Məktəb bufetində bir tənəffüs: Şagirdlər nə yeyirlər? - REPORTAJ

7 Oktyabr, 2026 - 14:44
Məktəb bufetində bir tənəffüs: Şagirdlər nə yeyirlər?

Uşaqların sağlam inkişafında təhsillə yanaşı, sağlam qidalanma vərdişlərinin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Məktəblilər günün əsas hissəsini təhsil müəssisəsində keçirdikləri üçün onların məktəbdə hansı qidalara üstünlük verməsi, bufetlərdə yaradılan şərait və təqdim olunan məhsullar da əhəmiyyətlidir.

“Azərbaycan müəllimi” olaraq yeni tədris ilinin ilk həftələrində məktəblilərin gündəlik qidalanma vərdişlərini, onların seçimlərini, bufetdə yaradılan şəraiti yerində müşahidə etmək üçün Bakı şəhəri 20 nömrəli məktəb-liseyə üz tutduq.

Məktəbə daxil olduğumuz andan bizi səmimi və işgüzar mühit, gülərüz kollektiv qarşılayır. Bufetə yenicə keçmişdik ki, tənəffüs zəngi çalındı. Az sonra müxtəlif siniflərdən olan şagirdlər bufetə gəlməyə başladılar. Kimi sinif yoldaşları ilə, kimi tək vitrin qarşısında dayanır, yemək və içkilər arasından öz seçimlərini edirdilər.

İsti yeməklərdən meyvə şirəsinədək

İlk diqqətimizi çəkən məqamlardan biri bufetdəki səliqə-sahman, qidaların saxlanma şəraiti oldu. Məhsullar vitrinlərdə nizamlı şəkildə yerləşdirilib, isti və soyuq yeməklər ayrı-ayrılıqda təqdim olunurdu. Menyuda plov, toyuq yeməkləri, mərci şorbası, makaron və digər isti yeməklərlə yanaşı, müxtəlif içkilər və paketlənmiş məhsullar da yer alırdı.

Bufet əməkdaşının iş geyimi də qida ilə işləyən personal üçün nəzərdə tutulan gigiyenik tələblərə uyğun idi. Baş örtüyü, əlcək və xüsusi geyimdən istifadə olunurdu.

Divarlarda Elm və Təhsil Nazirliyinin, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məktəblərdə qidalanma və qida təhlükəsizliyi ilə bağlı müvafiq məlumat və tələbləri yerləşdirilmişdi.

Qiymətlər məhsulun növündən asılı olaraq dəyişirdi. 10 qəpikdən başlayan qiymətlər təxminən 4 manatadək yüksəlirdi.

Məhsullarla tanış olduqdan sonra üzümüzü bufetin əsas istifadəçilərinə - məktəblilərə tərəf tutduq. 

Şagirdlərlə söhbət zamanı onların gün ərzində necə qidalandıqlarını, bufetdən nə qədər tez-tez istifadə etdiklərini və daha çox hansı qidalara üstünlük verdiklərini öyrəndik.

“Daha çox isti yeməklərə üstünlük verirəm”

VIII sinif şagirdi İsmayıl İsgəndərzadənin seçimi daha çox isti yeməklərdir. O, xüsusilə “naqqets”i sevdiyini deyir: “Bufetimizin yeməkləri həm dadlıdır, həm də qiymətləri münasibdir. İsti yeməklərə üstünlük verirəm, “naqqets”i xüsusilə çox sevirəm. İçkilərdən isə adətən soyuq çay və ya ayran alıram”.

İsmayıl bəzi günlər yeməyini evdən gətirdiyini, gətirmədiyi günlərdə isə bufetdən istifadə etdiyini də əlavə edir.

VIII sinif şagirdi Fidan İsmayılova isə daha çox fastfud qidalarına meyillidir. Bufetdə satılan “lavaşda dönər”i çox bəyənir. Onun sözlərinə görə, burada seçim kifayət qədər zəngindir: “Meyvə şirəsi və ayran da alıram. İsti yeməklərdən plov, “naqqets” və “kartof fri”yə üstünlük verirəm. Bəzən isə çips və suxarı seçirəm”.

Fidan da bəzi günlər məktəbə yeməyini evdən gətirir. Belə vaxtlarda daha çox suxarı, peçenye və buterbroda üstünlük verdiyini söyləyir.

Digər şagird Ömər Babazadə isə bufetdə daha çox isti yeməklərə üstünlük verir. Onun sevimli seçimlərindən biri mərci şorbasıdır: “Məhsul çeşidləri müxtəlifdir. İsti yeməkləri bəyənirəm, xüsusilə mərci şorbasını”.

VIII sinif şagirdi Aydan Babayeva isə həm evdən gətirdiyi qidalardan, həm də bufetdə hazırlanan yeməklərdən istifadə edir. Bufetdə daha çox plov, makaron və şorba seçdiyini söyləyir: “Yeməklər dadlı hazırlanır”.

Aydan evdən əsasən, meyvə və blinçik gətirdiyini bildirir.

Balacaların seçimi daha sadədir

İbtidai sinif şagirdlərinin seçimləri isə bir qədər fərqlənir. Onlar arasında evdən yemək gətirənlərə daha çox rast gəlirik. Məsələn, I sinif şagirdi Turqut Süleymanlı məktəbə daha çox alma və peçenye gətirdiyini, onları da sevə-sevə yediyini deyir.

Şagirdlərlə söhbət zamanı gördük ki, ibtidai sinif şagirdləri daha çox evdən gətirdikləri qidalarla qidalansalar da, yuxarı siniflərdə bufetin isti yeməklərindən dadan şagirdlərin sayı daha çoxdur.

“Biz özümüz də bufetdə hazırlanan yeməklərdən istifadə edirik”

Şagirdlərdən sonra müəllimlərlə də söhbətləşirik.

Məktəb-liseyin ibtidai sinif müəllimi Şərqiyyə Həsənova 36 ildir ki, burada çalışır. O bildirir ki, müəllimlər də bufetdə hazırlanan yeməklərdən istifadə edir və burada təmizliyə diqqət yetirildiyinin şahidi olurlar.

“Bufetimiz səliqəli və sahmanlıdır. Biz özümüz də burada hazırlanan yeməklərdən istifadə edirik. Uşaqlarımız da bu qidaları sevərək yeyirlər. Yeməkxana daim təmizlənir və hər gün də yemək hazırlanır. Hazırlanan yeməklərin necə bişirildiyini də görürük”.

Məktəb-liseyin müəllimi Xumar Əliyeva da fasilələrdə bufetdə yemək yediklərini deyir:

“Yeməklər təzə hazırlanır, səliqəli təqdim olunur. Biz də burada rahatlıqla qidalanırıq və yeməklərin keyfiyyətindən razıyıq”.

Menyu həftəlik müəyyənləşdirilir, yeməklər gündəlik hazırlanır

Şagirdlər və müəllimlərlə söhbətdən sonra bufetin gündəlik iş prinsipi ilə maraqlanırıq.

Bufetdə satıcı işləyən Elvira Mirzəyevanın sözlərinə görə, şagirdlər bufetdən mütəmadi olaraq istifadə edirlər. I-II sinif şagirdlərinin bufetə gəlişi nisbətən azdır. IV sinifdən başlayaraq isə yuxarı sinif şagirdləri buraya daha çox gəlirlər. 

Tələbat çox olduğundan bufet bəzi günlərdə axşam saat 18:00-19:00-dək fəaliyyət göstərir.

Burada əsasən isti yeməklər hazırlanır. Menyuda makaron, düyü, qarabaşaq, qulyaş, kotlet və digər yeməklər yer alır. Bundan əlavə, bulka, kruassan və sendviçlər də satışdadır.

Elvira Mirzəyeva bildirir ki, həftənin menyusu əvvəlcədən müəyyənləşdirilir, lakin yeməklər günlər üzrə dəyişir. Bəzi qarnirlər mütəmadi təqdim olunur, əsas yeməklər isə növbəli şəkildə hazırlanır. Məsələn, bir gün qızardılmış toyuq, digər gün kotlet menyuya daxil edilir.

Tələbat daha çox isti yeməklərədir

Şagirdlərin seçimində günün hansı saatının olması da rol oynayır. Xüsusilə dərsdən sonra əlavə məşğələlərə gedən uşaqlar isti yeməklərə daha çox üstünlük verirlər. Digərləri isə kruassan, bulka və ya sendviç kimi daha yüngül məhsulları seçirlər.

Elvira Mirzəyeva bildirir ki, isti yeməklər səhər hazırlanır: “Əvvəlki gündən qalan yemək növbəti gün satışa çıxarılmır. Hazırlanan yemək gün ərzində tükənirsə, ehtiyac olduğu halda yenidən bişirilir”.

Yeməklər şagirdlərin istəyinə uyğun olaraq tam və yarım porsiya şəklində təqdim edilir. Təxminən 3 manata tam porsiya yemək almaq mümkündür. Məsələn, düyü və qulyaşdan ibarət porsiyanın qiyməti 3 manatdır. Yeməklərin tam porsiya qiyməti isə maksimum 4 manatadək dəyişir.

Paketlənmiş məhsullar və içkilər az miqdarda sifariş edilir və mütəmadi yenilənir. Bu məhsulların tədarükü, əsasən, həftədə iki dəfə həyata keçirilir.

Bufet əməkdaşının sözlərinə görə, məktəblilər arasında isti yeməklərə tələbat daha yüksəkdir. Xüsusilə makaron, qarabaşaq və mərci şorbası daha çox seçilən yeməklər sırasındadır.

Tənəffüsün başa çatmasına az qalmış vitrin qarşısındakı növbə də getdikcə seyrəlir. Yeməyini yeyib bitirənlər sinif otaqlarına qayıdır, digərləri də aldıqları yemək və içkilərlə siniflərinə tələsirlər. 
Və nəhayət, bir qədər sonra zəng çalınır. Tənəffüs başa çatır...

Növbəti tənəffüsədək...

Foto: Kənan Qafarov

Məktəb bufetində bir tənəffüs: Şagirdlər nə yeyirlər?
Məktəb bufetində bir tənəffüs: Şagirdlər nə yeyirlər?
Məktəb bufetində bir tənəffüs: Şagirdlər nə yeyirlər?
Məktəb bufetində bir tənəffüs: Şagirdlər nə yeyirlər?
Məktəb bufetində bir tənəffüs: Şagirdlər nə yeyirlər?
Məktəb bufetində bir tənəffüs: Şagirdlər nə yeyirlər?