“Maarifçi” mənim üçün başlanğıc nöqtəsidir - Proqram iştirakçısı
Universitet auditoriyasında qazanılan biliklərin real iş mühitində sınanması gənclərin peşəkar formalaşmasında mühüm mərhələdir. Bu baxımdan Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramı iştirakçılara öyrəndiklərini təcrübədə tətbiq etmək, yeni iş prinsipləri ilə tanış olmaq və gələcək karyeraları üçün təcrübə toplamaq imkanı yaradır.
Bəs “Maarifçi” proqramı gənclərə başqa nələr qazandırır və onların gələcək peşə seçimlərinə necə təsir göstərir?
“Azərbaycan müəllimi” mövzu ilə bağlı “Maarifçi” proqramının iştirakçısı – Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Rəqəmsal idarəetmə sektorunda təcrübə keçən Zərifə Əsgərzadə ilə həmsöhbət olub.
Zərifə “Maarifçi” proqramının iştirakçısı olmasının əsas səbəbinin təhsil sahəsinin inkişafında iştirak etmək, bu sahədə baş verən yenilikləri daha yaxından öyrənmək və universitetdə qazandığı nəzəri bilikləri real iş mühitində tətbiq etmək olduğunu qeyd edib: “Təhsil cəmiyyətin gələcəyini formalaşdıran ən mühüm sahələrdən biridir və bu sahənin inkişafına töhfə vermək həm böyük məsuliyyət, həm də dəyərli bir fürsətdir. IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçılarından biri olmaq mənim üçün yalnız bir uğur deyil, eyni zamanda, özümü inkişaf etdirmək, yeni təcrübələr qazanmaq və təhsil sisteminin fəaliyyətini daha yaxından anlamaq imkanıdır. Proqramın iştirakçısı kimi əsas gözləntim təhsil sahəsində idarəetmə prosesləri, layihələrin təşkili, komanda işi və müasir yanaşmalar haqqında biliklərimi genişləndirməkdir. Bununla yanaşı, dövlət təhsil qurumlarının fəaliyyət mexanizmlərini, qarşıya çıxan çətinlikləri və onların həlli yollarını öyrənmək istəyirdim.
Mənim üçün vacib olan digər məqam öyrəndiklərimi yalnız şəxsi inkişafımla məhdudlaşdırmamaq, gələcəkdə onları faydalı təşəbbüslərə çevirməkdir. Düşünürəm ki, “Maarifçi” proqramı bu baxımdan mənə həm peşəkar inkişaf, həm də cəmiyyət üçün dəyər yaratmaq istiqamətində mühüm imkanlar təqdim edir”.
Z.Əsgərzadə üçün proqram müddətində ən faydalı təcrübələrdən biri nəzəri biliklərlə praktiki fəaliyyət arasındakı əlaqəni daha aydın görmək olub: “Təhsil sahəsində həyata keçirilən proseslərin yalnız müəyyən tapşırıqların icrasından ibarət olmadığını, onların arxasında planlaşdırma, koordinasiya, məlumatların düzgün idarə edilməsi və müxtəlif tərəflər arasında səmərəli əməkdaşlıq kimi mühüm mərhələlərin dayandığını yaxından anladım. Bu müddətdə analitik düşünmə, problemlərə sistemli yanaşma, məlumatlarla işləmə, tapşırıqları prioritetləşdirmə və komanda daxilində əməkdaşlıq kimi bacarıqların əhəmiyyətini dərindən dərk etdim. Xüsusilə, hər hansı problemin həllinə başlamazdan əvvəl onun səbəblərini düzgün müəyyənləşdirməyin, mövcud vəziyyəti təhlil etməyin və təklif olunan həllin real ehtiyaclara nə dərəcədə uyğun olduğunu qiymətləndirməyin vacibliyini öyrəndim.
Mənim üçün digər mühüm istiqamət rəqəmsallaşma və texnologiyaların təhsil idarəçiliyində yaratdığı imkanları daha geniş perspektivdən qiymətləndirmək oldu. Müasir texnologiyaların məqsədi yalnız mövcud prosesləri elektronlaşdırmaq deyil, eyni zamanda, həmin prosesləri daha səmərəli, şəffaf və məlumat əsaslı etməkdir. Bu baxımdan rəqəmsal həllərin düzgün planlaşdırılması və tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Ən əsası, proqram mənə öyrətdi ki, peşəkar inkişaf yalnız bilik əldə etməklə məhdudlaşmır. Öyrəndiklərini praktikada tətbiq etmək, təşəbbüs göstərmək, geribildirimə açıq olmaq və davamlı öyrənmək də uğurun vacib şərtləridir. İnanıram ki, proqram çərçivəsində inkişaf etdirdiyim bu bacarıqlar gələcək fəaliyyətimdə də mənə ciddi üstünlük qazandıracaq”.
Həmsöhbətimiz onu da qeyd edib ki, “Maarifçi” proqramında iştirakı təhsil sahəsinə baxışını daha geniş və sistemli edib: “Əvvəllər təhsili daha çox müəllim, şagird və tədris prosesi ilə əlaqələndirirdimsə, proqram çərçivəsində bu sahənin arxasında dayanan idarəetmə, koordinasiya, strateji planlaşdırma və rəqəmsal inkişaf proseslərinin də nə qədər mühüm olduğunu daha dərindən anladım. Bu təcrübə mənə göstərdi ki, təhsilin keyfiyyətinin yüksəldilməsi yalnız sinif otağında baş verən dəyişikliklərdən asılı deyil. Düzgün qurulmuş idarəetmə mexanizmləri, məlumatların effektiv istifadəsi, müasir texnologiyaların tətbiqi və əsaslandırılmış qərarların qəbul edilməsi də bu prosesdə mühüm rol oynayır. Bəzən bir prosesin daha düzgün təşkil edilməsi və ya mövcud problemin sistemli şəkildə həll olunması çoxsaylı insanın fəaliyyətinə müsbət təsir göstərə bilər.
Gələcək karyera planlarım baxımından bu təcrübə mənim texnologiya ilə idarəetmənin kəsişməsində olan istiqamətlərə marağımı daha da artırıb. Kompüter elmləri üzrə qazandığım bilikləri təhsil sahəsində tətbiq etmək, xüsusilə rəqəmsal idarəetmə, informasiya sistemləri və İT layihələrinin təşkili istiqamətində inkişaf etmək istəyirəm.
Mənim üçün əsas məqsəd yalnız texnologiyadan istifadə edən deyil, həm də onun hansı problemi həll etdiyini, insanlara necə fayda verdiyini və necə nəticə göstərdiyini anlayan mütəxəssis olmaqdır. Düşünürəm ki, “Maarifçi” proqramı bu məqsədimi aydın müəyyənləşdirməyimə və gələcək karyera istiqamətimi daha şüurlu şəkildə formalaşdırmağıma kömək edəcək”.
Həmsöhbətimiz vurğulayıb ki, proqram müddətində onu ən çox düşündürən məqamlardan biri təhsil sahəsində gündəlik və bəzən adi görünən proseslərin arxasında nə qədər böyük məsuliyyətin və koordinasiyanın dayanması olub: “Hər bir qərarın, məlumatın və idarəetmə prosesinin nəticəsi yalnız bir nəfərə deyil, bütövlükdə təhsil mühitinə, müəllimlərə, şagirdlərə və digər iştirakçılara təsir göstərə bilər. Bu, mənə görülən işlərə daha məsuliyyətlə yanaşmağın və hər bir detalın əhəmiyyətini nəzərə almağın vacibliyini göstərdi.
Digər mühüm məqam problemlərə yalnız mövcud vəziyyət çərçivəsində deyil, onların səbəblərini və uzunmüddətli nəticələrini nəzərə alaraq yanaşmağın vacibliyi idi. Hər hansı çətinliklə qarşılaşdıqda sadəcə onu aradan qaldırmağa çalışmaq kifayət etmir. Problemin niyə yarandığını müəyyənləşdirmək, alternativ həll yollarını qiymətləndirmək və gələcəkdə təkrarlanmasının qarşısını alacaq yanaşma seçmək lazımdır.
Uğurlu nəticə yalnız görülən işin həcmi ilə deyil, yaradılan dəyərlə ölçülür. Bu yanaşma gələcəkdə üzərində çalışacağım layihələrə və qəbul edəcəyim qərarlara da istiqamət verəcək”.
Z.Əsgərzadə qeyd edib ki, “Maarifçi” proqramında qazandığı təcrübəni gələcəkdə, ilk növbədə, təhsil sahəsində rəqəmsallaşmanın inkişafına, idarəetmə proseslərinin təkmilləşdirilməsinə və texnologiyaların daha səmərəli tətbiqinə yönəltmək istəyir: “Məni maraqlandıran əsas istiqamətlərdən biri mövcud təhsil proseslərini asanlaşdıran və qərarların daha əsaslandırılmış şəkildə qəbul edilməsinə kömək edən rəqəmsal həllərin hazırlanmasıdır. Digər maraq dairəm süni intellektin təhsildə məsuliyyətli və məqsədyönlü istifadəsidir. Hesab edirəm ki, süni intellekt müəllimlərin və təhsil mütəxəssislərinin fəaliyyətini dəstəkləyən, məlumatların təhlilini asanlaşdıran və fərdi öyrənmə ehtiyaclarını müəyyənləşdirməyə kömək edən vasitə kimi əhəmiyyətli imkanlara malikdir. Bununla belə, bu texnologiyalardan istifadə zamanı məlumatların məxfiliyi, nəticələrin düzgünlüyü və insan nəzarətinin qorunması əsas prinsiplər olmalıdır.
Bununla yanaşı, yeniyetmə və gənclər arasında rəqəmsal savadlılığın, süni intellektdən düzgün istifadənin və tənqidi düşünmə bacarıqlarının inkişafına töhfə vermək istərdim. Çünki gələcəyin təhsilində yalnız texnologiyadan istifadə etməyi bacarmaq deyil, onun imkanlarını və məhdudiyyətlərini anlamaq da vacib olacaq.
Uzunmüddətli perspektivdə məqsədim texnologiya, təhsil və idarəetmə arasında əlaqə yaradan layihələrdə çalışmaq, əldə etdiyim bilikləri real ehtiyaclara uyğun həllərə çevirməkdir. “Maarifçi” proqramında qazandığım təcrübə mənim üçün başlanğıc nöqtəsidir”.




