Müəllimlik arzusu onları uzaq şəhərlərdən Naxçıvana gətirib

23 Oktyabr, 2026 - 16:29
Müəllimlik arzusu onları uzaq şəhərlərdən Naxçıvana gətirib

Müəllim olmaq arzusu insanı doğma evindən, ailəsindən və alışdığı mühitdən uzaqlara apara bilər. Yeni şəhərdə, tanımadığı insanların arasında həyata yenidən başlamaq müəyyən çətinliklər yaratsa da, sevdiyi peşəyə qovuşmaq istəyən gənclər üçün bu, eyni zamanda yeni imkanlar deməkdir. Müəllimlərin işə qəbulu (MİQ) imtahanından uğur qazanaraq Naxçıvanda işləməyi seçən gənc pedaqoqlar İmamverdi Əlizadə və Sevda Kərimova da müəllimlik arzularının ardınca doğma mühitlərindən uzaqlaşıblar. Onlardan biri Göygöldən Culfa rayonunun Ərəfsə kəndinə, digəri isə Kürdəmir rayonundan Naxçıvan şəhərinə gələrək pedaqoji fəaliyyətə başlayıb.

"Azərbaycan müəllimi" gənc müəllimlərlə həmsöhbət olaraq, aldıqları qərar və müəllimlik peşəsi haqqında söhbətləşib. 

“Müəllim işləmək istəyimə görə tərəddüd etmədən bura gəlmək qərarı aldım”

Göygöl rayonunun Murovdağ qəsəbəsində anadan olan İmamverdi Əlizadənin coğrafiyaya marağı uşaqlıq illərindən başlayıb. Bu maraq onun gələcək peşə seçiminə də təsir göstərib. O Gəncə Dövlət Universitetində “Tarix və coğrafiya müəllimliyi” ixtisasına qəbul olunaraq ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Xidmətdən qayıdan kimi MİQ imtahanında iştirak edərək uğur qazanıb və vakansiya seçimi mərhələsinə qatılmaq hüququ əldə edib.

İlk dəfə müəllim kimi işləmək üçün seçim edən İmamverdi Culfa rayonunun Ərəfsə kənd məktəbinə üstünlük verib: “Kənd haqqında heç bir məlumatım, heç bir tanışlığım yox idi. Uzaq olmasına baxmayaraq, müəllim işləmək istəyimə görə tərəddüd etmədən bura gəlmək qərarı aldım”. 

İmamverdi üçün Ərəfsəyə gəliş həm ilk iş təcrübəsi, həm də müstəqil həyata atılan yeni addım olub. Hazırda kənddə kirayədə yaşayan müəllim ilk gündən yerli sakinlərin mehribanlığı və səmimiyyəti ilə qarşılaşdığını deyir. Ailəsi və yaxınları da onun bu qərarını dəstəkləyərək yeni təcrübə qazanacağına inanıblar.

Gənc pedaqoqu ən çox sevindirən məqamlardan biri isə şagirdlərin öyrənməyə marağıdır. Onun sözlərinə görə, uşaqların həm coğrafiyaya, həm də digər fənlərə həvəsi ilk dərslərdən müsbət təəssürat yaradıb: "Uzaq kənd məktəbində müəllimə ehtiyac olduğunu bilmək işimə daha məsuliyyətlə yanaşmağıma səbəb olur. Uşaqların sevgisini qazanaraq fənnimə olan maraqlarını və oxumaq istəklərini görmək mənə" yaxşı ki, buraya gəlmişəm" deməyə əsas verir". 

O, Ərəfsədə çalışmağı yalnız işə başlamaq kimi deyil, həm də şagirdlərin təhsilinə dəstək vermək imkanı kimi dəyərləndirir. Gənc müəllimin əsas məqsədi təcrübə qazanmaq, gələcəkdə uğurlu şagirdlər yetişdirmək və uşaqların biliklərinin artırılması üçün əlindən gələni etməkdir.

Yeni mühitdə yeni başlanğıc

Müəllimlik arzusu ilə doğma mühitindən uzaqlaşan digər gənc pedaqoq Sevda Kərimovadır. Rusiya Federasiyasında anadan olan, məktəbəqədər yaşınadək orada yaşayan Sevda təhsilinə Azərbaycanda davam edib. 2022-ci ildə Azərbaycan İdman Akademiyasına qəbul olunub və 2026-cı ildə ali təhsilini başa vurur. Məktəb illərindən idmana və uşaqlarla işləməyə maraq göstərən Sevda fiziki tərbiyə müəllimi olmaq qərarını da həmin dövrdə verib.

MİQ imtahanında uğurlu nəticə əldə etdikdən sonra vakansiya seçimində Naxçıvan şəhərini seçən gənc müəllim Ə.Sultanova adına 10 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayıb. Kürdəmir rayonundan Naxçıvana gəlmək qərarı ilk vaxtlarda müəyyən tərəddüdlər yaratsa da, peşəsinə olan sevgisi onu üstələyib: “Doğma mühitdən uzaqda işləmək asan qərar deyildi. Amma müəllimlik sevgim və özümü bu sahədə sınamaq istəyim tərəddüdümdən daha güclü oldu. Düşündüm ki, bəzən arzularımıza çatmaq üçün rahatlığımızdan bir qədər uzaqlaşmaq lazımdır”. 

Gənc pedaqoq deyir ki, fiziki tərbiyə müəllimi olmaq istəyi idmana olan marağından qaynaqlanır: “İdmana olan həvəsimi uşaqlarda da formalaşdırmaq və onların idmana başqa baxış bucağından yanaşmalarına kömək etmək üçün bu peşəni seçdim”. 

Naxçıvana ilk dəfə gələn Sevda buradakı yaşayış tərzinin əvvəl olduğu mühitdən fərqləndiyini deyir. Ancaq məktəbdə və şəhərdə qarşılaşdığı mehriban münasibət yeni mühitə alışmasını asanlaşdırıb:“İnsanlar məni çox gözəl qarşıladılar. Məktəbdəki müəllimlər çox yaxşı münasibət göstərdilər. Belə səmimi münasibət Naxçıvanı mənə doğma hiss etdirdi”.

Sevdanın şagirdlərlə ilk görüşü də xoş təəssüratlarla yadda qalıb. O, uşaqların müəllimə münasibətinin formalaşmasında pedaqoji yanaşmanın, psixoloji biliklərin və müəllimin şəxsi keyfiyyətlərinin mühüm rol oynadığını düşünür: “Uşaq beyni, düşüncəsi ağ kağız kimidir. Hər şey müəllimdən, ailədən və mühitdən asılıdır. Məncə, müəllimin pedaqoji təcrübəsi, psixoloji biliyi, müşahidə qabiliyyəti və liderlik bacarığı varsa, hər bir şagirdin qəlbinə yol tapa, onun sevgisini qazana bilər”.

Fiziki tərbiyə fənninin şagirdlər tərəfindən sevilməsi Sevda müəllimi daha da həvəsləndirir. Gənc müəllim üçün uşaqların sevgisini qazanmaq qədər onu qorumaq da vacibdir. O, Naxçıvanda çalışmağın gələcək fəaliyyəti üçün yeni təcrübə qazandıracağına inanır.

İmamverdi Əlizadə və Sevda Kərimova cəsarətli addım ataraq sevdikləri peşənin arxasınca Naxçıvana gəliblər.  Onları birləşdirən əsas amil müəllimlik sevgisi, şagirdlərin gələcəyinə töhfə vermək istəyidir.

Müəllimlik arzusu onları uzaq şəhərlərdən Naxçıvana gətirib