd edib ki, valideynlər yalnız nəticəni deyil, uşağın göstərdiyi səyi də qiymətləndirməlidirlər: “Bu yanaşma daxili motivasiyanı artırır və uşağın özünə inamını gücləndirir.
Uşaqların psixoloji sağlamlığının təməli sevgi, anlayış, təhlükəsizlik hissi və sağlam ünsiyyətdir. Valideynlərin dəstəkləyici və realist gözləntiləri uşağın həm emosional rifahını, həm də onun gələcək uğurlarını daha möhkəm təməl üzərində qurmasına imkan yaradır”.
Təhsil eksperti Elçin Əfəndi “Azərbaycan müəllimi”nə bildirib ki, uşaqlar bəzi hallarda valideynlərindən, yaxud cəmiyyətinin ictimai qınağından qorxurlar: “Bunun nəticəsində onlar məcbur olub yalan danışır, yaxud texnoloji imkanların verdiyi fürsətdən maksimal yararlanırlar. Məsələn, bəzi abituriyentlər imtahandan sonra öz nəticələrində dəyişiklik edir, saxtakarlığa yol verirlər. Həmçinin nəticələrini müəyyən proqramlar vasitəsilə Dövlət İmtahan Mərkəzinin nəticələrinə oxşadırlar. Biz demək olar ki, hər il bu qəbildən olan abituriyentlərlə rastlaşırıq. Bu da, əlbəttə ki, xoşagəlməz vəziyyət yaradır, bəzən ailədaxili münaqişələrə səbəb olur”.
Ekspert qeyd edib ki, valideynlər övladlarının üstünə çox getməməli, onların səhvlərini anzlayışla qarşılamalı və onu təkrar etməməyə sövq etməlidirlər.




