“Google” tələbələrə pulsuz xidmət təklif edir: Azərbaycanlılar da yararlana bilərlər
“Google” tələbələr üçün süni intellekt xidmətlərindən bir il ödənişsiz istifadə imkanı təqdim edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, şirkətin açıqlamasına əsasən, ABŞ-də təhsil alan tələbələr 19,99 dollar aylıq ödəniş tələb edən “Google AI Pro” planından 12 ay pulsuz yararlana biləcəklər. Bunun üçün tələbə statusunun “SheerID” vasitəsilə təsdiqlənməsi tələb olunur. Kampaniyadan yararlananlar “Gemini”də daha yüksək istifadə limitləri, “Gmail” və “Google Docs” kimi xidmətlərdə süni intellekt imkanları və 5 terabayt yaddaş əldə edəcəklər.
ABŞ-dən kənarda təhsil alan tələbələr, eləcə də Azərbaycandakı tələbələr üçün isə birillik “Google AI Plus” planı ödənişsiz təqdim olunur. Bu paketə “Gemini Omni”, daha yüksək istifadə limitləri və 400 giqabayt yaddaş daxildir.
“Google” bununla yanaşı, tələbələr üçün yeni tədris imkanlarını da istifadəyə verib. “Gemini” tətbiqində yaradılan xüsusi tələbə bölməsində mühazirə qeydləri və digər dərs materialları əsasında fərdi öyrənmə dəftərləri, testlər və qısa dərslər hazırlamaq mümkündür. Sistem tələbənin bilik boşluqlarını müəyyənləşdirərək fərdi tapşırıqlar yaradır və irəliləyişi izləyir.
Yeni funksiyalar arasında mövzuların daha yaxşı mənimsənilməsi üçün interaktiv 3D modellər və digər vizual materialların hazırlanması, həmçinin “Gemini Live” vasitəsilə dərin araşdırmaların aparılması da var. Tələbə araşdırmanı başladıqdan sonra sistem hesabatı arxa planda hazırlayır və nəticə hazır olduqda istifadəçiyə bildiriş göndərir.
Pulsuz birillik plan üçün müraciətlər 2026-cı il dekabrın 31-dək qəbul ediləcək. Təklif müddəti başa çatdıqdan sonra istifadəçi abunəliyi əvvəlcədən ləğv etməzsə, xidmət ödənişli tariflə davam edəcək.




