Müəllim şagirdlərinə nümunə olduğunu daim xatırlamalıdır - Peşəkar pedaqoq

17 Dekabr, 2025 - 15:05
Müəllim şagirdlərinə nümunə olduğunu daim xatırlamalıdır

Müəllimlik bəşər tarixində ən mənalı və müqəddəs peşədir. Hamımızın həyatında unuda bilməyəcəyimiz və nümunə götürəcəyimiz müəllimlər var. Müəllimlərimiz həyatımızda öz silinməz izlərini qoyublar və onlardan ən unudulmayanı isə, məktəblə ilk ünsiyyətdə tanıdığımız ibtidai sinif müəllimimizdir.   

“Azərbaycan müəllimi” Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbinin rus bölməsində ömrünün çox hissəsini ibtidai sinif müəllimliyinə həsr etmiş 64 yaşlı Elmira Həsənova ilə müsahibəni təqdim edir.

– Neçə ildir müəllim olaraq fəaliyyət göstərirsiniz və hansı uğurlar əldə etmisiniz?

– Artıq 30 ildir ki, Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə müəllim işləyirəm. Bu illər ərzində minlərlə şagird yetişdirmişəm, onların bir çoxu müxtəlif ixtisas sahələri üzrə müvəffəqiyyət qazanıb. Dəfələrlə uğurlu fəaliyyətimə görə fəxri fərmanlara layiq görülmüşəm. Sertifikasiya imtahanında iştirak etmişəm və 57 bal toplayaraq yüksək nəticə göstərmişəm. Şagirdlərim respublika üzrə keçirilən bilik yarışlarında, olimpiadalarda və kreativ layihələrdə yüksək nəticələr əldə ediblər.

– Nədən məhz müəllim olmaq istədiniz? Sizi bu peşəyə gətirən səbəb nə oldu?

– Məktəb mühitinə bağlılığım və uşaqlara olan sevgim məni bu peşəyə gətirdi. Öz müəllimlərimdən aldığım motivasiya, eləcə də onların həyatımda buraxdığı iz məndə eyni təsiri yaratmaq arzusu doğurdu. Hələ parta arxasında oturarkən bu peşəyə heyran olmuşdum. Mənə elə gəlirdi ki, lövhədə dayanan müəllim dünyanın ən ağıllı, ən vacib və ən dəyərli insanıdır. Düşünürəm ki, müəllimlik sadəcə peşə deyil, həm də missiyadır. Bir pedaqoq, bir sinif rəhbəri kimi öz işimi, şagirdlərimi sevirəm. Çünki onlar bizim gələcəyimizdir - bu günün uşaqları sabahın gəncləridir. Mən özümü digər peşədə təsəvvür belə etmirəm. Müəllimlik mənim uşaqlıq arzum, çağırışımdır və mən bununla fəxr edirəm. Müəllim sözü qürurlu səslənir! Axı o, əl uzadır, zəkanı işıqlandırır, qəlbə toxunur. Bunun üçün taleyə təşəkkür edirəm.

– İbtidai sinif müəllimi digər fənn müəllimlərindən nə ilə fərqlənir?

- İbtidai sinif müəllimi uşaqların təfəkkürünün, davranışlarının və öyrənmə vərdişlərinin formalaşdığı ən həssas dövrdə onların yanında olur. Müəllimdə səbir, empatiya, müşahidə qabiliyyəti, ardıcıllıq, təmkin və yeniliklərə açıq olmaq xüsusiyyətləri mütləqdir. Biz uşaqlara təkcə bilik deyil, həm də dəyər, vərdiş və münasibət öyrədirik. Sinif müəllimi eyni zamanda psixoloq, motivator, bələdçi və bəzən də valideyn rolunu icra edir. Müəllim, xüsusilə ibtidai sinif müəllimi, şagirdlərinə nümunə olduğunu daim xatırlamalıdır, şagirdlərə örnək şəxsiyyət olmalıdır - davranışı, danışığı, mədəniyyəti ilə. Kiçikyaşlı uşaqlar müəllimlə daha yaxından ünsiyyətdə olduqları üçün onlar arasında əlaqə, yaxınlıq yuxarı siniflərdə oxuyan şagirdlərin fənn müəllimləri ilə olan əlaqəsindən daha çoxdur. Bu, onunla əlaqəlidir ki, yuxarı sinif şagirdlərinə bir neçə müəllim dərs keçirsə, I-IV sinif şagirdləri ilə, əsasən, sinif müəllimi məşğul olur və müəllim-şagird arasında doğmalıq yaranır. Elə buna görə də çox vaxt ibtidai sinif şagirdləri uzun müddət məktəbdə öz müəllimlərindən başqa heç bir müəllimi tanımaq istəmirlər. Siz görəsiniz, mənim və şagirdlərim üçün hər dəfə IV buraxılış sinfində ayrılmaq necə çətin olur, gözyaşlarımız bir-birinə qarışır. Yuxarı siniflərdə şagirdlərim məktəbə gələndə öncə mənim sinfimə daxil olur, mənimlə görüşüb, qucaqlaşıb daha sonra öz siniflərinə qalxırlar. Sevinclərini, problemlərini mənimlə bölüşür, məsləhətləşirlər. Və bu onlar məktəbi bitirənədək davam edir. Məzun olduqdan, hərbi xidməti başa vurduqdan sonra isə evimə gəlib mənimlə görüşürlər. Hesab edirəm ki, şagirdlərin qəlbində əbədi olaraq doğma insan kimi qalmaq müəllim peşəsinin ən yüksək nailiyyətidir. 

– Sizcə, uşaqları dərsə cəlb etməyin ən sübut olunmuş yolu nədir? 

– Dərslərimdə şagirdlərin yaş xüsusiyyətlərinə uyğun aktiv metodlardan istifadə edirəm: oyun texnologiyaları, qrupla iş, layihə işi, müzakirələr və yaradıcı tapşırıqlar. Uşağı dərsə cəlb etməyin ən sübut olunmuş yolu onu dərsin iştirakçısına çevirməkdir, nitqini dinləmək, fikrini soruşmaq, bacarığını nümayiş etdirməyə imkan yaratmaq. Uşaqların uğurlarını önə çəkmək kimi məqamlar da şagirdləri olduqca ruhlandırır. Əsas odur ki, dərs şagird üçün darıxdırıcı olmasın. 

– Rus bölməsində vətənpərvərlik mövzusu necə tədris olunur?

– Bilirsiniz, vətənpərvərlik hisslərinin formalaşdırılması hər yaş mərhələsində aktualdır. Lakin ibtidai siniflərdə şagirdlərin bu mövzuda tərbiyəsi uşaqların şəxsiyyət xüsusiyyətlərini, etibarlılığı, emosionallığı, həssaslığı nəzərə almalıdır. Mən hər zaman şagirdlərimə deyirəm ki, neçə dil bilməyinizdən asılı olmayaraq, ilk növbədə, dövlət dilini – doğma Azərbaycan dilini mükəmməl bilməlisiniz, vətəndaşı olduğumuz ölkənin dilini bilmək mütləqdir. Bildiyiniz kimi, bugünkü dərsliklər şagirdlərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri, Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması əsasında hazırlanıb. Məktəbimizdə oxuduğu bölmədən asılı olmayaraq elə bir şagird tapılmaz ki, ölkəmizin himnini əzbər bilməsin və oxumağı bacarmasın, bayrağının, gerbinin mahiyyətini, rənglərdə simvollaşan mənalarından xəbərsiz olsun. Biz şagirdlərimizlə dövlət bayramlarını, qan yaddaşımıza həkk olunan 20 Yanvar Ümumxalq Hüzn, 26 Fevral Xocalı Soyqırımı, anım günlərini xüsusi qeyd edirik. Şagirdlərim mövzuya uyğun olaraq Azərbaycan və rus dillərində şeirlər öyrənir, vətənpərvərlik mövzusunda mahnılar oxuyurlar, hətta çox maraqlı, kreativ kliplər hazırlayırlar. Siniflə birgə ssenarilər, təqdimatlar, plakatlar hazırlayırıq, rəsmlər çəkirik. Valideynlər də bu zaman böyük səy göstərir, əzmlə dəstək nümayiş etdirirlər. Tədbirlərimizə I və II Qarabağ müharibəsi iştirakçılarını, qazilərimizi dəvət edirik və onlar keçdikləri döyüş yolu haqqında şagirdlərimizə məlumat verir. Bütün bunlar şagirdlərdə Vətənə, torpağa bağlılıq hissi formalaşdırır. Düşünürəm, hər bir müəllimin əsas tərbiyəvi vəzifəsi şagirdlərə öz kökünə hörmət aşılamaqdır. 

– Valideynlərin övladlarını rus dilində oxutmaq arzusu nədən qaynaqlanır?

– Rus dilini daha geniş kommunikasiya imkanlarına sahib olmaq və gələcəkdə karyera imkanlarımızı genişləndirmək məqsədilə öyrənirik. Rus dili də ingilis dili kimi insanlara millətlərarası ünsiyyət vasitəsi olaraq xidmət göstərir, daha geniş auditoriyaya çıxışı təmin edir. İnsan nə qədər çox dil bilirsə, bir o qədər yaxşıdır, bu, onun üçün üstünlükdür. Belə bir deyim var: “Bir dil bilirsən – bir adamsan, iki dil bilirsən – iki”. Hətta sübut edilib ki, rus dilini bilmək istənilən xarici dili öyrənmək üçün geniş imkanlar açır.

– İşlədiyiniz mühitdə nələri yaxşılığa doğru dəyişmək istərdiniz? 

– Dərs vəsaitlərinin daha geniş şəkildə zənginləşdirilməsini istərdim. Həmçinin müəllimlərin yeni texnologiyalara uyğun təlimlərə daha tez-tez cəlb olunması yaxşı olardı. Bəzən müəllimlərin iş yükü həddindən artıq olur, buna daha balanslı yanaşılmasını arzulayıram. 

– Müəllim peşəsinin nüfuzunu və çətinliklərini nədə görürsünüz?

– Müəllim cəmiyyətin formalaşdırıcısıdır. Bu, böyük məsuliyyətdir. Müəllim əməyinin nəticəsində cəmiyyətdə savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir və onlar cəmiyyəti daha da inkişaf etdirir, onu mənən yetkinləşdirir. Peşənin nüfuzu onun yetişdirdiyi şagirdlərin uğuru ilə ölçülür. Müəllim cəmiyyət üçün dəyərli, bilikli, zəkаlı, tərbiyəli, vətənpərvər vətəndаş hаzırlаdığı üçün onun vəzifəsi şərəflidir. Müəllim dünyаdа yеgаnə şəхsiyyətdir ki, cəmiyyət öz gələcəyini – uşаqlаrının tərbiyəsini yаlnız оnа еtibаr еdir. Çətinlik isə odur ki, hər şagird fərqlidir və hər birinə fərdiləşmiş yanaşma tələb olunur. Bu isə həm böyük əziyyət, həm də böyük sevgidir.  Müəllimlər özlərindən əvvəl başqaları üçün yaşayırlar. Planlı işləməyi və yaşamağı bilməlidirlər. Evə iş gətirən və peşəsi həyat tərzinə çevrilən vəzifələrdən biridir müəllimlik.  Bütün bunlar böyük səbir, sədaqət və vaxt tələb edir. 

– Gələcək arzularınız, hədəfləriniz…

– Gələcəkdə ibtidai təhsil üzrə metodik vəsait yazmaq, təcrübəmi gənc müəllimlərlə paylaşmaq, yenilikçi layihələr həyata keçirmək istəyirəm. Ən böyük arzularımdan biri isə şagirdlərimin uğurlarını görmək və onların həyat yolunda öz əməyimin izini hiss etməkdir.