Naxçıvanda təhsil müəssisələrinin ocaqçıları üçün təlimlərə start verilib

28 Noyabr, 2024 - 11:08

Naxçıvan Muxtar respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respubikanın ümumtəhsil müəssisələrinin ocaqçıları üçün təlimlərə başlanılıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi, Şərur və Ordubad peşə liseylərində təşkil olunan təlimlərin təşkilində məqsəd qazanxanalarda əməyin mühafizəsinin təşkili, qurğuların təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və texniki istismar qaydalarının tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi ilə bağlı ocaqçıların bilik və bacarıqlarını artırmaqdan ibarətdir.

Nəzəri və praktik hissələrdən ibarət olan təlimlərdə  peşə təhsil müəssisələrinin əməkdaşları ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Fövqaladə Hallar Nazirliyinin, Qaz İstismar Xidmətinin və İstilik Təsərrüfatı İdarəsinin yerli bölmələrinin mütəxəssisləri də iştirakçılara geniş məlumatlar verir, onları   maraqlandıran suallara aydınlıq gətirilir, müvafiq mövzularla bağlı müzakirələr aparılır.

On gün davam etdirilməsi nəzərdə tutulan təlimlərə təhsil müəssisələrində fəaliyyət göstərən  500-dən artıq  ocaqçının  cəlb olunması nəzərdə tutulur.