“Müəllim sadəcə yol göstərir, yolu şagird özü getməlidir” – Ömrünün 36 ilini təhsilə həsr edən müəllimlə MÜSAHİBƏ
“Müəllimlik bütün sənətlərin ən şərəflisidir. Bu sənəti həm öyrənir, həm öyrədirsən, həm sevinir, həm kədərlənirsən. Müəllim daim axtarışda olmalıdır. Onun qəlbi heç vaxt rahat olmur, daim düşünür və düşündürür”.
Bu fikirlərin sahibi ömrünün 36 ilini təhsil sahəsinə, müəllimlik peşəsinə və gənc nəslin yetişdirilməsinə həsr edən Əndəmic kənd tam orta məktəbinin direktoru, riyaziyyat müəllimi Əyyar Səfərovdur.
Məlumat üçün bildirək ki, Əyyar Səfərov 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra doğma kəndi – Ordubad rayonunun Yuxarı Əndəmic kəndinə qayıdaraq vaxtilə ona dərs demiş müəllimlərinin yanında pedaqoji fəaliyyətə başlayıb. Müəllim, hərbi rəhbər, təlim-tərbiyə işləri üzrə direktor müavini kimi çalışıb.
10 ildən çox Ordubad Rayon Təhsil Şöbəsində metodiki kabinetinin müdiri vəzifəsində işləmiş Əyyar müəllim rayon təhsilinin inkişafına mühüm töhfələr verib, müəllimlərin pedaqoji-metodik hazırlığının yüksəldilməsinə xidmət edib.
Hazırda da pedaqoji fəaliyyətini davam etdirən Əyyar Səfərov üçün müəllimlik yalnız peşə deyil, həyat fəlsəfəsidir. Onunla söhbətimizdə 60 illik ömür yoluna, müəllimlik fəaliyyətinə, şagird və müəllim münasibətlərinə, təhsildə qazandığı təcrübəyə və bu şərəfli peşəyə bağlılığına nəzər salacağıq.
“Direktor məktəbin rəhbəri, öncüsü, ideoloqu, təşəbbüskarıdır”
– Əyyar müəllim, kənd yerində məktəb direktoru olmağın ən böyük çətinlikləri və eyni zamanda ən gözəl tərəfləri nələrdir?
– Kənd yerində məktəb direktoru olmaqla şəhərdə məktəb direktoru olmaq arasında, əslində, elə böyük fərq yoxdur. Direktor məktəbin rəhbəri, öncüsü, ideoloqu, təşəbbüskarıdır. Bütün sahələrə birbaşa rəhbərlik edən, təhsilə istiqamət verən şəxsdir.
Buradakı əsas çətinlik budur: qışı var, şaxtası, donu var. Uşaqların məktəbə gəlib-getməsində müəyyən çətinliklər yaşanır. Uzaq məsafədən gələn uşaqlar qış aylarında bəzən dərsə gecikirlər. Təbii ki, bunu da anlayışla qarşılayırıq.
Ən gözəl tərəfi isə təbiətlə iç-içə olmağımızdır. Yaşıllığı, gözəlliyi ilə təbiətin tam ortasındayıq. Təmiz hava və sakitlik var. Şəhərdəki kimi nəqliyyat, avtomobil sıxlığı, siqnal səsləri və tıxaclar yoxdur.
– Uğurlu bir məktəb direktoru təkcə inzibatçı deyil, həm də kollektivin lideridir. Bəs idarəçilik anlayışınız haqqında nə deyə bilərsiniz?
– İdarə etmək özü yüksək mədəniyyətdir. Böyük alman filosofu İmmanuel Kant deyir: “İdarəetmə sənəti bütün mədəniyyət və incəsənət sahələri içərisində ən mürəkkəb və ən çətinidir”. Buna görə də məktəb direktorunun çiyinlərində böyük məsuliyyət var.
Direktor, hər şeydən əvvəl, geniş dünyagörüşünə, zəngin bilik bazasına, araşdırma ruhuna malik olmalı, yeni metodları daim öyrənib tətbiq etməyi bacarmalıdır. Onda mürəkkəb pedaqoji və təşkilati problemləri tez və düzgün həll etmək bacarığı olmalıdır. Xüsusilə dərin bilik, peşəkarlıq, ləyaqət, əmək intizamı və təcrübənin harmoniyası rəhbərdə birləşməlidir.
Qarşımıza müxtəlif ailələrdən gələn şagirdlər və fərqli xarakterə malik valideynlər çıxır. Məktəb elə bir müəssisədir ki, cəmiyyətin bütün təbəqələri ilə birbaşa təmasdadır. Biz də rəhbər olaraq onlarla düzgün kommunikasiya yaratmalı, ümumi məqsədlərə çatmaq üçün lazımi dəstəyi göstərməliyik.
Çətin vəziyyətlərdə mənəvi cəsarət göstərmək, soyuqqanlı qalmaq və lazım gəldikdə risk etmək vacibdir. Direktor çevik olmalı, düzgün qərar qəbul etməyi bacarmalıdır. Dəyişikliklərə uyğunlaşmaq məcburiyyətindəyik. Məsələn, təhsildə daim islahatlar aparılır, sistem rəqəmsallaşır. Direktor vəziyyəti bir baxışdan dərk etməli, gələcəyi görə bilməli və müstəqil qərar qəbul etmək bacarığına malik olmalıdır. Məktəb kollektivini ətrafında birləşdirərək uğura aparmalı, qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər kəsi səfərbər edə bilməlidir.
– Bir az da dərs prosesindən danışaq. Müasir dövrdə şagirdlərin dərslərə və maariflənməyə olan marağını artırmaq üçün hansı innovativ metodlardan istifadə edirsiniz?
– Yeni məktəb binamız 15 sentyabr 2021-ci il Bilik Günündə dövlətimiz tərəfindən bizə hədiyyə edilib. Məktəbimiz Bakı və ya Naxçıvan şəhər mərkəzindəki müasir məktəblərdən geri qalmayan səviyyədədir. Təhsil və tədris üçün ən gözəl şərait yaradılıb.
Fizika, kimya və biologiya laboratoriyalarımız tam təchiz olunub. Kompüter otağımızda 19 şagird və 1 müəllim kompüteri olmaqla, ümumilikdə 20 kompüter var. Üç ədəd elektron lövhəmiz, STEAM kabinetimiz və şahmat otağımız fəaliyyət göstərir. Bir monitor otağı yaradılıb, bütün məktəbə internet şəbəkəsi çəkilib. Sürətli internetimiz, zəngin kitabxanamız və psixoloq otağımız var. Müəllimlərimiz informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə edirlər. Qarşılıqlı dərs dinləmələri, nümunəvi açıq dərslər, video və slayd təqdimatları mütəmadi olaraq paylaşılır.
2021-ci ildən tətbiq etdiyimiz STEAM metodu sayəsində istedadlı şagirdlərimiz müxtəlif festivallarda və yarışlarda iştirak edərək gözəl nailiyyətlər əldə ediblər. Bundan əlavə, idman zalımız, bufetimiz və müasir istilik sistemimiz var.
“Uşaqlar bizim gələcəyimiz, sabahımızın təminatı və dövlətimizi idarə edəcək şəxslərdir”
– İndiki uşaqlar fərqlidir, daha sərbəst düşünürlər, bəzən dərsə uyğunlaşmaqda çətinlik çəkən və ya çətin tərbiyə olunan şagirdlər də olur. Bir pedaqoq və rəhbər kimi, çətin tərbiyə olunan və ya dərslərə adaptasiya olmaqda çətinlik çəkən şagirdlərin qəlbini qazanmaq üçün hansı metodlardan istifadə edirsiniz?
– Uşaqlar bizim gələcəyimiz, sabahımızın təminatı və dövlətimizi idarə edəcək şəxslərdir. Bu gün həmin partalarda oturan hər bir uşaq gələcəkdə vəzifə sahibi, mütəxəssis və ya sənət sahibi olacaq. Biz onlara şəxsiyyət kimi yanaşırıq.
Məktəb həyatı, uşaq aləmi sirli-sehirli bir dünyadır. Hər bir uşağın dünyasına baş vurmaq, hər bir uşağın qəlbinə yol tapmaq heç də asan deyil. İstedadlı, bacarıqlı uşaqlarımız çoxdur. Onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, onları düzgün istiqamətləndirmək müəllimin əsas vəzifələrindəndir.
Təhsilimizdə şagirdyönümlü və şəxsiyyətyönümlü kurikulum əsasdır. Bütün təhsil metodlarımızı uşaqlarımızın düzgün tərbiyə alması və həyatda öz ayaqları üzərində dayana bilmələri üçün qururuq.
Məktəbəqədər yaşdan yeniyetməlik və gənclik dövrünə qədər hər yaşın özünəməxsus xüsusiyyətləri var. Məktəb psixoloqu ilə birlikdə uşaqların temperamentini, xarakterini və ailə vəziyyətini nəzərə alaraq işləyirik. Bizdə “düzəlməz” və ya “tərbiyəsiz” uşaq yoxdur. Bəzən səhv edən uşaq ola bilər. Biz onları anlayışla düzgün yola dəvət edirik. Bugünkü uşaqlar öz hüquqlarını çox yaxşı bilirlər. Lakin biz onlara bunu da izah edirik ki, hüquqlarınız olduğu kimi, vəzifə və məsuliyyətləriniz də var.
Dövlət sizə pulsuz kitab verir, müasir məktəb təqdim edir. Sizin vəzifəniz də dərslərinizə çalışmaq, verilən tapşırıqları tam yerinə yetirmək və biliklə silahlanmaqdır.
Məktəbdaxili intizam qaydalarımız bəllidir. Pedaqoji Şurada bunları slaydlar şəklinə salmışıq, monitorlarda uşaqlara şəkillərlə, vizual formada izah edirik. Pedaqoji Şuranın qərarı ilə həm yay, həm də qış aylarına uyğun, səliqəli və gözəl məktəb forması müəyyən etmişik. Bu da məktəbdə intizamın mühüm hissəsidir.
“Repetitor dərsləri uşaqların vaxtını alır, onları yorur”
– Əyyar müəllim, Əndəmic kəndində valideynlərin məktəb həyatına, övladlarının təhsilinə cəlb olunma dərəcəsi necədir? Sağlam valideyn-məktəb münasibətləri üçün hansı addımları atırsınız?
– Ən vacib məqama toxundunuz. Məktəb, şagird və valideyn bir üçbucaqdır və bunları bir-birindən ayırmaq olmaz. Valideyn də ən az müəllim qədər məsuliyyət daşıyır. Valideyn övladının təhsilinə və tərbiyəsinə diqqət etməlidir. Valideyn övladı ilə birlikdə oxumalı, onunla birlikdə yol getməlidir. Biz şagirdin meylini və marağını müəyyən edib valideynlə bölüşürük, amma evdəki nəzarət əsasdır. Valideyn övladından “Bu gün nə öyrəndin, nə etdin?” deyə soruşmalıdır. Valideyn maraqlanmasa, uşaq zərərli vərdişlərə meyil edə və ya pis mühitə düşə bilər.
Birinci sinifdə valideynlər böyük həvəslə, əllərində güllərlə gəlirlər. Amma ikinci, üçüncü sinfə keçəndə məktəbdən yavaş-yavaş uzaqlaşırlar. 11-ci sinfə çatanda isə bir həyəcan başlayır ki, artıq hazırlığa qoymaq lazımdır.
Mən repetitor sisteminin qəti əleyhinəyəm. Repetitor dərsləri uşaqların vaxtını alır, onları yorur. Səhər saat 7-də oyanıb gecə saat 1-2-yə qədər qaçhaqaç içində yaşayırlar. Normal insanın ən azı 8 saat yatması lazımdır, uşaqlar isə yuxusuz qalırlar.
– Bölgədə gənclərin ali təhsilə hazırlıq səviyyəsi və ümumi nailiyyətləri necədir? Regionlarda təhsil alan gənclərin ali məktəblərə hazırlıq səviyyəsi və uğurları sizi qane edirmi?
– Kənd məktəbi olmağımıza baxmayaraq, çox parlaq şagirdlərimiz var. Bu il ali məktəbə qəbul göstəricimiz 100 faiz oldu. Məzun olan 10 nəfərlik sinifdən balı nisbətən aşağı olan 3 şagirdimizi peşə məktəbinə yönəltdik, digərləri isə ali təhsil proqramlarına qəbul oldular. Məktəbimizin tarixində hərbçilər, hüquqşünaslar, iqtisadçılar, müəllimlər yetişib.
52 kiloqram çəki dərəcəsində boks üzrə Naxçıvan çempionu olan məzunumuz da var. İstedadlı şagirdləri düzgün istiqamətləndirmək lazımdır. Zəngəzur dəhlizi açılacaq, dəmir yolu xətləri inkişaf edəcək. Bu istiqamətdə lokomotivçilik, maşinistlik kimi peşələrə yönəltdiyimiz şagirdlər var. Qızlarımız arasında isə bərbərlik, aşpazlıq, şirniyyatçılıq kimi peşələrin diplomunu alanlar da var.
“Uğurlu idarəçi istedadlı insanları kəşf edib onlara imkan yaratmalıdır”
– Bəs gənc müəllimlərə və kollektivə dəstək baxımından nələr edirsiniz?
– Uğurlu idarəçi istedadlı insanları kəşf edib onlara imkan yaratmalıdır. Müqavilə ilə çalışan bir müəllimimiz var idi. Kənddə dərs saatı az idi, amma kifayət qədər potensialı olan müəllim idi. Biz belə müəllimləri itirə bilmərik. Dərs saatını artırıb həvəsləndirdik.
Mənim qapım hər kəsin üzünə açıqdır. Şagirdlərlə məktəbdə oturub riyaziyyat testləri həll edirik. “WhatsApp” xəttim açıqdır. Axşam saat 9-dan 11-ə qədər həll edə bilmədikləri sual olarsa, mənə göndərirlər, həll yollarını onlara göndərirəm. Amma eyni zamanda tələbkar insanam. Tədrisin keyfiyyəti ilə yanaşı, məktəbdə səliqə-sahmanın qorunub saxlanılması öncəliyimizdir.
– Sizcə, bu gün təhsil sistemində hansı məqamlarda köklü islahata ehtiyac var?
– Dərsliklərimiz yenilənib, çox yaxşı da hazırlanıb. Amma bir dərslik ən azı 5 il sabit qalmalıdır ki, şagird mövzunu mənimsəsin, müəllim proqrama alışsın, valideyn sistemi başa düşsün. Kitablar çox tez-tez dəyişdirilir. Baxırsan ki, kitabın yalnız üz qabığı dəyişib, içindəki mövzular eynidir. O halda niyə hər il yenidən çap olunmalıdır?!
Aşağı siniflərdə dərs yükünün azaldılması daha yaxşı olardı. Çünki uşaqların sağlamlığı hər şeydən əvvəl gəlməlidir. Bizə hər şeydən əvvəl ruhən və fiziki cəhətdən sağlam nəsil lazımdır. Mənim 60 yaşım var, 36 ildir təhsil sahəsindəyəm, 15 il metodik kabinetinin rəhbəri olmuşam. Təhsil sistemi uşaqlara əziyyət yox, sevinc mənbəyi olmalıdır. Finlandiya, Danimarka və ya İsveçrə modellərində olduğu kimi, uşaqların dərs yükü azaldılmalı, məktəb sevinc mərkəzinə çevrilməlidir.
“Uğurun 80 faizi şagirdin öz şəxsi əməyindən asılıdır”
– Son olaraq, bir ziyalı və təhsil işçisi kimi, yazılı müsahibəmizi oxuyan gənclərə və gələcəyin qurucuları olan şagirdlərinizə məsləhətiniz, ismarışınız nə olardı?
– Gənclərimizə bunu demək istəyirəm ki, hamınız məktəbi bitirdikdən sonra əsl böyük məktəbə, həyat məktəbinə qədəm qoyursunuz. Həyat məktəbi məktəblərin ən çətinidir. Orada hansı sinifdə olduğunu bilmirsən, növbəti imtahanın nə vaxt qarşına çıxacağını əvvəlcədən təxmin edə bilmirsən. Üstəlik, heç kimdən köçürə də bilməzsən. Çünki həyatda heç kimdə sənin imtahan vərəqinin, sənin taleyinin eynisi yoxdur. Hər kəsin sual kitabçası özünəməxsusdur.
Gənclər həyatda çətinliklərlə təkbaşına üzləşəcəklərini bilməli və təməllərini indidən möhkəm atmalıdırlar. Uğurun 80 faizi şagirdin öz şəxsi əməyindən asılıdır. Müəllim sadəcə yol göstərən rəhbərdir. Yolu getməli olan isə uşağın özüdür. Mən 4-cü və 5-ci sinifdən etibarən riyaziyyatı özüm, müstəqil şəkildə öyrənmişəm. 5-ci sinfin yay tətilində 6-cı sinfin bütün riyaziyyat məsələlərini həll edib bitirmişdim. Universitetdə də həmişə lövhə qarşısına çıxır, müəllimlərin qarşısında orijinal həll yolları tapırdım.
Gənclərimizin əxlaqi və mənəvi cəhətdən təmiz olması lazımdır. Çox sevdiyim bir dördlük var:
“İstəsən aynatək saf olsun ürək,
Oradan on şeyi atasan gərək:
Paxıllıq, düşmənlik, riya, qəzəb, tamah,
Kin, haram, təkəbbür, qeybət və kələk”.
İnsan səmimi və dürüst olmalıdır. Pislikləri bir kənara qoyub həmişə pozitiv düşüncə ilə irəliləməlidir. Vətənpərvər olmalıdırlar.
Gənclərimiz cəsur olsunlar, ağıllı risklər edə bilsinlər, hüquqlarını tələb etməyi bacarsınlar, amma vəzifələrini də unutmasınlar. Özünüinkişafı, çoxlu kitab oxumağı vərdişə çevirsinlər. Telefonun və süni intellektin hazır cavablarından kor-koranə asılı olmasınlar. Öz düşüncələrini, mühakimə qabiliyyətlərini və məntiqlərini işlətsinlər.




