“İnklüzivlik bütün cəmiyyət üçün dəyər yaradır” – Polad Rüstəmov

19 Oktyabr, 2026 - 20:47
“İnklüzivlik bütün cəmiyyət üçün dəyər yaradır”

“İnklüzivlik, ilk növbədə, insanlara öz potensialını göstərmək və reallaşdırmaq üçün bərabər imkan yaratmaqdır”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Socar Midstream Gas Operations” MMC-nin icraçı direktoru Polad Rüstəmov ““Skillbridge” inklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsinin açılış tədbirində səsləndirib.

Onun sözlərinə görə, təhsil bu yolun bir başlanğıcı, bacarıq həmin yolun əsas vasitəsidir və məşğulluq isə insanın öz potensialını müstəqil həyata və cəmiyyətə töhfəyə çevirməsində ən mühüm yollardan biridir: “Məhz buna görə inklüziv təhsil və inklüziv məşğulluq bir-birindən ayrı düşünülə bilməz. Bu gün açılışını etdiyimiz mərkəzdə də bu iki istiqamət arasında mühüm bir körpü olacaq.

SOCAR-ın törəmə şirkətlərindən olan “SOCAR Midstream Gas Operations” və Cənubi Qafqaz Boru Kəmərindəki tərəfdaşlarımızla birlikdə bu layihəyə kiçik də olsa, töhfə vermək və yeni inklüziv mərkəzin yaradılmasına, təmir işlərinə töhfə vermək imkanımız oldu”.

P.Rüstəmov bildirib ki, bu emalatxanaların açılması sadəcə bir fiziki məkanın yaradılması deyil, təhsildə və ya bu məkanın daxilində yaranacaq dəyərdir: “Burada gənclərin yeni bacarıqlar öyrənəcəyinə, öz yaradıcılıqlarını inkişaf etdirəcəyinə, peşə vərdişləri qazanacağına və ən əsası özlərinə inamlarını möhkəmləndirəcəyini ümid edirik.

Bu təşəbbüs eyni zamanda SOCAR-ın və SOCAR-ın törəmə şirkətlərinin mühüm strategiyasında olan insan kapitalının inkişafı, bərabər imkanların yaradılması və fəaliyyət göstərdiyimiz icmalara davamlı dəyər yaratmaq yanaşması ilə üst-üstə düşür.

Hesab edirəm ki, inklüzivliyin ən gözəl tərəfi onun yalnız bir qrup üçün deyil, bütün cəmiyyət üçün dəyər yaratmasıdır”.

O qeyd edib ki, fərqli imkanlara və təcrübələrə malik insanların təhsil almasına, bacarıq qazanmasına və əmək bazarına daxil olmasına şərait yaratdıqca daha güclü və dayanıqlı cəmiyyət qurulur: “Eyni zamanda biznes üçün də geniş istedad və bacarıq potensialı formalaşdırırıq. Bir çox şirkətlərdə inklüziv həmkarların prosesə daxil olması ilə həm şirkətlər, həm cəmiyyət çox daha məhsuldarlıq əldə edib”.