Erkən uşaqlıq təhsili ilə bağlı qlobal sammit keçiriləcək

23 Sentyabr, 2026 - 17:01
Erkən uşaqlıq təhsili ilə bağlı qlobal sammit keçiriləcək

Dünyanın müxtəlif ölkələrinin liderləri erkən uşaqlıq təhsilinə və uşaqlı ailələrə investisiyaların artırılması məqsədilə Londonda keçiriləcək qlobal sammitdə bir araya gələcəklər.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Act For Early Years” kampaniyası çərçivəsində keçiriləcək ilk Qlobal Erkən Uşaqlıq Maliyyələşdirmə Sammitinin tarixləri və məkanı açıqlanıb. Sammit gələn il iyunun 2-3-də Londonda baş tutacaq.

Tarixi sammit Böyük Britaniyanın G20-yə sədrliyi dövründə təşkil olunacaq və İordaniya hökuməti ilə birgə keçiriləcək. Tədbirdə ölkələrin və şəhərlərin erkən uşaqlıq dövrü ilə bağlı prioritetlərinə uyğun olaraq konkret və ölçülə bilən öhdəliklərin hazırlanması, həmçinin daxili resurslar və beynəlxalq tərəfdaşlıqlar hesabına investisiyaların səfərbər edilməsi müzakirə olunacaq.

Sammitin əsas məqsədlərindən biri erkən uşaqlıq dövründə keyfiyyətli xidmətlərə çıxışın genişləndirilməsidir. Bildirilir ki, erkən yaş dövrü uşaqların gələcək sağlamlığı, öyrənməsi və rifahının əsasını təşkil edir. Buna baxmayaraq, dünyada milyonlarla uşaq və ailə keyfiyyətli erkən uşaqlıq xidmətlərindən və dəstəkdən yararlana bilmir.

Tədbirdə erkən uşaqlıq təhsilinə investisiyanın təməl təhsil, səhiyyə və qidalanma, gender bərabərliyi və yoxsulluğun azaldılması kimi sosial və iqtisadi məqsədlərə töhfəsi diqqət mərkəzində olacaq.

Sammitdə məktəbəqədər təhsilə universal çıxış, hamiləlik, doğuş və erkən uşaqlıq dövründə keyfiyyətli ilkin səhiyyə xidmətlərinə çıxış, eləcə də ailələr üçün əlçatan uşaq baxımı, uşaq müavinətləri və valideynlərə dəstək kimi istiqamətlər üzrə investisiyaların müzakirəsi nəzərdə tutulur.

Tədbir İordaniya hökuməti ilə birgə təşkil olunur və “Act For Early Years” kampaniyasının tərəfdaşları, o cümlədən UNICEF, UNESCO, Dünya Bankı, “Theirworld”, “LEGO Foundation” və “Education International” tərəfindən dəstəklənir.

Sammit çərçivəsində qəbul ediləcək öhdəliklərin 2030-cu ilədək həyata keçirilməsi və izlənilməsi nəzərdə tutulur.