Məktəbdə geyim, davranış və intizam: Naxçıvan müəllimləri nə düşünürlər?

12 Oktyabr, 2026 - 14:09
Məktəbdə geyim, davranış və intizam: Naxçıvan müəllimləri nə düşünürlər?

Məktəblərdə təhsil mühitinin təşkili, daxili intizam qaydalarına əməl olunması və müəllimlərin geyim tələbləri son günlər müzakirə olunan məsələlərdəndir. “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklər bu mövzunu yenidən gündəmə gətirib. Bəs müəllimlər yeni tələbləri necə qarşılayır, onların məktəb mühitinə təsiri barədə nə fikirdədirlər?
“Azərbaycan müəllimi” bu suallarla Naxçıvanda fəaliyyət göstərən bir neçə müəllimin mövqeyini öyrənib. 

“Geyim qaydalarının tətbiqi məqsəd deyil, daha sağlam təhsil mühitinin formalaşdırılması vasitəsidir”

Naxçıvan Qızlar Liseyinin direktoru İlahə Fərəcova bildirib ki,  müəllimin geyimi onun peşəkar imicinin və məktəbdə formalaşdırdığı ümumi təəssüratın bir hissəsidir: “Müəllimin nüfuzunu, ilk növbədə, biliyi, pedaqoji bacarığı, ədalətli münasibəti və şəxsi nümunəsi müəyyən edir. Bununla belə, səliqəli, sadə və işgüzar geyim müəllimin peşəsinə olan hörmətini ifadə edir. Geyimin ölçüsü və forması təhsilverənin əmək funksiyasının icrasına mane olmamalıdır”. 

Direktor qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarı ilə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq edilib. Hər bir ümumi təhsil müəssisəsində məktəbin ali idarəetmə orqanı olan Pedaqoji Şuranın qərarına əsasən təhsilverənlərin geyiminə dair vahid tələblər müəyyənləşdirilib. Bu tələblər müəllimlərdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına xidmət edir.

Onun sözlərinə görə, qaydalara əsasən, geyim təmiz, səliqəli, mövsümə uyğun və klassik üslubda olmalıdır. Təhsilverənlərin əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbin işgüzar mühitinə, pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən və ya geyim elementlərindən istifadə etməsinə yol verilmir.

İlhahə Fərəcova məktəbdə vahid geyim və intizam qaydalarına əməl olunmasının vacibliyinə də toxunub. O vurğulayıb ki, məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı tərbiyə mühitidir:
“Məktəbdə müəyyən olunmuş qaydalara əməl etmək şagirdlərdə məsuliyyət, özünənəzarət, kollektivə hörmət və nizam-intizam vərdişləri yaradır. Geyim qaydalarının tətbiqi məqsəd deyil, daha sağlam təhsil mühitinin formalaşdırılması vasitəsidir. Əsas məsələ qaydaların bütün şagirdlərə eyni prinsiplərlə, ardıcıl, izahlı və ədalətli şəkildə tətbiq olunmasıdır. Bu prosesdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər birgə məsuliyyət daşımalıdır”.

Direktorun sözlərinə görə, Naxçıvan Qızlar Liseyində  həm təhsilverənlərin, həm də təhsilalanların geyim qaydalarına dair müvafiq normativ tələblər nəzərə alınmaqla Pedaqoji Şuranın qərarı qəbul edilib və qaydalara riayət olunması ilə bağlı vahid yanaşma müəyyənləşdirilib.

İlhahə Fərəcova milli-mənəvi dəyərlərin şagirdlərə aşılanmasında müəllimin rolunu da xüsusi vurğulayıb:“Milli-mənəvi dəyərlərin şagirdlərə aşılanması müəllimin ən mühüm vəzifələrindən biridir. Müəllim şagirdlərə ana dilinə, milli mədəniyyətə, tariximizə, adət-ənənələrimizə, ailəyə, böyüklərə və insan əməyinə hörmət etməyi həm sözləri, həm də şəxsi davranışı ilə öyrədir. Burada mühüm məqam ondan ibarətdir ki, milli-mənəvi dəyərlər yalnız danışılmaqla deyil, gündəlik münasibətlərdə yaşadılmaqla mənimsənilir.Onu da qeyd etmək istəyirəm ki, Naxçıvan Qızlar Liseyinin missiyası ölkəmizin gələcəyinə töhfə verən savadlı, bacarıqlı, intellektual qabiliyyətə malik, milli-mənəvi dəyərlərə sahiblənmiş, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunan əsl vətənpərvər Azərbaycan xanımları formalaşdırmaqdır”.

Sağlam məktəb mühiti müəllim nümunəsindən başlayır

Naxçıvan şəhər Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova  bildirib ki, məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, həm də şəxsiyyətin yetişdiyi, milli-mənəvi dəyərlərin aşılandığı, gələcək cəmiyyətin təməlinin qoyulduğu mühüm tərbiyə ocağıdır. Bu baxımdan müəllimin geyim mədəniyyəti, davranışı, məktəbdə intizam qaydalarına əməl olunması və dünyəvi təhsil prinsiplərinin qorunması sağlam təhsil mühitinin formalaşmasında xüsusi əhəmiyyət daşıyır: “Mən bir müəllim və məktəb rəhbəri kimi hesab edirəm ki, məktəbdə hər bir qaydanın əsas məqsədi təhsilalanların hüquqlarını qorumaq, məsuliyyət hissini inkişaf etdirmək və qarşılıqlı hörmətə əsaslanan münasibətlər yaratmaq olmalıdır. Məktəb mədəniyyəti yalnız müəyyən tələblərin yerinə yetirilməsi ilə deyil, həmin tələblərin şüurlu şəkildə qəbul edilməsi ilə formalaşır. Müəllim şagirdlər üçün yalnız bilik mənbəyi deyil, həm də davranışı, ünsiyyəti və həyat mövqeyi ilə nümunə olan şəxsdir. Onun geyimi məktəb mühitinə uyğun, səliqəli və peşəkar olmalıdır. Bu, müəllimin öz peşəsinə, şagirdlərinə və təhsil müəssisəsinə hörmətinin ifadəsidir”.

Direktorun fikrincə, şagirdlər qarşısında nümunə olmaq ilk növbədə müəllimin öz davranışına məsuliyyətlə yanaşmasından başlayır. Vahid məktəbli forması məktəbdə birlik və kollektivə mənsubluq hissinin gücləndirilməsinə, şagirdlər arasında geyimdən irəli gələn sosial fərqlərin azaldılmasına xidmət edir.

Müəllim qeyd edib ki, məktəbdə vahid geyim və davranış qaydalarına əməl olunması təlim prosesinin düzgün təşkili, nizam-intizamın qorunması və sağlam mənəvi mühitin yaradılması baxımından vacibdir: “Dünyəvi təhsil prinsipi məktəbdə elmi dünyagörüşünün inkişafını, təhsilalanların hüquq və ləyaqətinə hörməti, bərabərliyi nəzərdə tutur. Bu prinsip milli-mənəvi dəyərlərimizə zidd deyil. Əksinə, milli kimliyini dərk edən, ana dilinə, tarixinə, mədəniyyətinə və dövlətinə hörmət göstərən, eyni zamanda müasir düşüncəyə və tolerant dünyagörüşünə malik gənclərin yetişdirilməsi ilə uzlaşır. Geyim mədəniyyəti, intizam, pedaqoji etika və milli-mənəvi dəyərlər məktəb həyatının bir-birini tamamlayan istiqamətləridir. Onların düzgün tətbiqi müəllim-şagird münasibətlərinin möhkəmlənməsinə, məsuliyyət hissinin artmasına və təlim-tərbiyə prosesinin səmərəliliyinə müsbət təsir göstərə bilər. Bunun üçün məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər arasında əməkdaşlıq vacibdir”. 

Günay Novruzova  rəhbərlik etdiyi Naxçıvan şəhər Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbdə sağlam təhsil mühitinin yaradılması, müəllim-şagird münasibətlərinin qarşılıqlı hörmət və etimad üzərində qurulması, pedaqoji etika və intizam qaydalarına əməl olunmasını  əsas prioritetlərdən olduğunu deyib: “Məktəbimizdə şagirdlərin yalnız akademik biliklərə yiyələnməsinə deyil, onların milli-mənəvi dəyərlərə bağlı, məsuliyyətli, intizamlı və müasir dünyagörüşünə malik şəxsiyyətlər kimi formalaşmasına da xüsusi önəm veririk. Müəllimlərin şəxsi nümunəsi, vahid tələblərin ədalətli tətbiqi və valideynlərlə səmərəli əməkdaşlıq məktəbimizin sağlam mənəvi mühitinin möhkəmlənməsinə xidmət edir. Bizim məqsədimiz hər bir şagirdin özünü təhlükəsiz, dəyərli və bərabərhüquqlu hiss etdiyi, müəllimin isə peşəkarlığı və nümunəvi davranışı ilə seçildiyi bir təhsil mühiti yaratmaqdır”.

“Məktəbdə qaydalar qarşılıqlı hörmətə və bərabərliyə xidmət etməlidir”

Culfa rayon Saltaq kənd tam orta məktəbinin direktoru Sevinc Mustafayevanın fikrincə də, müəllimin geyimi onun nüfuzuna və şagirdlərdə yaratdığı ilkin təəssürata müəyyən qədər təsir edir. Səliqəli, təmiz və məktəb mühitinə uyğun geyim müəllimin peşəkarlığını, məsuliyyətini və özünə hörmətini əks etdirir: “Məktəbdə vahid geyim və intizam qaydalarına əməl olunması sağlam, təhlükəsiz və nizamlı təhsil mühitinin yaradılması baxımından vacibdir. Bu qaydalar şagirdlərdə məsuliyyət, özünənəzarət vərdişlərini formalaşdırır”. 

Direktor bildirib ki, milli-mənəvi dəyərlərin şagirdlərə aşılanmasında müəllim mühüm rol oynayır: “Vətənpərvərlik, böyüklərə hörmət, kiçiklərə qayğı, dürüstlük, humanizm, milli mədəniyyətə və ana dilinə sevgi kimi dəyərlər şagirdlərə yalnız sözlə deyil, müəllimin öz davranışı, şəxsi nümunəsi və onlarla ünsiyyəti vasitəsilə aşılanmalıdır. Müəllimlərin geyim qaydalarına əməl etmələri şagirdlər üçün məsuliyyət, intizam, səliqə, özünəhörmət və ictimai normalara riayət etmək nümunəsi yaradır. Çünki şagirdlər müəllimin yalnız dediklərindən deyil, gündəlik davranışlarından da öyrənirlər.

Düşünürəm ki, geyim və davranış qaydalarının düzgün tətbiqi məktəbdə nizam-intizamın möhkəmlənməsinə, qarşılıqlı hörmətin artmasına və təlim prosesinin daha səmərəli təşkilinə müsbət təsir göstərə bilər”.

“Müəllim şagirddən tələb etdiyi qaydalara ilk növbədə özü əməl etməlidir”

Ordubad Rayon Aşağı Əylis kənd tam orta məktəbinin direktor müavini Türkan Hüseynova da məktəbdə vahid geyim və intizam qaydalarına əməl olunması, eləcə də milli-mənəvi dəyərlərin şagirdlərə aşılanmasında müəllimin rolu barədə fikirlərini bölüşüb: “Müəllim daim öz nüfuzu ilə seçilməli, geyimi və davranışı ilə şagirdlərə nümunə olmalıdır. Müəllim etik davranış qaydalarına uyğun, səliqəli və peşəsinə yaraşan şəkildə geyinməlidir. Çünki müəllim sinfə daxil olduğu andan etibarən şagirdlər üçün yalnız bilik mənbəyi deyil, həm də davranışı, mədəniyyəti və həyat mövqeyi ilə örnək olan bir şəxsdir. Müəllim şagirddən tələb etdiyi qaydalara ilk növbədə özü əməl etməli, şəxsi nümunəsi ilə hörmət qazanmalıdır.

Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında bərabərliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Hər bir uşağın ailəsinin maddi imkanları fərqli ola bilər, lakin bu fərqlər məktəb mühitində uşaqların münasibətlərinə və özünəinamına təsir göstərməməlidir. Vahid forma şagirdlər arasında zahiri fərqləri minimuma endirərək diqqətin onların biliyinə, bacarığına və istedadına yönəlməsinə şərait yaradır.

Direktor müavini kimi fəaliyyət göstərdiyim Aşağı Əylis kənd tam orta məktəbində müəllim və şagirdlərin geyim qaydalarına əməl etməsinə xüsusi diqqət yetirilir. Məktəbimizdə bu məsələyə sadəcə gündəlik tələb kimi deyil, ümumi məktəb mədəniyyətinin bir hissəsi kimi yanaşırıq. 

Hər bir müəllimin məsuliyyətli davranışı və hər bir şagirdin qaydalara hörmətlə yanaşması məktəbin nüfuzunu gücləndirir. 
Müəllimin əsas vəzifəsi yalnız şagirdə bilik vermək deyil, həm də onun şəxsiyyət kimi formalaşmasına töhfə verməkdir. Vətənə sevgi, milli-mənəvi dəyərlərə bağlılıq, böyüklərə hörmət, kiçiklərə qayğı, dürüstlük və humanizm kimi keyfiyyətlər şagirdlərə həm tədris prosesi, həm də gündəlik münasibətlər vasitəsilə aşılanır. Mənim fikrimcə, müəllimin sözü ilə davranışı bir-birini tamamlamalıdır. Çünki şagirdlərə verilən ən təsirli tərbiyə nümunəsi müəllimin öz həyatında nümayiş etdirdiyi dəyərlərdir”.

Türkan Hüseynovanın sözlərinə görə,  vahid məktəbli forması sadəcə geyim deyil, məktəbə mənsubluğun, kollektiv birliyin və bərabərliyə hörmətin ifadəsidir: “Eyni formanı geyinən şagirdlərin hər birinin özünəməxsus düşüncəsi, istedadı, arzusu və gələcək hədəfləri var. Məktəbin vəzifəsi bu fərdiliyi aradan qaldırmaq deyil, əksinə, hər bir uşağın potensialını üzə çıxarmaq və onun inkişafına dəstək olmaqdır. Biz istəyirik ki, şagirdlərimiz bir-birini zahiri görünüşünə görə deyil, insanlığına, biliyinə, davranışına və uğurlarına görə qiymətləndirsinlər”.