Məktəblər adambaşına maliyyələşdirmə üzrə vəsaiti necə xərcləyəcək?

26 Oktyabr, 2026 - 20:00
Məktəblər adambaşına maliyyələşdirmə üzrə vəsaiti necə xərcləyəcək?

Adambaşına maliyyələşdirmə mexanizmi tətbiq edilən dövlət məktəblərinə ayrılan vəsait təhsillə bağlı xərclərin qarşılanmasına yönəldiləcək, bir sıra xərclər isə bu mexanizmdən kənarda saxlanılacaq.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 26 oktyabr 2026-cı il tarixli 357 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları”nda öz əksini tapıb.

Sənədə əsasən, adambaşına maliyyələşdirmə dövlət ümumi təhsil müəssisələrində təhsillə bağlı xərclərin hər bir təhsilalana düşən illik xərc əsasında müəyyənləşdirilməsini nəzərdə tutur.

Bununla belə, bəzi xərc istiqamətləri yeni maliyyələşdirmə mexanizminə daxil edilməyib. Bunlara Azərbaycan Respublikası büdcə xərclərinin iqtisadi təsnifatının 310000. "Qeyri-maliyyə aktivləri" bölməsi üzrə xərclər, ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiqi, Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin yaxşılaşdırılması ilə bağlı xərclər, dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması və təminatı, kitab alınması, eləcə də təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı xərclər daxildir.

Qeyd edək ki, məktəblərin faktiki illik xərcləri təsdiq edilmiş məbləği aşarsa, yaranan fərqin məktəbin büdcədənkənar hesabı, təsisçisi və ya tabe olduğu qurum tərəfindən digər mənbələr hesabına ödənilməsi nəzərdə tutulur.