Gənclər ixtisası marağa, yoxsa gəlirə görə seçirlər? – Sorğunun nəticələri

20 Oktyabr, 2026 - 11:49
Gənclər ixtisası marağa, yoxsa gəlirə görə seçirlər? –

“Ötənilki buraxılış imtahanından sonra cari ilin məzunları arasında ixtisas seçimi motivləri təhlil edilib. Motivasiya profilləri ilə imtahan təcrübəsinin digər göstəriciləri arasındakı müqayisələr aparılıb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin ötənilki buraxılış imtahanı ilə bağlı keçirdiyi anonim sorğunun nəticələrinin təhlilinə həsr olunan məqalədə məlumat verilib.

Məqalədə bildirilib ki, burada dörd əsas yanaşma görünür: Respondentlərin 3,2 faizi yalnız marağa əsaslanan qrupa aid olub. Ən böyük qrup – 41,8 faiz marağı digər motivlərlə birləşdirənlər olub: bu insanlar üçün sahənin maraqlı olması ilə yanaşı, karyera və status, yüksək gəlir və ya xarici şərtlər də vacibdir. 

Respondentlərin 23,4 faizi karyera, status və gəlirlə bağlı daha praqmatik qrupa aid olub. 31,2 faizdə isə seçim daha çox xarici amillərlə əlaqəli olub – nəticənin imkan verdiyi seçim, ailə gözləntiləri və digər xarici şərtlər qeyd edilib. Qalan 0,4 faiz qarışıq və digər motivasiya profillərinə aid olub. Bu bölgüdə bir məqamı düzgün interpretasiya etmək vacibdir. Yalnız maraq qrupunun 3,2 faiz olması ümumilikdə bu qədər gəncin marağa önəm verdiyi demək deyil. Ən böyük qrupda da maraq əsas motivlərdən biri olaraq qalır, lakin karyera, gəlir və ya digər seçim amilləri ilə birlikdə nəzərə alınır. Başqa sözlə, ixtisas seçimi əksər hallarda bir motivdən deyil, bir neçə motivin birləşməsindən formalaşır.

Dörd əsas motivasiya qrupu arasında xarici amillərlə əlaqəli qrupda sosial təzyiq, stres, imtahan haqqında yanlış təsəvvürlər və subyektiv çətinliyin orta göstəriciləri ən yüksək olub. Ən nəzərəçarpan fərq sosial təzyiqdə müşahidə edilib. Yalnız marağa əsaslanan qrupda orta göstərici 2,96 olduğu halda, xarici amillərlə əlaqəli qrupda 3,52 olub. Stres üzrə müvafiq göstəricilər 3,26 və 3,52, yanlış təsəvvürlər üzrə 3,49 və 3,86, subyektiv çətinlik üzrə isə 4,02 və 4,23 təşkil edib.

Məqalədə vurğulanıb ki, etimad və anlaşıqlıq faktorları üzrə fərqlər daha kiçik olub. Yalnız marağa əsaslanan qrupda imtahanın ədalətliliyinə və qiymətləndirməyə etimadın orta göstəricisi 2,03, xarici amillərlə əlaqəli qrupda isə 1,94 olub. Anlaşıqlıq və uyğunluq faktoru üzrə müvafiq göstəricilər 1,80 və 1,73 təşkil edib. Beləliklə, xarici amillərlə daha çox əlaqəli ixtisas seçimi daha yüksək sosial təzyiq və stres, daha çox yanlış təsəvvür və daha yüksək subyektiv çətinliklə birlikdə müşahidə olunub.