Naxçıvanda “Qərbi Azərbaycana Qayıdış” festival-konqresinə hazırlıq başlayıb
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Naxçıvanda “Qərbi Azərbaycana Qayıdış” III festival-konqresi keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bununla bağlı NDU-nun rektoru Elbrus İsayev brifinq keçirib.
Bildirilib ki, festival-konqresin əsas məqsədi Ermənistan Respublikasının inzibati sərhədləri daxilindəki qədim yurd yerlərimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə yaratdığı mədəniyyəti təbliğ etməklə yanaşı, Qərbi Azərbaycana sülh yolu ilə qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyini ifadə etməkdən ibarətdir.
Tədbir Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın tarixi hüquqlarının müdafiəsi, milli yaddaşın qorunması və tarixi ədalətin beynəlxalq səviyyədə təbliği istiqamətində həyata keçirilən fəaliyyətlərə töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, festival-konqresdə Naxçıvan Muxtar Respublikasının bütün rayonları, mədəniyyət müəssisələri və digər qurumlar təmsil olunacaqlar. Hazırda rayonlarda yaşayan, əslən Qərbi Azərbaycandan olan soydaşlarımız öz doğma yurd yerlərinin adət-ənənələri, mədəniyyəti, folklor nümunələri və kulinariyasını nümayiş etdirəcəklər. Festival-konqresdə Azərbaycan və Azərbyacandan kənarda bir sıra aparıcı universitetlərin rektorları, millət vəkilləri, akademiklər, incəsənət xadimləri, dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir.
Rektor əlavə edib ki, tədbirin birinci günündə Ordubad rayonunda geniş festival proqramı keçiriləcək. Festival proqramı çərçivəsində “Qərbi Azərbaycan kənd modelinin formalaşdırılması” mövzusunda təqdimat təşkil olunacaq. İştirakçılar VR gözlüklər vasitəsilə Qərbi Azərbaycanda yerləşən yaşayış məntəqələri, tarixi-mədəni abidələr və qədim yurd yerlərinə virtual səyahət edəcəklər. Eyni zamanda aşıqların iştirakı ilə Aşıq Məclisi təşkil olunacaq, Qərbi Azərbaycanın zəngin saz-söz ənənələri nümayiş etdiriləcək.
Milli-mədəni irs nümunələrinin geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə xalça, kulinariya, rəsm toxuculuq, flora, herbari və memarlıq üzrə sərgilər təşkil olunacaq.
Bununla yanaşı, Muxtar Respublikanın rayonlarında yaşayan və Qərbi Azərbaycandan köç etmiş soydaşlarımız tərəfindən Qərbi Azərbaycanın adət-ənənələrini özündə əks etdirən folklor nümunələri təqdim olunacaq, “Yallı” rəqsi və digər milli-mədəni kompozisiyalar nümayiş etdiriləcək.
Festival çərçivəsində Ordubadın qədim məhəllələrinə gəzinti təşkil olunacaq. Gəzinti zamanı iştirakçılar rayonun zəngin tarixi-mədəni irsini əks etdirən qədim küçələr, memarlıq nümunələri, yaşayış evləri və tarixi abidələrlə yaxından tanış olacaqlar. Eyni zamanda Ordubadın özünəməxsus şəhərsalma ənənələri, milli-mədəni xüsusiyyətləri və əsrlər boyu qorunub saxlanılan məhəllə mədəniyyəti barədə iştirakçılara ətraflı məlumat veriləcək”.
"Qərbi Azərbaycana qayıdış” festival-konqresi elmi və akademik platforma rolunu oynayacaq
Elbrus İsayev qeyd edib ki, festival-konqresin əsasnaməsi hazırlanıb, Elmi komitə, Təşkilat komitəsi formalaşdırılıb və rəsmi saytı yaradılıb. Festival-konqresdə əslən Qərbi Azərbaycandan olan vətəndaşlar, respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbələri, eyni zamanda Qərbi Azərbaycan İcmasının, Azərbaycanın, eləcə də qardaş Türkiyə Cümhuriyyətinin elm-təhsil müəssisələrinin heyətləri təmsil olunacaqlar.
“Qərbi Azərbaycana qayıdış” konqresi müddətində müxtəlif mövzularda mühazirələr və ustad dərslərinin, “dəyirmi masa”ların, film və kitab təqdimatlarının keçirilməsi planlaşdırılır. Festival çərçivəsində rəsmi elektron poçt üzərindən daxil olan məqalə və tezislər rəyçilərin yoxlanışından sonra məruzə və nəşr üçün qəbul ediləcək. Konqresdə iştirak yalnız üz-üzə təşkil olunacaq.
Qeyd edək ki, “Qərbi Azərbaycana qayıdış” elmi konfransı 8 istiqamət üzrə keçiriləcək. Bura Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar, Qərbi Azərbaycanın mədəni sərvətləri, Qərbi Azərbaycan ədəbiyyatı və folkloru, Qərbi Azərbaycanda elm və təhsil, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri, Qərbi Azərbaycanın təbiəti və təbii sərvətləri və rəqəmsal dünya və Qərbi Azərbaycan istiqamətləri daxildir.
Festival-konqres Qərbi Azərbaycanın tarixi həqiqətlərinin elmi əsaslarla araşdırılması, milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.



