Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2024-cü ilin təhsil yekunlarına dair tədbir keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, millət vəkili Pərvin Kərimzadə və digər rəsmi şəxslər, təhsil işçiləri iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təhsilin inkişafının daim diqqətdə saxlanıldığını, şəhərdəki bir çox məktəblərin müasir tələblər səviyyəsində yenidən qurulduğunu bildirib. O qeyd edib ki, görülən bütün bu işlər şagirdlərin yaxşı təhsil almaları, savadlı insan olaraq yetişmələri üçündür və bu işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür.
Daha sonra M.Füzuli adına 22 nömrəli tam orta məktəbin şagirdlərinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri çıxış ediblər.
Tədbirin davamında təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı” və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə tətif edilmiş təhsil işçilərinə təltifləri təqdim edilib.
Bununla yanaşı, 2024-cü ildə səmərəli fəaliyyəti ilə fərqlənən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin bir qrup əməkdaşı, Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində, Respublika fənn olimpiadalarında və fənn müsabiqələrində, Lütfi-Zadə adına riyaziyyat-məntiq olimpiadasında, “STEAM Azərbaycan” festivalında müxtəlif yerlərə layiq görülən şagirdlərin qazandıqları uğurlarda böyük zəhməti olan müəllimlər, 4-cü sinif üzrə aparılmış monitorinqlərində şagirdləri ən yüksək nəticə göstərən ibtidai sinif müəllimləri, ölkəmizi beynəlxalq yarışlarda təmsil edən və müxtəlif idman növləri üzrə qalib olan şagirdlərin məşqçi-müəllimləri təltif ediliblər.
Tədbirin yekununda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxış edərək, 2024-cü ildə təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışıb. O, təltif olunan müəllimləri və digər təhsil işçilərini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)